news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 29 sentyabr 2015

BMT Baş katibi AİDA Agentliyinin rəhbərini BMT-nin Fövqəladə Hallara qarşı Mərkəzi Cavab Fondunun Məşvərət Qrupuna üzv təyin etmişdir

BMT-nin Nyu-Yorkdakı Baş Katibliyindən daxil olmuş məlumata əsasən, BMT baş katibi Pan Gi mun XİN-nin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyevi bu qurumun Fövqəladə Hallara qarşı Mərkəzi Cavab Fondunun (Central Emergency Response Fund /CERF/) Məşvərət Qrupuna üzv təyin etmişdir.

BMT baş katibinin humanitar məsələlər üzrə müavini Stefen Obraynın rəhbərliyi altında fəaliyyət göstərən CERF-in əsas vəzifələrinə dünyanın müxtəlif bölgələrində baş vermiş humanitar böhranların törətdiyi fəsadların dərhal aradan qaldırılması üçün ziyan dəymiş ölkələrə təcili yardımların göstərilməsi daxildir. CERF-in Məşvərət Qrupu isə fondun strateji məqsədlərinin müəyyən edilməsi, vəsaitlərin sərfinə nəzarət, eləcə də fondun idarəedilməsi ilə bağlı digər əlaqədar məsələlərdə BMT baş katibinə məsləhət vermə səlahiyyətlərinə malikdir. Qrupun üzvləri BMT baş katibi Pan Gi mun tərəfindən üç il müddətinə təyin edilir.

CERF-in Məşvərət Qrupuna XIN-nin AİDA Agentliyinin rəhbərinin təyin edilməsi fövqəladə hallarla üzləşən dünya ölkələrinə göstərilən humanitar yardım əməliyyatlarında Azərbaycan Respublikasının yaxından iştirakının və verdiyi töhfələrinin təzahürü olaraq, yeni donor ölkəsi kimi beynəlxalq arenada daha da artan nüfuzunun göstəricisidir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti