news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 19 mart 2015

Xarici işlər naziri Elmar Məmmədyarov Sudan Respublikasının xarici işlər nazirini qəbul edib

 
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Respublikasında rəsmi səfərdə olan Sudan Respublikasının xarici işlər naziri Əli Əhmed Kartinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 
 
Görüş zamanı tərəflər iki ölkə arasında siyasi dialoqun inkişafından məmnunluq ifadə etdilər. Azərbaycan ilə Sudanın müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurlu əməkdaşlıq etdiyi, həmçinin BMT gündəliyində olan məsələlərə münasibətdə iki ölkə arasında  mövqe yaxınlığının olması xüsusilə qeyd edildi. 
 
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən  Elmar Məmmədyarov münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmasının vacibliyini vurğuladı və münaqişə ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin Sudan tərəfindən dəstəklənməsinə görə sudanlı nazirə təşəkkürünü bildirdi.
 
Əli Əhməd Karti Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü çərçivəsində Afrikada cərəyan edən hadisələrə münasibətdə, o cümlədən Sudan məsələsində nümayiş etdirdiyi dəstəyin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırdı. 
 
Görüş zamanı həmçinin iqtisadi, təhsil, enerji, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlıq imkanları müzakirə edildi. İkitərəfli müqavilə-hüquq bazasının inkişaf etdirilməsi, xüsusilə ikiqat vergitutmanın aradan qaldırılması və sərmayələrin təşviqi barəsində sazişlərin imzalanması razılaşdırıldı. 
 
Görüşdən sonra tərəflər "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Sudan Respublikasının Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol" imzaladılar. 
 
Görüşdən sonra nazirlər tərəfindən birgə mətbuat konfransı keçirildi.
 
  
 
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti