news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 30 aprel 2015

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Helbert Salberi qəbul edib.

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar haqqında müzakirələr aparıldı və mövcud status-kvonun qəbuledilməz və davamsız olduğu vurğulandı.

Xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsinə toxunaraq, beynəlxalq birlik və Avropa İttifaqı tərəfindən humanitar xarakter daşıyan bu məsələnin Ermənistan qarşısında qaldırılmasının vacibliyini vurğuladı. O, girovların səhhəti ilə əlaqədar Azərbaycan tərəfinin narahatlığını ifadə etdi.

Helbert Salber azərbaycanlı girovların azad edilməsi məsələsini yenidən Ermənistan tərəfinin qarşısında qaldırılacağını bildirdi.

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 4000-dən artıq şəxsin itkin düşdüyünü deyən Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən dəstəkləndiyi kimi Ermənistan tərəfindən humanitar prinsiplərdən çıxış edərək onların taleyi barəsində məlumat verilməli olduğunu diqqətə çatdırdı. O əlavə etdi ki, DNK analizlər vasitəsilə itkin düşmüş şəxslərin kimliyi müəyyən edilə və nəticə etibarilə, ailələrinə və yaxınlarına onların taleyi barəsində məlumat verilə bilərdi.

Elmar Məmmədyarov Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında dialoqun münaqişənin həllinə xidmət edə biləcək vacib etimad quruculuğu tədbiri olduğunu vurğuladı.

Helbert Salber birinci Avropa Oyunlarının keçirilməsi münasibətilə Azərbaycanı təbrik etdi və bu oyunların sülhə, sabitliyə, çiçəklənmə və inkişafa xidmət etdiyini bildirdi.

Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında müzakirə aparıldı.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti