news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 22 oktyabr 2016

Xarici işlər nazirinin müavini Xələf Xələfov Cenevrə şəhərində BMT-nin İnsan Hüquqları üzrə Komitəsinin 118-ci sessiyasında iştirak edib

2016-cı ilin 20-21 oktyabr tarixlərində Cenevrə şəhərində BMT-nin İnsan Hüquqları üzrə Komitəsinin 118-ci sessiyası çərçivəsində “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın həyata keçirilməsinə dair Azərbaycan Respublikasının dördüncü dövri hesabatına baxılıb. Sessiyada ölkəmiz Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Xarici işlər nazirinin müavini X. Xələfov açılış nitqi ilə dövri hesabatımızı təqdim etdi. O, çıxışı zamanı ölkəmizdə insan hüquqlarının və əsas azadlıqlarının təmin olunması sahəsində mövcud olan qanunvericilik, görülən işlər və bu istiqamətə yönəldilmiş səylər barədə ətraflı məlumat verdi, 26 sentyabr 2016-cı il tarixində keçirilmiş referendum nəticəsində Azərbaycan Respublikasının Konstitusiyasına edilmiş düzəlişlərin insan hüquqları və azadlıqlarının daha da möhkəmləndirilməsi, səmərəli və çevik dövlət idarəçiliyi mexanizminin formalaşması, iqtisadi islahatların effektivliyinin təmin edilməsi baxımından əhəmiyyətini vurğuladı.

Nazir müavini, Azərbaycan Respublikasının Prezidentinin ”Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında Fərman”ı, “Vətəndaşların müraciətləri haqqında” və “İctimai iştirakçılıq haqqında” qanunları barədə, həmçinin “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında geniş məlumat verdi.

Bununla yanaşı, nazir müavini məhkəmə sistemin təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması, insan alverinin qarşısının alınması, məişət zorakılığı ilə mübarizə, miqrasiya və vətəndaş cəmiyyətinin təşviqi sahələrində həyata keçirilən tədbirlər barədə danışdı. O, həmçinin qaçqın və məcburi köçkünlərin sosial-iqtisadi şəraitlərinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən bəhs etdi.

Nazir müavini ölkəmizdə dini tolerantlıq və millətlərarası münasibətlərin daha da gücləndirilməsi və inkişafı məqsədilə Azərbaycan Respublikası tərəfindən həm milli, həm də beynəlxalq səviyyədə görülən tədbirlər barədə məlumat verdi, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə keçirilən və mədəniyyətlərarası dialoqun təşviqi məqsədini daşıyan “Bakı prosesi” və Dövlət Başçısının təşəbbüsü ilə 25-27 aprel tarixlərində Bakı şəhərində keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumundan bəhs etdi.

X. Xələfov, 20% ərazilərimizin hələ də Ermənistanın işğalı altında olmasını və işğalın insan hüquqlarının qorunması sahəsində Azərbaycan Respublikasının üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsində əsas maneə olduğunu qeyd etdi. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davam etdiyini bildirən nazir müavini, Ermənistan tərəfindən müharibə cinayətlərinin və Xocalı soyqırımının törədildiyini, həmçinin insan hüquqların və beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulduğunu, Azərbaycanlı mülki əhaliyə qarşı pis rəftarların, müxtəlif işgəncələrin, çoxsaylı edamların edildiyini vurğuladı.

Sessiya çərçivəsində Komitə üzvləri öz növbələrində nümayəndə heyətimizin yüksək səviyyədə təmsil olunmasını, Azərbaycanın Komitə ilə əməkdaşlığını, Beynəlxalq Paktın həyata keçirilməsi sahəsində əldə olunmuş nailiyyətləri, bu sahədə qanunvericilik tədbirlərini, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş məlumatları, ölkədə milli birliyin mövcudluğunu, qadın hüquqları sahəsində görülmüş işləri, əfv fərmanlarını, eləcə də irqçiliyə qarşı mübarizə, multikulturalizmin inkişafı və mədəni müxtəlifliyə töhfə verməsini təqdir etdilər.

Sessiya zamanı ölkəmizdə insan hüquqlarının təmin olunması ilə bağlı Komitə üzvləri tərəfindən nümayəndə heyətinə ünvanlanmış suallar aidiyyəti üzrə və dolğun şəkildə cavablandırıldı, tədbir interaktiv dialoq formasında keçdi.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti