Xarici işlər naziri Elmar Məmmədyarov Ukraynanın xarici işlər naziri Pavlo Klimkin ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov 29 sentyabr 2015-ci il tarixində BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Ukraynanın xarici işlər naziri Pavlo Klimkin ilə görüşüb.
Görüş zamanı Ukraynadakı vəziyyət və Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı fikir mübadiləsi aparıldı.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barədə məlumat verərək, münaqişənin yalnız beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə beynəlxalq səviyyədə tanınmış sərhədlərə, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında həll edilməli olduğunu qeyd etdi.
GUAM çərçivəsində əməkdaşlığın region dövlətləri arasında əlaqələrin inkişafında vacib rol oynadığını qeyd edən nazir Elmar Məmmədyarov təşkilat daxilində humanitar və iqtisadi sahədə əməkdaşlıq üçün əlverişli imkanların olduğunu bildirdi.
Elmar Məmmədyarov ukraynalı həmkarını Azərbaycana səfərə dəvət etdi. Ukraynalı nazir dəvəti məmnuniyyətlə qəbul etdi.