news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 19 iyul 2016

Xarici işlər naziri Elmar Məmmədyarov Çinin Azərbaycana yeni təyin olunmuş səfiri Vey Jinxuanı qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Çin Xalq Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Vey Jinxuanı qəbul edib.

Nazir Elmar Məmmədyarov səfir Vey Jinxuanı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı. Səfir etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi. Vey Jinxua iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini dedi.

Görüşdə 2015-ci ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çinə səfəri, keçirdiyi görüşlər və səfər zamanı imzalanmış sənədlərin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığı vurğulandı. Qarşılıqlı etimad əsasında ölkələrimiz arasında davamlı surətdə inkişaf edən siyasi dialoqun ruhuna uyğun olaraq, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinin vacibliyi qeyd olundu. Tezliklə fəaliyyətə başlaması nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmir-yol xəttinin Çinin təşəbbüskarı olduğu İpək Yolu İqtisadi Kəməri layihəsinin həyata keçirilməsinə əsaslı töhfə vermək iqtidarında olduğu bildirildi.

Nazir Elmar Məmmədyarov beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Çinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini diqqətə çatdırdı. Səfir dövlətlərin ərazi bütövlüyünün dəstəklənməsinin ölkəsinin dəyişməz və prinsipial mövqeyi olduğunu bildirdi.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti