Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Elmar Məmmədyarov Azərbaycan rəsmilərinin ilk rəsmi səfərlərini Ankaraya, Türkiyə rəsmilərinin isə Bakıya etməsinin xoş bir ənənə olduğunu diqqətə çatdırdı. Nazir iki qardaş ölkə arasında əlaqələrin yüksək səviyyədə inkişaf etməsinin və bütün sahələrdə nümunəvi tərəfdaşlıq münasibətlərinin mövcudluğunun məmnunluq doğurduğunu qeyd etdi. Strateji səviyyədə inkişaf edən tərəfdaşlığın bariz nümunəsi kimi Azərbaycan və Türkiyənin qlobal əhəmiyyətə malik enerji və nəqliyyat layihələrinin həyata keçirilməsinə imza atdıqlarını deyən Elmar Məmmədyarov tezliklə fəaliyyətə başlayacaq Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin bu sıradan növbəti uğurlu təşəbbüslərdən biri olduğunu dedi.
Nazir 1 noyabr tarixində keçirilmiş parlament seçkiləri ilə əlaqədar qardaş Türkiyə xalqına ən səmimi təbriklərini ifadə etdi.
Cənubi Qafqaz regionundakı vəziyyətə toxunaraq, Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin rəsmi Yerevanın işğalçı və qeyri-konstruktiv mövqeyinə görə həll edilmədiyini və bunun regionda sülh və təhlükəsizlik üçün başlıca maneə olduğunu nəzərə çatdırdı. Münaqişənin həll edilməsi üçün ilk növbədə Ermənistanın işğalçı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu dedi. O, ATƏT-in Minsk Qrupunun həmsədrləri adından Rusiyanın münaqişənin həlli ilə əlaqədar təklifləri Ermənistana təqdim etdiyini söylədi.
Mevlut Çavuşoğlu xarici işlər naziri statusunda ilk rəsmi səfərini qardaş Azərbaycana etməsindən məmnunluğunu bildirdi. 16 noyabr tarixində Antalyada keçirilmiş G-20 toplantısında Azərbaycanın iştirakı və aparılan müzakirələrə töhfəsinin Türkiyə tərəfindən yüksək qiymətləndirildiyini bildirdi.
Ermənistan-Azərbaycan münaqişəsi və digər məsələlərdə Türkiyənin daim Azərbaycanın yanında olduğunu qeyd etdi.
Mevlüt Çavuşoğlu 1 noyabr tarixində keçirilmiş uğurlu parlament seçkiləri münasibətilə Azərbaycan xalqını təbrik etdi.
Üçtərəfli əsasda Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Türkmənistan-Türkiyə və Azərbaycan-İran-Türkiyə formatının regional əməkdaşlığın inkişafında mühüm rol oynadığını nəzərə çatdırdı.
Terrorizmə qarşı mübarizənin bütün dünya üçün bəla olduğunu deyən Mevlüt Çavuşoğlu bu sahədə ikitərəfli təmasların daha da artırılmasının vacibliyini dedi.
Regionun nəqliyyat infrastrukturunun inkişafında mühüm rola malik olan BTQ dəmir yolu xəttinin tezliklə fəaliyyətə başlayacağına əminliyini ifadə etdi.
Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.