Xarici işlər naziri Elmar Məmmədyarov Sudanın xarici işlər naziri İbrahim Qandur ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 71-ci sessiyasında iştirakı çərçivəsində Sudanın xarici işlər naziri Ibrahim Qandur ilə görüşüb.
İbrahim Qandur BMT Təhlükəsiz Şurasına qeyri-daimi üzvlüyü dövründə Sudana verdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirdi və Sudanın ölkəmizin ərazi bütövlüyü və suverenliyinə tam dəstəklədiyini bəyan etdi. Sudanlı nazir ölkəsinin tezliklə İslam Əməkdaşlıq Təşkilatının Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair Kontakt Qrupuna qoşulacağını da bildirdi.
Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqların son vəziyyəti barədə ətraflı məlumat verən nazir Elmar Məmmədyarov münaqişə ilə bağlı ölkəmizin haqlı və ədalətli mövqeyinin dəstəklənməsinə görə, Sudan hökumətinə təşəkkürünü ifadə etdi. Elmar Məmmədyarov Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi və yürütdüyü destruktiv və təxribatçı siyasətin münaqişənin həllinə və regionda sülhün və sabitliyin təmin olunmasına xələl gətirdiyini vurğuladı.
Görüşdə tərəflər BMT Baş Assambleyasının gündəliyi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardılar.