Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatı

Bu il noyabrın 12-13-də virtual şəkildə Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) və BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) birgə təşkilatçılığı ilə Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Paktın icrası xüsusunda regional dəyərləndirmə görüşü keçirilmişdir.Görüşün məqsədi Qlobal Paktın UNECE regionunda icrasına nəzarəti təmin etməkdən ibarət olmuşdur. İki günlük tədbir çərçivəsində Qlobal Paktın icrasında əldə edilmiş tərəqqi nəzərdən keçirilmiş, müsbət təcrübələr barədə məlumatlar bölüşülmüş, icraat üçün maneələr vəonların aradan qaldırılması yolları ətrafında fikir mübadiləsi aparılmışdır.

Tədbirdə həmçinin Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini Fariz Rzayev çıxış etmişdir. Çıxış zamanı Qlobal Paktın icrasında ölkəmiz tərəfindən əldə edilmiş tərəqqi barədə məlumat verilmişdir. Miqrasiya və miqrantlar üçün ağır nəticələr doğurmuş COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülmüş əhəmiyyətli beynəlxalq təşəbbüslər diqqətə çatdırılmışdır. Miqrasiya sahəsində götürülmüş birgə öhdəliklərin icrası üçün bütün ölkələrin həmrəyliyinə ehtiyac olduğuna diqqət çəkilərək, Ermənistanın siyasi məqsədlər naminə qeyri-qanuni miqrasiyanı illər boyu təşviq etməsinin məyusedici olduğuqeyd edilmiş, bu ölkənin qanunsuz fəaliyyətləri barədə ətraflı məlumat verilmişdir. Çıxışın sonunda Ermənistanın təxribatlarına cavab olaraq görülmüş tədbirlər nəticəsində onun atəşkəsi qəbul etməyə vəqoşunlarını işğal etdiyi Azərbaycan ərazilərindənçıxarmağa məcbur olduğu, bununla da məcburi köçkün soydaşlarımızın öz doğma torpaqlarına qayıtmaları üçün imkan yarandığı diqqətə çatdırılmışdır.

BMT Baş Assambleyası tərəfindən 2018-ci ilin dekabr ayında dünyanın 152 ölkəsi, o cümlədən Azərbaycanın dəstəyi ilə təsdiq edilmiş Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt hüquqi öhdəlik doğurmayan, beynəlxalq miqrasiyanın bütün aspektlərini hərtərəfli və müfəssəl şəkildə əhatə edən və beynəlxalq miqrasiya problemlərini həll etmək üçün bütün müvafiq tərəflərin (dövlət və qeyri-dövlət aktorların) beynəlxalq tərəfdaşlığı üçün çərçivə təşkil edən mühüm beynəlxalq sənəddir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti