Xarici işlər naziri Elmar Məmmədyarov 16 dekabr 2015-ci il tarixində ADA Universitetində Xarici İşlər Nazirliyinin yüksək və orta ranqlı diplomatları üçün təşkil edilən “Ali Xarici Siyasət Kursu”nun buraxılış mərasimində iştirak edib
Elmar Məmmədyarov ADA Universiteti tərəfindən təşkil edilən kursların XİN və digər dövlət qurumlarının əməkdaşlarının peşakarlığının artırılmasında mühüm rol oynadığını bildirdi. ADA Universitetinin təcrübəsində nazir Elmar Məmmədyarov, təhsilə qoyulan sərmayenin ən faydalı sərmayələrdən biri olduğunu dedi.
Elmar Məmmədyarov ölkəmizin xüsusilə son illər ərzində siyasi, iqtisadi, sosial və digər sahələrdə əldə etdiyi nailiyyətləri, Azərbaycanın xarici siyasətinin prioritet istiqamətləri, ikitərəfli və çoxtərəfli əsasda Azərbaycanın dünya birliyi ilə əlaqələri, Ermənistanın Azərbaycana qarşı təcavüzü və Azərbaycan ərazilərinin 20 faizinin işğalı, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqqında, eləcə də hazırda dünyanın müxtəlif regionlarında baş verən aktual məsələlər və təhdidlər barədə tədbir iştirakçılarına məlumat verdi.
Azərbaycanın nəqliyyat və enerji strategiyasının inkişafından danışaraq, Elmar Məmmədyarov Bakı-Tbilisi-Qars dəmir yol xətti və Cənubi Qafqaz qaz dəhlizi layihəsinin əhəmiyyətini diqqətə çatdırdı.
Tədbir əsnasında nazir Elmar Məmmədyarov diplomatların suallarını cavablandırdı.