Nazir Ceyhun Bayramovun İndoneziya Respublikasının İndoneziya Nümayəndələr Palatası Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Fadli Zon ilə görüşünə dair mətbuat məlumatı

23 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İndoneziya Respublikasının İndoneziya Nümayəndələr Palatası Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Fadli Zon arasında görüş keçirilib.

 

Görüşdə tərəflər parlamentlərarası əlaqələrin daha da genişləndirilməsinin vacibliyini, o cümlədən parlament diplomatiyasının əhəmiyyətini və xüsusən də parlamentlərarası dostluq qruplarının fəaliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

 

Nazir qarşı tərəfi 14 fevral 2024-cü ildə İndoneziyada demokratik şəraitdə keçirilən son ümumi seçkilər və prezident seçkilərində Fadli Zonun təmsil etdiyi partiyanın qələbəsi münasibətilə təbrik edib.

 

Nazir həmçinin Azərbaycan Respublikası ilə İndoneziya Respublikası arasında əlaqələrin bütün sahələrdə, o cümlədən iqtisadiyyat, nəqliyyat, turizm sahələrində inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

 

Görüş zamanı nazir Ceyhun Bayramov İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan həqiqətlərinin İndoneziya xalqına və dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi dəstəyə, İndoneziyanın üzv olduğu bir sıra təşkilatlarda ölkəmizin mövqeyini müdafiə etdiyinə, o cümlədən ilk dəfə olaraq Azərbaycanın Asiya Parlament Assambleyasına (APA) sədrliyini təklif etdiyinə görə Fadli Zona təşəkkürünü bildirib.

 

Nazir Ceyhun Bayramov iki ölkə arasında BMT, Qoşulmama Hərəkatı, İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edərək, Azərbaycan ilə İndoneziya arasında ASEAN çərçivəsində sıx əməkdaşlığın vacibliyini vurğulayıb.

 

Nazir qarşı tərəfi Azərbaycan və Ermənistan arasında müharibədən sonrakı dövrdə mövcud vəziyyət, işğaldan azad edilmiş ərazilərdə mina təhdidi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa və quruculuq işləri barədə məlumatlandırıb.

 

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti