news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 06 oktyabr 2015

Nazir Elmar Məmmədyarov Panamanın ticarət və sənaye nazirinin vəzifələrini icra edən Nestor Qonzales ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Panama Respublikasına rəsmi səfəri çərçivəsində 5 oktyabr 2015-ci il tarixində Panamanın ticarət və sənaye nazirinin vəzifələrini icra edən Nestor Qonzales ilə görüşüb.

Görüş zamanı Azərbaycan və Panama arasında iqtisadiyyat, nəqliyyat, sərmayə qoyuluşu və enerji sahələrində əməkdaşlıq üçün əlverişli imkanların olduğu qeyd olundu.

Nestor Qonzales Panamanın Mərkəzi və Cənubi Amerika regionunda iqtisadi artım göstəricisinə görə aparıcı dövlət olduğunu bildirərək, Panama Hökuməti tərəfindən həyata keçirilən tədbirlər və xarici sərmayəçilərin cəlb edilməsi üçün yaradılmış münbit şərait haqqında danışdı. Panamanın gəlirlərinin əsas hissəsinin Panama kanalından əldə edildiyini qeyd edən nazir Azərbaycandan olan sərmayəçilər və şirkətlərin də sözügedən kanalın infrastrukturu və xidmət sektorunda fəaliyyət göstərmələrinin mümkünlüyünü diqqətə çatdırdı.

Nazir Elmar Məmmədyarov iki ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu bildirərək, iqtisadi-ticarət əlaqələrinin təşviqi üçün biznes forumlarının keçirilməsinin və biznes missiyalarının mübadiləsinin əhəmiyyətli olacağını vurğuladı. O, həmsöhbətinə Azərbaycanın iqtisadiyyatı, xüsusilə qeyri-neft sektorunun dinamik inkişafı, rəqabətə davamlılıq göstəriciləri və xarici sərmayəçilər üçün yaradılmış cəlbedici imkanlar haqqında ətraflı məlumat verdi.

Tərəflər Azərbaycanın enerji sahəsində zəngin təcrübəsini nəzərə alaraq, bu sahədə də əməkdaşlıq imkanlarını müzakirə etdilər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti