news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 21 sentyabr 2016

Xarici işlər naziri Elmar Məmmədyarov monqolustanlı həmkarı Tsend Munk Orgil ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci Sessiyası çərçivəsində monqolustanlı həmkarı Tsend Munk Orgil ilə görüşüb.

Görüş zamanı Azərbaycan və Monqolustan arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə inkişafı və gələcək perspektivləri barədə fikir mübadiləsi aparıldı. Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunuldu.

Nazir Elmar Məmmədyarov Azərbaycanın iştirakı və təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri barədə monqolustanlı həmkarına məlumat verdi. Avropa və Asiya qitələrinin nəqliyyat dəhlizlərinin birləşdirilməsində ölkəmizin əhəmiyyəti və oynadığı rolu qeyd edən nazir Avrasiya məkanında nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsində əməkdaşlığın xüsusilə açıq dənizə çıxışı olmayan ölkələr üçün faydalı olacağını diqqətə çatdırdı.

Nazir Tsend Munk Orgil Monqolustanın Azərbaycan ilə hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirdi.

Görüşdə həmçinin tərəflər iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı səfərlərin vacibliyini vurğuladılar.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti