news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 17 fevral 2016

Xarici işlər naziri Elmar Məmmədyarov NATO Baş Katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov NATO Baş Katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan və NATO arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

NATO ilə Azərbaycan arasında əlaqələri yüksək qiymətləndirən NATO-nun baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay uğurlu əməkdaşlığa, xüsusilə Azərbaycanın Əfqanıstanda keçirilən əməliyyat çərçivəsində beynəlxalq sülh və təhlükəsizliyə verdiyi ardıcıl töhfəsinə görə təşəkkürünü ifadə etdi.

Nazir Elmar Məmmədyarov Azərbaycanın NATO ilə etibarlı və davamlı tərəfdaşlıq əlaqələrinə malik olduğunu bildirərək, Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı, Planlaşdırma və Təhlil Prosesi, Əməliyyat İmkanları Konsepsiyası kimi proqramlar çərçivəsində ikitərəfli əməkdaşlığın inkişaf etdiyini vurğuladı. O, Azərbaycanın NATO-nun Əfqanıstanda Qətiyyətli dəstək missiyasına töhfə verməkdə davam edəcəyini diqqətə çatdırdı.

Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin regionda sabitlik və təhlükəsizliyə əsas təhdid olduğunu qeyd edərək, münaqişənin həllinə nail olmaq üçün Ermənistan qoşunlarının işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu nəzərə çatdırdı.

Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti