Xarici işlər naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikasına rəsmi səfəri çərçivəsində Prezident Əbdül Fəttah əs-Sisi tərəfindən qəbul olunub
Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını və məktubunu Misirin dövlət başçısına çatdırdı.
Prezident Əbdül Fəttah əs-Sisi salamlarının və ən xoş arzularının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə çatdırılmasını xahiş etdi.
Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlıqdan və qarşılıqlı dəstəkdən məmnunluq ifadə olundu. Əbdül Fəttah əs-Sisi Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrini yüksək qiymətləndirdi və islam həmrəyliyinin vacibliyini qeyd etdi. Görüşdə Islam dininin sülh, həmrəylik və tolerantlıq dini olduğu qeyd olundu.
Nazir Elmar Məmmədyarov Misirin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməsinin, Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında danışıqlar yolu ilə həll edilməsinə dair mövqeyinin təqdir edildiyini bildirdi.
Nazir Elmar Məmmədyarov gələn il ölkəmizdə IV İslam Həmrəyliyi oyunlarının keçiriləcəyini diqqətə çatdırdı və Misir idmançılarını oyunlarda yaxından iştiraka dəvət etdi. Ölkəmizin mədəniyyətlər və sivilizasiyalararası dialoqun gücləndirilməsinə verdiyi töhfələri barəsində danışdı.
Görüş zamanı Azərbaycanla Misir arasında iqtisadi sahədə əməkdaşlıq məsələləri müzakirə olundu, enerji sahəsində SOCAR ilə EGPC arasında qurulmuş 6 illik əməkdaşlıq yüksək qiymətləndirildi və bu əməkdaşlığın böyük perspektivlərinin olduğu qeyd olundu.
Görüşdə ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparıldı.