news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 19 sentyabr 2015

Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya məsələləri üzrə köməkçisinin müavini xanım Evelin Farkasın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi

Evelin Farkas Azərbaycan ilə ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğuladı. O, ABŞ-ın terrorizmə qarşı mübarizə, enerji təhlükəsizliyi və sülhməramlı əməliyyatlar üzrə strateji maraqlarının Azərbaycanın maraqları ilə üst-üstə düşdüyünü və qeyd olunan sahələrdə iki ölkənin əməkdaşlığının təqdirəlayiq olduğunu bildirdi. Əfqanıstan əməliyyatının həyata keçirilməsi üçün Azərbaycanın yaratdığı tranzit imkanlarının və hava məkanından istifadənin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini deyən Evelin Farkas bu töhfələrə görə Azərbaycana təşəkkürünü ifadə etdi.

Elmar Məmmədyarov terrorizmə qarşı mübarizədə Azərbaycanın beynəlxalq ictimaiyyətin səylərini yaxından dəstəklədiyini nəzərə çatdırdı. Azərbaycanın ikitərəfli və çoxtərəfli əsasda Əfqanıstanda sülh və sabitliyin bərqərar olmasına yardım etdiyini və ölkəmizin sülhməramlı qüvvələrinin Əfqanıstanda uğurla xidmət etdiklərini nəzərə çatdırdı.

Azərbaycan ilə ABŞ arasında əlaqələrə toxunan nazir Elmar Məmmədyarov ABŞ-da bəzi dairələr tərəfindən Azərbaycana aid məsələləri ictimai müzakirə obyektinə çevirməsinin və Azərbaycana qarşı fəaliyyətlərinin iki ölkə arasında strateji xarakter daşıdığı qeyd olunan münasibətlərin ruhuna uyğun olmadığını dedi. O əlavə etdi ki, enerji, terrorizmə qarşı mübarizə, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq siyasi əlaqələri tamamlamalıdır.

Regional məsələlər haqqında danışan nazir Elmar Məmmədyarov ölkəmizin müstəqilliyi, sabitliyi və təhlükəsizliyinin qorunması və uğurlu inkişafının davam etdirilməsinin qarşıda duran ən mühüm vəzifə olduğunu bildirdi. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən ilə Bakı-Tbilisi-Qars dəmiryol xətti, TANAP və TAP layihələri haqqında danışan Elmar Məmmədyarov bu layihələrin regionun nəqliyyat və enerji mənzərəsini dəyişəcəyini vurğuladı.

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti