news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 yanvar 2015

Nazir Elmar Məmmədyarov Slovakiya Respublikasına rəsmi səfəri çərçivəsində Slovakiya Respublikası Baş Nazirinin müavini, Xarici və Avropa İşləri Naziri ilə görüşüb

Nazir Elmar Məmmədyarov Slovakiya Respublikasına rəsmi səfəri çərçivəsində Slovakiya Respublikası Baş Nazirinin müavini, Xarici və Avropa İşləri Naziri cənab Miroslav Layçak ilə görüşüb.

Miroslav Layçak iki dost ölkə arasında münasibətlərin intensiv və praqmatik xətt üzrə inkişaf etdiyini qeyd edərək, iqtisadiyyat, enerji, kənd-təsərrüfatı və turizm sahəsində əməkdaşlığın inkişafı üçün əlverişli imkanların olduğunu vurğuladı.

Nazir Elmar Məmmədyarov ölkələrimiz arasında əlaqələrin inkişaf səviyyəsinin məmnunluq doğurduğunu diqqətə çatdırdı. O əlavə etdi ki, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsinə, xüsusilə investisiyaların qarşılıqlı qorunması və ikiqat vergitutmanın aradan qaldırılması üzrə sazişlərin imzalanmasına ehtiyac vardır.   
 
Slovakiyanın enerji tranzitində əlverişli mövqeyə malik olduğunu deyən Nazir Elmar Məmmədyarov bu sahədə iki ölkə arasında əməkdaşlıq üçün geniş imkanların olduğunu dedi.
 
Miroslav Layçak Nazir Elmar Məmmədyarovu bu ilin may ayında Bratislavada keçiriləcək Vişeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin birgə iclasında iştirak etməyə dəvət etdi. 
 
Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verən Nazir Elmar Məmmədyarov bildirdi ki, münaqişənin həlli üçün ilk növbədə Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır.
 
Miroslav Layçak regionun sabitliyi və regiondakı münaqişələrin sülh yolu ilə həllinə dəstəklərini ifadə edərək, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın ərazi bütövlüyünə hörmət etdiklərini və Minsk qrupu formatı çərçivəsində münaqişənin həllini dəstəklədiklərini bildirdi.
 
Görüş əsnasında iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq qeyd olundu və qarşılıqlı şəkildə diplomatik təmsilçiliklərin təsis olunmasına razılıq ifadə olundu.
 
Görüşdən sonra hər iki nazir tərəfindən birgə mətbuat konfransı keçirildi.  
 
 
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti