İslam Konfransı Təşkilatının Xarici İşlər nazirləri Şurasının 37-ci sessiyasında Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun çıxışı
İslam Konfransı Təşkilatının Xarici İşlər nazirləri Şurasının 37-ci sessiyasında Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun çıxışı
Düşənbə, 19 may 2010-cu il
Hörmətli cənab Sədr,
Hörmətli cənab Baş katib,
Xanımlar və cənablar,
Mən heyrətamiz Düşənbə şəhərində İKT Xarici İşlər nazirlərinin 37-ci iclasına ev sahibliyi etdiyi üçün Tacikistan Respublikasının Hökumətinə səmimi təşəkkürümü bildirməkdən məmnunam. Mən bu vacib hadisənin mükəmməl təşkilinə və isti qonaqpərvərliyinə görə qardaş tacik xalqına və zati-aliləri prezident İmaməli Rahmona təşəkkür etmək istərdim. Mən Xarici İşlər nazirləri Şurasının sədrliyini qəbul etdiyinizə görə sizi təbrik etməkdən şərəf duyuram və əminəm ki, sizin sədrliyiniz ərəfəsində biz qarşıya qoyulmuş məqsədlərə nail olacağıq.
Eyni zamanda, mən sədrliyi dövrü ərzində edilmiş gözəl iş və təşkilatın səriştəli idarə edilməsinə görə sədrliyini təhvil verən Suriya rəhbərliyinə öz ehtiramımı bildirmək istərdim.
Mən həmçinin peşəkarlığına və sadiqliyinə görə İKT-nin Baş katibi Prof. Ekmələddin İhsanoğluna və onun komandasına da təşəkkürümü bildirirəm.
Hörmətli həmkarlar,
Xarici İşlər nazirlərinin 36-cı sessiyasından sonrakı müddətdə Azərbaycan İKT-nin üzv dövlətləri ilə münasibət və əməkdaşlığını daha da möhkəmləndirib. Azərbaycan İKT-nin Onillik Fəaliyyət Proqramının yerinə yetirilməsinə xüsusi diqqət yetirir.
Bu xüsusda, mənə verilmiş imkandan istifadə edərək hörmətli dinləyicilərə bildirmək istərdim ki, 20 aprel tarixində Azərbaycan parlamenti İKT-nin Nizamnaməsini ratifikasiya etmişdir və müvafiq ratifikasiya sənədi 8 may tarixində İKT Baş Katibliyinə göndərilmişdir.
Yaxın keçmişdə ölkəm Hüquq-mühafizə orqanlarının rəhbərlərinin 1-ci İslam Konfransı, İKT Mədəniyyət nazirlərinin 6-cı iclası, İKT-nin yaradılmasının 40 illiyinə həsr olunmuş İKT-nin Baş Katibliyi ilə birlikdə təşkil olunmuş sivilizasiyalararası dialoq konfransı kimi bir sıra mühüm İKT tədbirlərinə ev sahibliyi edib. Bu yaxınlarda 26-27 aprel tarixlərində Bakı yer kürəsinin 35 ölkəsindən 250 nümayəndənin bir araya gəldiyi dünyanın dini liderlərinin sammitinə ev sahibliyi etmişdir.
Həmçinin qeyd etmək istərdim ki, Azərbaycanın paytaxtı Bakı, 2009-cu il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmuşdur. Bu müddət ərzində müxtəlif konsertlər, incəsənət sərgiləri, musiqi festivalları da daxil olmaqla, bir sıra mədəni tədbirlər Bakıda və Azərbaycanın digər şəhərlərində keçirilərək çoxsaylı İKT üzv ölkələrindən nümayəndələri bir araya gətirmişdir.
Qeyd olunasıdır ki, bu yaxınlarda Bakıda İslam Konfransı Təşkilatının Dialoq və Əməkdaşlıq uğrunda Gənclər Forumunun regional ofisinin təntənəli açılışı olmuşdur. Biz əminik ki, bu forumun işi müsəlman icması üçün mühüm əhəmiyyət kəsb edən gənc nəslin mənəvi dəyərlərinin möhkəmlənməsinə, mədəniyyətlər və sivilizasiyalararası dialoqun inkişafına öz töhfəsini verəcəkdir.
Dəməşqdə keçirilən nazirlərin görüşündən ötən müddətdə Azərbaycan, İKT və BMT çərçivəsində bir sıra İKT ölkələrinə humanitar yardım proqramlarında iştirak etmiş və bu sahədə işlərimizi davam etdirəcəyik.
İyun ayında Azərbaycan İKT orqanlarının “İKT daxilində ticarətin inkişafına yardım üçün yol xəritəsi” və İslam İnkişaf Bankının sahibkarlar palatasının 35-ci iclaslarına ev sahibliyi edəcəkdir.
