news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 10 iyun 2016

Xarici işlər naziri Elmar Məmmədyarov Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Honq Jiu Yini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfiri Honq Jiu Yini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Görüşdə 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çinə səfəri, keçirdiyi görüşləri və səfər zamanı imzalanmış sənədlərin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığı vurğulandı.

Nazir Elmar Məmmədyarov ölkəmizin nəqliyyat və tranzit imkanları haqqında danışaraq Bakı-Tbilisi-Qars dəmir yol xəttinin Çini təşəbbüskarı olduğu İpək Yolu İqtisadi Kəməri layihəsinin mühüm hissələrindən biri ola biləcəyini vurğuladı. O, iki ölkə arasında humanitar və turizm sahəsində də əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu dedi.

Nazir Elmar Məmmədyarov beynəlxalq gündəlikdə olan vacib məsələlərə münasibətdə Azərbaycan və Çinin mövqeyinin üst-üstə düşdüyünü qeyd edərək, Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan zaman BMT TŞ çərçivəsində Çin ilə yaxın əməkdaşlığa malik olduğunu diqqətə çatdırdı.

Səfir Honq Jiu Yin ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini vurğuladı. O, 2016-cı ilin mayında Çin Xalq Respublikası Sədrinin xüsusi nümayəndəsi Menq Jianzu və Çin Xalq Respublikası Dövlət Şurası Sədrinin birinci müavini Can Qaolinin Azərbaycana səfərlərinin bunun bariz nümunəsi olduğunu bildirdi.

Səfir diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi.

Nazir Elmar Məmmədyarov Səfir Honq Jiu Yina Azərbaycan və Çin arasında əlaqələrin inkişafına verdiyi töhfəsinə görə təşəkkürünü ifadə etdi və gələcək fəaliyyətində ona uğurlar arzu etdi.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti