news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 09 may 2015

Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan və Polşa arasında XİN-lər arası siyasi məsləhətləşmələrin növbəti raundunun keçirilməsi məqsədilə Varşavaya səfər edib

6-7 may 2015-ci il tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan və Polşa arasında XİN-lər arası siyasi məsləhətləşmələrin növbəti raundunun keçirilməsi məqsədilə Varşavaya səfər edib.

Azərbaycan Respublikasının nümayəndə heyəti Polşanın rəsmi şəxsləri, o cümlədən Baş Nazirin müavini, İqtisadiyyat Naziri, Polşa-Azərbaycan Hökumətlərarası Müştərək İqtisadi Komissiyasının həmsədri Yanuş Piexoçinski, Xarici İşlər Naziri Qjeqorj Sxetına, Prezident Administrasiyasının Beynəlxalq məsələlər üzrə naziri Yaromir Sokolovski, Xarici İşlər Nazirinin müavini Konrad Pavlik, Milli Təhlükəsizlik Bürosunun direktor müavini Zbiqnev Vlosoviç ilə görüşlər keçirib.

Keçirilmiş görüşlər zamanı iki ölkə arasında siyasi, iqtisadi, humanitar sahələr üzrə münasibətlərimizin hazırkı vəziyyəti və daha da inkişaf etdirilməsi perspektivləri, regional təhlükəsizlik məsələləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib. Həmçinin Hökumətlərarası Müştərək İqtisadi Komissiyanın Varşavada keçirilməsi nəzərdə tutulan növbəti VII iclasına hazırlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Nazir müavini Xələf Xələfov Azərbaycan – Polşa münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini bildirərək, ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu qeyd etdi. O, Azərbaycanın regionda həyata keçirdiyi irimiqyaslı layihələrdə Polşa şirkətlərinin fəal iştirak edəcəklərinə ümidvar olduğunu bildirdi. Bakıda keçiriləcək ilk Avropa Oyunlarında Polşa Respublikasının yüksək səviyyədə təmsil olunacağına işarə edən Xələf Xələfov, Polşa idmançılarına uğurlar arzuladı.

Görüşlər zamanı Polşa tərəfi Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəklədiyini və bu mövqeyin dəyişməz qaldığını bildirdi. Eyni zamanda qarşı tərəf Azərbaycanın Avropa İttifaqı institutları ilə əməkdaşlığının daha da inkişaf etdirilməsini dəstəklədiklərini vurğuladı.

Görüşlərdə Azərbaycan Respublikasının Polşa Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Həsən Həsənov iştirak edib.

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti