news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 22 sentyabr 2016

Nazir müavini Xələf Xələfov Avstriyanın Federal Avropa, inteqrasiya və xarici işlər nazirinin müavini Mixael Linhartın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

21 sentyabr 2016-cı il tarixdə Xarici işlər nazirinin müavini Xələf Xələfov Avstriyanın Federal Avropa, inteqrasiya və xarici işlər nazirinin müavini Mixael Linhartın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə nazir müavini Xələf Xələfov Azərbaycan-Avstriya münasibətlərinin müsbət dinamikaya malik olduğunu diqqətə çatdıraraq, iki ölkə arasında siyasi dialoqun intensiv xarakter daşıdığını vurğuladı. Avstriya nümayəndə heyətinin səfərinin ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu qeyd edən Xələf Xələfov əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkan olduğunu bildirdi. Ticari-iqtisadi, mədəniyyət, humanitar və digər sahələrdə əlaqələrin inkişaf tempindən məmnunluq ifadə edən nazir müavini Avstriyada Azərbaycan mədəniyyət mərkəzinin fəaliyyətinin əhəmiyyətini vurğuladı. Beynəlxalq təşkilatlar çərçivəsində, həmçinin beynəlxalq terrorizmə qarşı mübarizədə iki ölkənin yaxından əməkdaşlıq etdiyini bildirdi. Hər iki ölkədə məskunlaşmış Azərbaycan və Avstriya diasporunun fəaliyyətinə toxunan nazir müavini diasporların ikitərəfli əlaqələrin inkişafında rolunun gələcəkdə daha da artacağına əminliyini ifadə etdi.

Müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, habelə gündəlikdə duran məsələlərin nəzərdən keçirilməsi baxımından Azərbaycan-Avstriya Hökumətlərarası Komissiyasının əhəmiyyətini qeyd edən Xələf Xələfov, Azərbaycan-Avstriya Ticarət Palatasının fəaliyyətinin gücləndirilməsinin vacibliyini vurğuladı. Həmçinin, nazir müavini ölkəmizdə həyata keçirilən investisiya layihələrində Avstriya şirkətlərinin iştirakında Azərbaycanın maraqlı olduğunu qeyd etdi. Xələf Xələfov Azərbaycan və Aİ arasında viza prosedurlarının sadələşdirilməsinin vacibliyinə toxunaraq, bunun iki ölkə arasında turizm sahəsində əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini ifadə etdi.

Son illər Azərbaycanın yaxından iştirakı ilə regionda həyata keçirilən irimiqyaslı enerji, nəqliyyat layihələrindən söz açan Xələf Xələfov enerji, nəqliyyat, infrastruktur, kənd təsərrüfatı, alternativ enerji, turizm sahələrinin, habelə regionların inkişafı kimi məqsədlərin Hökumət proqramlarında öz əksini tapdığını diqqətə çatdıraraq, bu istiqamətdə işlərin davam etdirildiyini qeyd etdi.

Nazir müavini Xələf Xələfov xüsusi olaraq Ermənistan-Azərbaycan münaqişəsinə diqqət cəkərək, bu münaqişənin region üçün ciddi təhlükə mənbəyi olduğunu, eləcə də regionun inkişafına maneələr yaratdığını bildirdi, münaqişənin həllinin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında mümkün olduğunu vurğuladı. ATƏT-in, bu sahədə fəaliyyətinin ürəkaçan olmadığını deyən Xələf Xələfov münaqişənin həlli istiqamətində qəti mövqe nümayiş etdirilməsinin zəruriliyini qeyd etdi.

Avstriya nümayəndə heyətinin rəhbəri Mixael Linhart Azərbaycanın regionda Avstriya üçün mühüm əhəmiyyətə malik, ən böyük iqtisadi tərəfdaşı olduğunu bildirərək, iki ölkənin infrastruktur, kənd təsərrüfatı, dəmir yolu və digər sahələr üzrə birgə layihələr çərçivəsində əməkdaşlıq etdiyini vurğuladı. Mədəniyyət, elm və təhsil sahəsində əməkdaşlıqdan danışan M.Linhart iki ölkənin universitetləri arasında tələbə mübadiləsi proqramlarının həyata keçirildiyini diqqətə çatdırdı.

M.Linhart ikitərəfli siyasi əlaqələrin inkişafından danışaraq, ATƏT-ə növbəti sədrlik edəcək ölkə kimi radikalizm və beynəlxalq terrorizmə qarşı mübarizədə ölkəsinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu dedi. Sədrlik dövründə Avstriyanın həll olunmamış münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində ciddi irəliləyişə nail olunması üçün səylərini əsirgəməyəcəyini vurğuladı.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti