news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 14 may 2016

Xarici işlər naziri Elmar Məmmədyarov Bolqarıstan Respublikasının xarici işlər naziri Daniel Mitov ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov 13 may 2016-cı il tarixində Azərbaycan Respublikasında rəsmi səfərdə olan Bolqarıstan Respublikasının xarici işlər naziri Daniel Mitov ilə görüşdü.

Görüş zamanı Azərbaycan-Bolqarıstan, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin hazırkı vəziyyəti və onların inkişaf etdirilməsi yolları, iqtisadiyyat və enerji sahəsində əməkdaşlıq, Ermənistan-Azərbaycan münaqişəsi, beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparıldı. İki dövlət arasında mövcud olan siyasi dialoq və qarşılıqlı etimadın yüksək səviyyəsindən məmnunluq ifadə edildi.

Azərbaycan və Bolqarıstan arasında mövcud ikitərəfli əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyi vurğulanaraq, bunun Azərbaycan-Avropa İttifaqı münasibətlərinə də müsbət təsir göstərdiyi qeyd olundu.

Bolqarıstanlı nazir ölkəsinin Azərbaycan ilə bütün sahələrdə, xüsusilə enerji və nəqliyyat sahəsində əməkdaşlığa böyük önəm verdiyini bildirdi. O, irimiqyaslı enerji layihəsi hesab olunan Cənub Qaz dəhlizinin Avropa İttifaqı, xüsusilə də Bolqarıstan üçün strateji əhəmiyyət kəsb etdiyini vurğuladı.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinə dair son vəziyyətlə bağlı məlumat verərək, ATƏT-in Minsk Qrupunun həmsədrləri də daxil olmaqla, bütün beynəlxalq ictimaiyyətin mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olması faktını qəbul etdiyini və münaqişənin həllində irəliləyişə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Ermənistan silahlı qüvvələrinin bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirdi. Elmar Məmmədyarov 2 aprel tarixindən etibarən Ermənistanın qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki Azərbaycan əhalisinə qarşı törətdiyi təxribatları, o cümlədən artilleriya və digər ağır silahlardan istifadə etməsi haqqında məlumat verdi.

Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti