Fransaya işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Yelisey Sarayında Fransa Prezidentinin diplomatik müşaviri Jak Odiber ilə görüşüb
Fransa prezidenti Fransua Olandın Azərbaycana səfərindən bir neçə gün sonra baş tutmuş bu görüş zamanı həmsöhbətlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli və Fransanın bü kontekstdə son təşəbbüsü və həmçinin, Fransa-Azərbaycan ikitərəfli əlaqələrinin indiki durumu və gələcək perspektivlərinə dair geniş fikir mübadiləsi apardılar.
Fransa tərəfi bir daha Azərbaycanla münasibətlərə böyük önəm verdiyini bildirərək, ATƏT-in Minsk Qrupu çərçivəsində davam etdirilən danışıqlar prosesinə və özünün vasitəçilik roluna sadiq qaldığını və Prezident Fransua Oland tərəfindən bu məsələyə bundan sonra da mühüm əhəmiyyət veriləcəyini təsdiqlədi.
Nazir Elmar Məmmədyarov Fransa rəhbərliyinin bu kontekstdə fəallığını yüksək qiymətləndirərək, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işqal olunmuş torpaqlarında mövcudluğunu sülh prosesini əngəlləyən əsas problem olduğunu və ümumiyyətlə, Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli və davamlı həllinin dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyinin qorunması prinsipləri əsasında mümkün olduğunu bir daha vurğuladı.