Hörmətli həmkarlar,
Mən bir daha İslam İcmasına və İKT-nin Baş katibinə davam edən Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın ədalətli mövqeyinə və Ermənistanın təcavüzünün nəticələrinin aradan qaldırılmasında verdikləri mühüm dəstəyə görə Azərbaycanın dərin təşəkkürünü çatdırmaq istərdim. Bu təcavüz nəticəsində demək olar ki Azərbaycan ərazisinin 20%-i Ermənistanın işğalı altındadır, 1 milyona yaxın azərbaycanlı öz doğma torpaqlarında etnik təmizləməyə məruz qalıb və İslam irsi də daxil olmaqla, Azərbaycanın minlərlə tarixi və mədəni abidələri dağıdılmış və qarət edilmişdir. Ərazi bütövlüyü, suverenlik, BMT üzv dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmamazlığına hörmət da daxil olmaqla, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmış İKT-nin mühüm qərarları və İKT-nin üzv dövlətlərinin dəstəyi, beynəlxalq ictimaiyyətin və ələxsus BMT Baş Assambleyasının Azərbaycan torpaqlarının işğalı məsələsinə münasibətdə effektiv vasitə olmuşdur.
Əziz həmkarlar,
İKT-nin üzv dövlətlərindən bir neçəsində hazırkı vəziyyət çox narahatedicidir. Biz Fələstindəki vəziyyətlə bağlı narahat olaraq qalırıq. Azərbaycanın qardaş Fələstin xalqını və onların sülh, sabitlik, azad və suveren Fələstin dövləti yaratmaq cəhdlərini dəstəklədiyini bir daha nəzərinizə çatdırmaq istərdim. Biz Fələstində xalqın ehtiyac duyduğu yardımla təmin edilməsi istiqamətində təşkilatımızın cəmləşdirilməsi üçün Baş Katibliyin gördüyü işi yüksək qiymətləndiririk.
İşğal olunmuş Qollan yüksəkliklərində insanların çəkdiyi əziyyətlərdən dərin narahatçılıq keçirərək, Suriyanın zəbt edilmiş torpaqları üzərində özünün tam suverenliyini bərpa etmək cəhdlərini və regionda davamlı və hərtərəfli sülhün saxlanılmasına sadiq olmasını dəstəklədiyimizi bildirmək istərdim.
Mən Kəşmir mübahisəsinin həlli istiqamətində göstərilən təşəbbüsləri dəstəklədiyimizi və kiprli türklərin ədalətsiz təcrid olunmalarının davam etməsi ilə bağlı narahatlığımızı bildirmək istərdim.
Azərbaycan prinsipial olaraq Əfqanıstan, İraq, Somali, Sudan hökumətlərin və digər İKT-yə üzv dövlətlərin bu ölkələrdə sülhün və sabitliyin bərpa etmək cəhdlərini dəstəkləyir və İslam dünyasındakı münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə öz töhfəsini vermək səylərini edir.
Həmçinin uranın zənginləşdirilməsi məsələsində razılığa gəlmiş Türkiyə, İran və Braziliyaya ünvanlanmış təbriklərə də qoşuluram.
Hörmətli həmkarlar,
Dünyanın bəzi yerlərində İslamın düzgün başa düşülməməsi ilə əlaqədar yaranmış hazırkı vəziyyət bizim islama qarşı yaranmış mənfi yanaşmaya müqavimət sahəsində birgə addımlarımızın gücləndirilməsi zəruriliyini təsdiqləyir. İslam və onun dəyərlərinin düzgün imicini qeyri-İslam dünyasına təqdim etmək cəhdləri müvafiq İKT qurumları vasitəsilə həyata keçirilməlidir və müxtəlif ölkələr və beynəlxalq təşkilatlarla aktiv dialoq qurulasıdır.
Hörmətli həmkarlar,
Öz tarixi, mədəniyyəti və mənəvi dəyərləri ilə İslam sivilizasiyasının ayrılmaz hissəsi olan Azərbaycan keçmiş Sovet müsəlman ölkələri arasında ilk olaraq 1991-ci ildə İKT-yə üzvlük üçün müraciət etmişdir. Azərbaycanla İKT arasında geniş əməkdaşlığın inkişaf etdirilməsi ölkəmin xarici siyasətindəki prioritetlərdən biridir və mühüm strateji əhəmiyyət kəsb edir.
Bildiyiniz kimi, keçən il Azərbaycan 13-cü İslam Konfransı Sammitinin 2014-cü ildə Bakıda keçirilməsini rəsmi şəkildə təklif etmişdir. Azərbaycanın, Xarici İşlər nazirlərinin Şurası və nazirlər səviyyəsində bir sıra digər görüşlər də daxil olmaqla İKT-nin çoxsaylı tədbirlərinə müvəffəqiyyətlə ev sahibliyi etməsini, bununla yanaşı bizim təşkilatın məqsəd və vəzifələrinə tərəfdarlılığmızı nəzərə alaraq, mən bu gün Azərbaycan xalqı tərəfindən də yüksək qiymətləndiriləcək qardaş müsəlman ölkələrindən bu məsələdə dəyərli və xoş dəstək istəyirəm.
Azərbaycan inanır ki, onun İslam Konfransı Təşkilatın məqsəd və vəzifələrinə tərəfdar olması, təşkilatın tədbirlərində fəal iştirakı və İslam İcması üçün həlledici məsələlərdə prinsipial mövqe tutması, 13-cü İslam Konfransı Sammitinə ev sahibliyi etmək şərəfinin ona verilməsinə imkan yaradacaq.
Hörmətli həmkarlar,
Çıxışımın sonunda bir daha Tacikistana qarşıdan gələn sədrlik dövründə müvəffəqiyyətlər arzulayır və onun səylərini dəstəklədiyimizi bildirirəm.
Təşəkkür edirəm.