news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 05 may 2016

BMT-nin İrqi ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin 89-cu sessiyası çərçivəsində Azərbaycanın məruzəsinə baxılıb

2016-cı ilin 03-04 may tarixlərində Cenevrə şəhərində BMT-nin İrqi ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin 89-cu sessiyası çərçivəsində İrqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə Beynəlxalq Konvensiyasının həyata keçirilməsinə dair Azərbaycan Respublikasının yeddinci, səkkizinci və doqquzuncu dövri məruzəsinə baxılmışdır. Sessiyada ölkəmiz Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə müəyyən edilmiş, xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunmuşdur. 

Xarici işlər nazirinin müavini X. Xələfov açılış nitqi ilə dövri hesabatımızı təqdim etmişdir. O, çıxışı zamanı irqi ayrı-seçkiliyin ləğv edilməsinin milli qanunvericilikdə təsbit edilməsi, Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının, insan alveri ilə mübarizə üzrə Fəaliyyət Planının qəbul edilməsi və həyata keçirilməsi ilə bağlı məlumatları diqqətə çatdırmışdır. 

O, həmçinin ölkəmizdə dini tolerantlıq və millətlərarası münasibətlərin daha da gücləndirilməsi və inkişafı məqsədilə Azərbaycan Respublikası tərəfindən həm milli, həm də beynəlxalq səviyyədə görülən tədbirlər barədə məlumat vermiş, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq ölkəmizdə multikulturalizm ənənələrinin qorunub saxlanılması və geniş təbliğ olunması məqsədi ilə 2016-cı ilin multikulturalizm ili elan olunmasını qeyd etmişdir. 

Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə keçirilən və mədəniyyətlərarası dialoqun təşviqi məqsədini daşıyan “Bakı prosesi” və Dövlət Başçısının təşəbbüsü ilə 25-27 aprel tarixlərində Bakı şəhərində keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumundan bəhs etmişdir. 

Həmçinin, X. Xələfov çıxışında ölkədə tolerantlığın və multikulturalizmin inkişafına böyük töhfə verən Heydər Əliyev Fondu və Fond tərəfindən bu istiqamətdə dünyanın müxtəlif ölkələrində həyata keçirilən layihələrlə bağlı məlumat vermişdir. 

Bununla yanaşı, nazir müavini məhkəmə sistemin təkmilləşdirilməsi, iqtisadi-sosial islahatlar, korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması, “ASAN” xidmətin yaradılması və fəaliyyəti, insan alverinin qarşısının alınması və miqrasiya sahəsində həyata keçirilən tədbirlər barədə danışmışdır. O, qaçqın və məcburi köçkünlərin iqtisadi-sosial şəraitlərinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən bəhs etmiş və onların mülkiyyət hüququnun bərpası ilə əlaqədar İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Böyük Palatasının 16 iyun 2015-ci il tarixli “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə qəbul olunmuş Qərarının mahiyyəti barədə Komitə üzvlərinə məlumat vermişdir.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davam etdiyini vurğulayan X. Xələfov, ərazilərimizin 20 %-nin hələ də Ermənistanın işğalı altında olmasını və işğalın nəticələrini insan hüquqlarının qorunması sahəsində Azərbaycan Respublikasının üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsində əsas maneə kimi qiymətləndirmişdir. Təcavüz nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərimizdə tarixi, mədəni və dini abidələrimizin məhv və talan edildiyini vurğulamışdır.

Sessiya çərçivəsində Komitə üzvləri öz növbələrində nümayəndə heyətimizin yüksək səviyyədə təmsil olunmasını, Azərbaycanın Komitə ilə əməkdaşlığını, Konvensiyanın həyata keçirilməsi sahəsində əldə olunmuş nailiyyətləri, bu sahədə qanunvericilik tədbirlərini, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş məlumatları, ölkədə milli birliyin mövcudluğunu, qadın hüquqları sahəsində görülmüş işləri, əfv fərmanlarını, eləcə də iri miqyaslı beynəlxalq idman və mədəni tədbirlərə ev sahibliyi edərək irqçiliyə qarşı mübarizə, multikulturalizmin inkişafı və mədəni müxtəlifliyə töhfə verməsini təqdir etmişlər.

Sessiya çərçivəsində interaktiv dialoq zamanı Komitə üzvlərinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı verdiyi suallara cavab olaraq münaqişənin artıq 25 ildir davam etdiyi, Ermənistan tərəfindən atəşkəsin davamlı olaraq intensiv şəkildə pozulduğu və nəticədə çoxlu sayda azərbaycanlı hərbçi və mülki şəxslərin həlak olduğu və yaralandığı, eləcə də müxtəlif mülki obyektlərə zərər dəydiyi, məktəblərin dağıdıldığı qeyd edilmişdir. Ermənistanın bu cinayətkar addımlarının beynəlxalq humanitar hüququn əsaslarını dağıtdığı vurğulanmış, Ermənistanın əsas məqsədinin təxribatları davam etdirərək, beynəlxalq ictimaiyyət üçün qəbuledilməz olan mövcud status-kvonu saxlamaq və işğal etdiyi ərazilərdə möhkəmlənmək olduğu bildirilmişdir. Həmçinin, münaqişənin həllinin yalnız Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxması və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtmasından sonra mümkün ola biləcəyi qeyd edilmişdir.

Sessiya zamanı ölkəmizdə insan hüquqları təmin olunması ilə bağlı Komitə üzvləri tərəfindən nümayəndə heyətinə ünvanlanmış çoxsaylı suallar aidiyyəti üzrə dolğun şəkildə cavablandırılmışdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti