news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 12 oktyabr 2016

Xarici işlər naziri Elmar Məmmədyarov Lixtenşteyn Baş nazirinin müavini, iqtisadiyyat, daxili işlər və ədliyyə naziri Tomas Tsvayfelhofer ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Lixtenşteyn Knyazlığına rəsmi səfəri çərçivəsində bu ölkənin Baş nazirinin müavini, iqtisadiyyat, daxili işlər və ədliyyə naziri Tomas Tsvayfelhofer ilə görüşüb.

Tomas Tsvayfelhofer Nazir Elmar Məmmədyarovun Lixtenşteyn Knyazlığına rəsmi səfərini Azərbaycan və Lixtenşteyn arasında ikitərəfli münasibətlərin inkişafında əhəmiyyətli hadisə kimi dəyərləndirdi. O, ölkəsinin Azərbaycan ilə bütün sahələr üzrə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd etdi.

Görüş zamanı Nazir Elmar Məmmədyarov həmçinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı son vəziyyətə dair məlumat verərək, münaqişənin həlli ilə bağlı ölkəmizin mövqeyini ifadə etdi.

Nazir iqtisadi əməkdaşlıq məsələlərinə də toxunaraq bu sahədə əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanlar olduğunu vurğuladı. Elmar Məmmədyarov ölkəmizin təşəbbüsü və iştirakı ilə regionda reallaşan Şərq-Qərb, Şimal-Cənub kimi iri infrastruktur və nəqliyyat layihələri haqqında həmsöhbətinə geniş məlumat verdi. O, Lixtenşteynin Avropanın ən sənayeləşmiş ölkələrindən biri olduğunu qeyd edərək, Lixtenşteyn şirkətlərini Azərbaycanda da fəal olmağa və sözügedən layihələrdə iştiraka dəvət etdi.

Görüşdə tərəflər ticarət və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə Azərbaycan və Lixtenşteyn arasında ikiqatvergi tutulmasının aradan qaldırılması, sərmayələrin qorunmasına dair sazişlərin imzalanmasının vacibliyini vurğuladılar.

Tərəflər həmçinin iki ölkənin biznes dairələri arasında əlaqələrin təşviq edilməsi məsələlərinə də toxundular.

Tomas Tsvayfelhofer iki ölkənin ticarət palataları arasında ilkin təmasların yaradılması və biznes nümayəndə heyətlətinin qarşılıqlı səfərlərinin təşkil olunması fikrini dəstəklədiyini bildirdi. O, Azərbaycanda “Hilti” şirkətinin uğurlu fəaliyyətinə toxunaraq, ölkəmizin biznes mühitindən razılığını ifadə etdi.

Görüşdə həmçinin TAP və TANAP layihələri, iqtisadi-ticarət sahəsində əməkdaşlığın digər aspektlərinə dair fikir mübadiləsi aparıldı.

  

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti