news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 30 noyabr 2016

Xarici işlər naziri Elmar Məmmədyarov CAR-ın beynəlxalq əlaqələr və əməkdaşlıq naziri xanım Maite Nkoana-Maşabane ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Cənubi Afrika Respublikasının beynəlxalq əlaqələr və əməkdaşlıq naziri xanım Maite Nkoana-Maşabane ilə görüşüb.

Görüş əsnasında nazirlər Azərbaycan və CAR arasında münasibətlərin hazırkı vəziyyətini nəzərdən keçirdilər, iki ölkənin xarici siyasət orqanları arasında mütəmadi məsləhətləşmələrin aparılması və yüksək səviyyəli səfərlərin ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyini vurğuladılar.

Tərəflər beynəlxalq təşkilatlar, o cümlədən BMT, Afrika İttifaqı və Qoşulmamaq Hərəkatı çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı dəstəyin göstərilməsinin əhəmiyyətini qeyd etdilər.

Nazir Elmar Məmmədyarov iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi və əməkdaşlıq üçün hüquqi əsasın formalaşdırılmasının əhəmiyyətindən söz açdı.
Maite Nkoana-Maşabane nazirlər səviyyəsində mütəmadi olaraq siyasi məsləhətləşmələrin keçirilməsini və bu mexanizmin birgə komissiya səviyyəsinə çatdırılmasını təklif etdi. O, qeyd etdi ki, gənc demokratik ölkələr kimi biz təcrübə mübadiləsi aparmalı və bir-birimizdən öyrənməliyik.

Görüşdə Azərbaycan və CAR arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, ticarət dövriyyəsinin həcminin artırılması üçün sərgi və yarmarkalar, eləcə də biznes səfərlərinin təşkili, həmçinin, kənd təsərrüfatı və enerji sahəsində birgə layihələrin həyata keçirilməsi və təcrübə mübadiləsinin aparılması yolları ətrafında fikir mübadiləsi aparılırdı. Nazirlər həmçinin təhsil sahəsində əməkdaşlıq, xüsusən hər iki ölkənin Diplomatik Akademiyaları arasında qarşılıqlı müəllim-tələbə mübadiləsi imkanlarını nəzərdən keçirdilər. Mədəni sahədə əməkdaşlığı inkişaf etdirmək üçün hər iki ölkədə mədəniyyət günlərinin keçirilməsi, sərgilərin təşkil olunması perspektivlərini müzakirə etdilər.

Tərəflər Azərbaycan və CAR-ın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü dövründə həyata keçirilmiş əməkdaşlığı və Azərbaycanın Afrika qitəsinin problemlərinə xüsusi diqqət yetirməsini təqdir etdilər.

Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) Afrika və digər qitələrdə həyata keçirdiyi layihə və proqramlar, habelə humanitar yardım sahəsində gördüyü işlər barədə həmkarına məlumat verdi və bunun beynəlxalq əməkdaşlıq və sülhün möhkəmləndirilməsinə xidmət etdiyini bildirdi. Nazir eyni zamanda ASAN xidmətin fəaliyyəti haqqında danışdı və bu xidmətin Afrika İttifaqında təqdimatının keçiriləcəyini bildirdi.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində son vəziyyətlə bağlı həmkarına məlumat verən Elmar Məmmədyarov, münaqişənin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalı olduğunu vurğuladı. Münaqişə ilə bağlı BMT TŞ-nin məlum qətnamələrini xatırladan E.Məmmədyarov, təəssüflə qeyd etdi ki, adıçəkilən qətnamələr hələ də icra olunmayıb. O, həmçinin ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində dəfələrlə mövcud status-kvonun qəbuledilməz və qeyri davamlı olmasını bəyan etdiklərini bildirdi. Elmar Məmmədyarov əlavə etdi ki, güc tətbiqi yolu ilə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması qəbuledilməzdir.

E.Məmmədyarov bildirdi ki, biz Qoşulmamaq Hərəkatının son sammitində ifadə olunduğu kimi, münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi əsasında həllinə dair CAR-ın mövqeyini yüksək qiymətləndirik.

Maite Nkoana-Maşabane ölkəsinin Azərbaycanda diplomatik nümayəndəliyinin təsis olunacağını bildirdi.

Görüşdə həmçinin parlament diplomatiyasının və insanlararası təmasların artırılmasının əhəmiyyətindən danışıldı, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti