news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 yanvar 2015

Ermənistanın son təxribat əməlləri ilə əlaqədar Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyevin şərhləri

Beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Nizamnaməsinə zidd olaraq, Azərbaycan Respublikasına qarşı işğal və təcavüz törətmiş dövlət kimi vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür.
 
Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində mövcudluğu regional sabitlik və təhlükəsizliyi təhdid edən gərginliyin yaranmasının əsas səbəbidir.  
 
Ermənistanın məqsədyönlü şəkildə vəziyyətin gərginləşməsinə yönəlmiş təxribatçı əməlləri münaqişənin həllinə mane olmaq və Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzü nəticəsində yaranmış mövcud status kvonu saxlamaq məqsədi daşıyır.   
 
Ermənistan rejimi “cəbhədə vəziyyətin gərginləşməsi” bəhanəsini əlində alət edərək, bu vasitə ilə uğursuz şəkildə ölkədaxili siyasi-iqtisadi və demoqrafik böhrandan, xüsusilə son günlərdə ölkədə yaranmış gərgin siyasi vəziyyətdən diqqəti yayındırmağa çalışır. Ermənistanın cəbhədə son günlər ərzində verdiyi çoxsaylı itkilər Ermənistan rejiminin bu məsuliyyətsiz siyasətinin nəticəsidir.
 
Bütün bu təxribatçı əməllərin fonunda Ermənistanın münaqişənin həllinə dair danışıqlar prosesində iştirakı siyasi möhtəkirlik xarakteri daşıyaraq, yalnız danışıqların imitasiyasına və beynəlxalq ictimaiyyəti aldatmağa xidmət edir.  
 
Münaqişənin həllinə nail olmaq üçün ilk növbədə Ermənistanın işğalçı silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı, işğal və təcavüz faktı aradan qaldırılmalıdır.
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti