Nazir Elmar Məmmədyarov Böyük Britaniyanın yeni səfiri xanım Karol Kroftsu qəbul edib
Nazir Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri xanım Karol Kroftsu qəbul etdi.
Nazir Elmar Məmmədyarov Səfir Karol Kroftsu Azərbaycana səfir təyin olunması münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı. Səfir etimadnaməsinin surətini Nazir Elmar Məmmədyarova təqdim etdi.
Səfir Karol Krofts iki ölkə arasında əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini dedi.
Görüşdə Azərbaycan və Böyük Britaniya arasında ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə olundu. Enerji sahəsində əməkdaşlığın vacibliyi deyən tərəflər Azərbaycan ilə BP şirkətinin uzunmüddətli və etibarlı tərəfdaşlığının nümunəvi xarakter daşıdğını vurğudılar. Hökumətlərarası birgə komissiyanın fəaliyyətinin və yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivliyinin artırılmasının əlaqələrin inkişafında mühüm rol oynadığı bildirildi.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verərək Vyana görüşünün mərhələli əsasda hərtərəfli və substantiv proses üçün əlverişli imkanlar yaratdığını bildirdi. O, Ermənistanın təhriki və təxtibatı ilə aprelin əvvəllərində baş vermiş gərginliyin mövcud status kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu bir daha sübut etdiyini diqqətə çatdırdı. Nazir status kvonun dəyişdirilməsi və münaqişənin həllində inkişafa nail olmaq üçün işğal faktına son qoyulmalı və Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğuladı.