news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 18 oktyabr 2016

İslam Əməkdaşlıq Təşkilatı xarici işlər nazirləri şurasının 43-cü iclasında iştirak etmək məqsədilə Daşkənddə işgüzar səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamil ilə görüşüb

Nazir Elmar Məmmədyarov Prezident İslam Kərimovun vəfatı ilə əlaqədar bir daha dost özbək xalqına dərin hüznlə başsağlığını ifadə etdi.

Elmar Məmmədyarov İƏT xarici işlər nazirləri şurası kimi mötəbər tədbirə ev sahibliyi etməsi münasibətilə Özbəkistanı təbrik etdi və qarşıdan gələn dövr ərzində Özbəkistanın təşkilatın Xarici işlər nazirləri Şurasına uğurla sədrlik edəcəyinə əminliyini ifadə etdi. O, İƏT-in 43-cü xarici işlər nazirləri şurasının iclasının təhsil və maarifçilik kimi aktual mövzulara həsr olunduğunu bildirdi.

Görüş əsnasında nazirlər iki ölkə arasındakı siyasi dialoq və hərtərəfli əməkdaşlığın inkişaf səviyyəsindən məmnunluq ifadə etdilər. Nazir Elmar Məmmədyarov tarixi İpək Yolunun bərpası və bu xüsusda, Bakı-Tbilisi-Qars dəmir-yol layihəsi haqqında məlumat verərək Özbəkistanın da bu nəqliyyat dəhlizindən istifadə etməsi üçün əlverişli imkanların olduğunu vurğuladı.

Nazirlər nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi və iqtisadi-ticarət əlaqələrinin artırılması üçün nümayəndə heyətləri səviyyəsində qarşılıqlı səfərlərinin təşkil edilməsinin vacibliyini vurğuladılar.

Görüşdə İƏT-in gündəliyi və qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti