Xarici işlər naziri Elmar Məmmədyarov Pakistan Senatının xarici əlaqələr komitəsinin sədri senator Nuzhat Sadiqi qəbul edib
1-3 sentyabr 2015-ci il tarixində Bakıda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar qolunun 3-cü iclasında iştirak çərçivəsində Bakıya səfər etdiyini deyən Nuzhat Sadiqi tədbirin yüksək səviyyədə təşkil edildiyini və faydalı müzakirələr aparıldığını nəzərə çatdırdı.
O, Azərbaycanın dinamik inkişafı və əldə etdiyi nailiyyətlərinə Pakistan xalqının səmimi qəlbdən sevindiyini qeyd etdi.
Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Pakistandakı humanitar məsələlərə diqqət və qayğısının, o cümlədən Pakistanda baş vermiş zəlzələ və sel daşqını kimi təbii fəlakətlər zamanı qardaş Azərbaycan xalqının göstərdiyi humanitar yardımın yüksək qiymətləndirildiyini nəzərə çatdırdı.
Elmar Məmmədyarov Azərbaycan ilə Pakistan arasında siyasi münasibətlərin yüksək inkişaf səviyyəsinə malik olduğunu qeyd edərək, birgə səylərlə iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi zərurətini diqqətə çəkdi.
Beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlığı qeyd edən nazir beynəlxalq hüququn prinsipləri və BMT Nizamnaməsinə uyğun olaraq, Pakistanın Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalına qarşı birmənalı mövqeyinin və münaqişənin həlli prosesində Azərbaycanın ədalətli mövqeyinə göstərdiyi dəstəyinin yüksək dəyərləndirildiyini vurğuladı.
Görüşdə yüksək səviyyəli qarşılıqlı səfərlərin və parlamentlərarası əlaqələrin iki ölkə arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına xidmət etdiyi vurğulandı.