news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 28 dekabr 2016

Azərbaycan və Rusiya arasında Xəzər dənizinin hüquqi statusu üzrə ikitərəfli məsləhətləşmələr keçirilib

27 dekabr 2016-cı ildə Bakıda Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin hüquqi statusu üzrə ikitərəfli məsləhətləşmələr keçirilib.

Görüşdə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfovun və Rusiya Federasiyası Prezidentinin MDB İştirakçı-Dövlətləri ilə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edib.

Görüşdə, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsi üzrə geniş fikir mübadiləsi aparılmış və Xəzəryanı ölkələrin Zirvə Toplantısına hazırlıq məqsədilə keçirilməsi nəzərdə tutulan Xəzəryanı ölkələrin Xarici İşlər Nazirlərinin Müşavirəsinə qədər sözügedən Konvensiya layihəsində açıq qalan bütün məsələlər üzrə razılığın əldə olunmasının vacibliyi vurğulandı. Bu məqsədlə, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib-hazırlanması üzrə Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun növbəti görüşünün səmərəli yekunlaşması üçün birgə səylərin artırılması zəruriliyi qeyd edildi. Müzakirələr zamanı bütün Xəzəryanı ölkələr tərəfindən qəbul ediləcək Konvensiyanın hər bir sahilyanı dövlətin suveren hüquqlarının təmin olunmasına və onların maraqlarına xidmət etməli olduğuna dair fikri bölüşdülər.

Hər iki ölkə arasında mövcud olan mehriban qonşuluq və dostluq münasibətləri ruhunda keçən görüşdə Xəzər dənizi məsələləri üzrə ikitərəfli formatda aparılan məsləhətləşmələrin mövqelərin yaxınlaşdırılmasına və açıq qalan məsələlərin razılaşdırılmasına xidmət etdiyi qeyd edildi.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti