Xarici işlər naziri Elmar Məmmədyarov Yunanıstanın xarici işlər naziri Nikolaos Kotzias ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov 27 sentyabr 2015-ci il tarixində BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Yunanıstanın xarici işlər naziri Nikolaos Kotzias ilə görüşüb.
Görüşdə iki ölkə arasında əlaqələrin, xüsusilə enerji layihələri üzrə əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu.
Elmar Məmmədyarov TANAP və TAP qaz boru xəttinin inşasının uğurla davam etdirildiyini qeyd edərək, bu layihələrin keçəcəyi ölkələr və regionlar boyunca əməkdaşlığa, yeni iş yerlərinin açılmasına və inkişafa xidmət edəcəyini və regionun enerji mənzərəsini dəyişəcəyini vurğuladı.
Yunanıstanlı nazir Azərbaycan və Yunanistan arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün bir çox sahədə geniş imkanların mövcudluğunu qeyd etdi. İki ölkə arasında rəsmi səfərlərin və hökumətlərarası komissiyaların önəmindən danışan yunanıstanlı nazir siyasi məsləhətləşmələr aparmaq məqsədilə Azərbaycana səfər etmək niyyətini bildirdi.
Görüşdə həmçinin, nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqların son vəziyyəti ilə bağlı məlumat verdi. O, Ermənistanın müxtəlif təxribat əməlləri vasitəsilə qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca vəziyyəti gərginləşdirməsi, atəşkəs rejimini intensiv şəkildə pozması faktlarını qeyd edərək, Ermənistanın əsl məqsədinin danışıqlar prosesinə xələl gətirmək və işğal və təcavüzə əsaslanan mövcud status kvonu davam etdirmək olduğunu vurğuladı.
Daha sonra miqrant problemi və turizm sahəsində əməkdaşlıq kimi məsələlər ətrafında fikir mübadiləsi aparıldı.