Azərbaycan və Almaniya arasında XİN-lərarası siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib
26 oktyabr 2015-ci il tarixində Azərbaycan və Almaniya arasında XİN-lərarası siyasi məsləhətləşmələrin növbəti mərhələsi çərçivəsində xarici işlər nazirinin müavini Xələf Xələfov ilə Almaniya Federativ Respublikasını xarici işlər nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə səlahiyyətli nümayəndəsi Andreas Peşke arasında görüş keçirilib.
X.Xələfov ölkəmizin Almaniya ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini qeyd edərək, siyasi məsləhətləşmələrin növbəti mərhələsinin ikitərəfli münasibətlərin və siyasi dialoqun daha da güclənməsinə xidmət etdiyini bildirdi.
Son dövrlərdə Azərbaycana qarşı atılan addımların, o cümlədən Avropa Parlamentinin və Almaniya Bundestaqının qərəzli qətnamələrinin Azərbaycanın Almaniya ilə münasibətlərinin inkişafına xidmət etmədiyini bildirdi. Ölkələrimiz arasında siyasi dialoqun daha səmərəli olması üçün bəzi məsələlərlə bağlı mövqelərin korrektə edilməsinə ehtiyac olduğunu qeyd etdi.
Ermənistan-Azərbaycan münaqişəsi və onun doğurduğu fəsadlar haqqında danışan Xələf Xələfov münaqişənin həlli istiqamətində ATƏT-in Minsk Qrupunun fəaliyyətinin qaneedici olmadığını qeyd etdi. O əlavə etdi ki, Avropanın aparıcı dövlətlərindən biri kimi Almaniya münaqişənin həlli istiqamətində daha fəal siyasət həyata keçirməsi faydalı olardı.
Nazir müavini ölkəmizdə həyata keçirilən irimiqyaslı iqtisadi layihələr haqqında məlumat verərək, həmin layihələrdə alman şirkətlərinin daha fəal iştirakının arzu olunduğunu vurğuladı. Almaniyanın İqtisadiyyat və Enerji Nazirinin Azərbaycana gələcək səfərinin iqtisadi əlaqələrin genişləndirilməsinə töhfə verəcəyini bildirdi. İki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsi, qarşılıqlı olaraq mədəniyyət günlərinin keçirilməsi, tələbə mübadiləsinin təşkilinin əhəmiyyəti barədə danışan X.Xələfov humanitar sahədə əməkdaşlıq üçün də yüksək potensial olmasına əminliyini ifadə etdi.
Andreas Peşke Azərbaycanın regionda Almaniyanın ən vacib tərəfdaşı olduğunu vurğulayaraq, təmsil etdiyi dövlətin Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı mövqeyinin dəyişməz qaldığını bildirdi. İki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin inkişafından bəhs edən A.Peşke, son illər ərzində həyata keçirilmiş səfərlərə toxunaraq, iki ölkə arasında təmasların artmasının ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı göstərici olduğunu qeyd etdi. Almaniyalı diplomat ölkəsinin Azərbaycan ilə bütün sahələrdə, xüsusilə iqtisadi sahədə sıx əməkdaşlıq etmək niyyətini ifadə edərək, iki ölkə arasında siyasi dialoqun davamlı olmasında Almaniyanın da maraqlı olduğunu nəzərə çatdırdı.
Alman iş adamlarının Azərbaycana daha çox sərmayə qoyulmasına maraq göstərdiyini qeyd edən alman diplomat, 2012-ci ildən fəaliyyət göstərən Alman-Azərbaycan Xarici Ticarət Palatasının ticari-iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün faydalı platforma olduğunu bildirdi. Mədəniyyət sahəsində əməkdaşlığı xalqları bir-birinə bağlayan vacib amil kimi qiymətləndirən A.Peşke, Azərbaycanda alman dili və mədəniyyətinə böyük marağın mövcud olduğunu, MDB məkanında yalnız Azərbaycanda, Slavyan Universiteti nəzdində alman dili üzrə institutun fəaliyyətə başladığını məmnunluqla qeyd etdi.
Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıldı.