Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brinkin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Görüşdə Azərbaycan və ABŞ arasında iqtisadiyyat, enerji, terrorizmə qarşı mübarizə, sülhməramlı əməliyyatlar və digər sahələrdə uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edildi, ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi üçün səylərin artırılmasının vacibliyini qeyd olundu.
Bricet Brink Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunduğunu və görüş əsnasında çox faydalı müzakirələrin aparıldığını bildirdi. O, ABŞ-ın Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verdiyini və mövcud əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini diqqətə çatdırdı. O dedi ki, ABŞ hökumət Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyaya yardımı və terrorizmə qarşı mübarizədə töhfəsini yüksək qiymətləndirir.
Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında geniş məlumat verdi. Status-kvonun qəbuledilməzliyini vurğulayan nazir ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ilə birlikdə ABŞ tərəfindən münaqişənin həlli istiqamətində səylərin artırılmasının vacibliyinə diqqəti çəkdi.
Nazir Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat və enerji layihələrindən söz açdı və bu layihələrin reallaşdırılmasında ABŞ-ın dəstəyinin təqdir olunduğunu dedi.
Görüşdə qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.