news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 02 sentyabr 2016

Azərbaycanın ÜTT-yə üzvlüyü prosesi ilə bağlı danışıqlara dair XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin şərhləri

Bir sıra kütləvi informasiya vasitələrində xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin müsahibəsinə istinadən “Azərbaycan Ümumdünya Ticarət Təşkilatından (ÜTT) 1 milyard ABŞ dolları istəyib” başlıqlı məqalələr yerləşdirilib. Müsahibədə səsləndirilmiş fikirlərin düzgün və mahiyyəti üzrə işıqlandırılmasını təmin etmək və bəzi yanlışlıqları aradan qaldırmaq üçün bildiririk:

· Ölkəmizin davamlı sosial-iqtisadi inkişafı, iqtisadiyyatının diversifikasiyası, qeyri-neft sektorunun artımı və ərzaq təhlükəsizliyinin təmin olunmasında, o cümlədən ixracının təşviqi və strukturunun təkmilləşdirilməsində kənd təsərrüfatı sektoru mühüm rola malikdir və bu xüsusda, Azərbaycan Hökuməti tərəfindən sözügedən sahənin subsidiyalar ayrılmaqla dəstəklənməsi davam etdirilməkdədir.

· Hazırda Azərbaycan ÜTT-yə üzv olması prosesi kontekstində kənd təsərrüfatına daxili dəstək üzrə bir sıra danışıqçı ölkələrlə (aparıcı kənd təsərrüfatı istehsalıçıları və yaxud ixracatçıları) çoxtərəfli danışıqlar aparır.

· Bu müstəvidə, ÜTT-yə üzvlük müddətindən etibarən kənd təsərrüfatına 1 milyard ABŞ dolları, o cümlədən Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqları qaytarıldıqdan sonra müvafiq fəaliyyətin həyata keçirilməsi məqsədilə 1 milyard ABŞ dolları məbləğində əlavə daxili dəstəyin göstərilməsi mümkünlüyünə nail olunması aparılan danışıqların predmetini təşkil edir.

· Kənd təsərrüfatı sektoruna subsidiyaların ödənilməsi məqsədilə ÜTT tərəfindən bu təşkilatın üzvlərinə yaxud müşahidəçilərə maliyyə vəsaiti ayrılmır.

· Kənd təsərrüfatı üzrə aparılan danışıqların uğurla nəticələnəcəyi təqdirdə, məhz Azərbaycan Hökuməti tərəfindən adıçəkilən sahənin dəstəklənməsinə məcmu olaraq 2 milyard ABŞ dolları məbləğində daxili yardımın göstərilməsi imkanı əldə olunacaqdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti