Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Vişeqrad Qrupu – Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxışı
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Vişeqrad Qrupu – Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxışı
Budapeşt, 29 aprel 2014-cü il
Hörmətli nazir Martoni,
Hörmətli həmkarlar,
Xanımlar və cənablar,
İlk öncə, Budapeştdə bizə göstərilmiş səmimi qəbul və qonaqpərvərliyə görə öz təşəkkürümü bildirmək istərdim.
Nazirlərin görüşləri Vişeqrad Qrupu (V4) ilə Şərq Tərəfdaşlığı ölkələri arasında birgə fəaliyyətin daha da artırılması üçün ənənəvi illik iclasa çevrilmişdir. İnanıram ki, bugünkü görüşümüz daha öncəki müzakirələrimizin nəzərdən keçirilməsi və bu dialoqun bundan sonra möhkəmləndirilməsi yollarının araşdırılması üçün yaxşı imkan yaradacaqdır.
Azərbaycana gəldikdə isə, V4 ilə əməkdaşlığımızın müvəffəqiyyəti bizim ikitərəfli əməkdaşlığımızın gözəl nailiyyətlərinə əsaslanır. Biz, mütəmadi olaraq qarşılıqlı maraq doğuran məsələlərdə yüksək səviyyəli siyasi dialoqun keçirilməsini dəstəkləyirik. Bizim ölkələr, həmçinin parlamentlərarası əməkdaşlıq çərçivəsində də qarşılıqlı əməkdaşlıq edirlər. V4 ölkələrinin əksəriyyəti ilə mövcud olan Birgə Hökumətlərarası Komissiyalar sözügedən əməkdaşlığın iqtisadi həcminin möhkəmləndirilməsi üçün yaxşı platformadır.
Azərbaycan Cənubi Qafqaz regionunun aparıcı iqtisadiyyatına malik bir ölkə kimi V4 ölkələrinin ən iri ticarət tərəfdaşıdır. Keçən il Azərbaycanın V4 ölkələri ilə ticarət dövriyyəsi 1 milyard ABŞ dollar təşkil etmişdir və bunun artmaqda olduğunu məmnuniyyətlə qeyd etmək istərdik. Sevindirici haldır ki, hər iki tərəf ticarət portfelinin şaxələndirilməsi üçün ənənəvi enerji sektorundan kənara çıxaraq və qeyri-neft sektorunun yaratdığı kənd təsərrüfatı, tikinti, ağır sənaye və əczaçılıq kimi sahələrdə də imkanlardan yararlana bilmişdirlər. Həmçinin Azərbaycan qeyri-neft sektoruna investisiyalar baxımından V4 ölkələri üçün olduqca cəlbedici bazar olaraq qalmaqdadır.
Bu o deməkdir ki, V4 ölkələri, eləcə də Aİ kontekstində bizim mühüm tərəfdaşlarımızdırlar. Bu yaxınlarda, biz, Praqada Şərq Tərəfdaşlığının 5 illiyini qeyd etdik. V4 ölkələri iqtisadi, təhlükəsiz və siyasi sahələrdə bir çox məsələləri əhatə edən yeni öhdəlik mexanizmlərinin qurulması, inkişafı və möhkəmləndirilməsinə imkan yaratmışdırlar.
Azərbaycan Aİ ilə qarşılıqlı razılaşdırılmış prioritetlər və ümumi maraqlara əsaslanan münasibətlərin qurulmasında maraqlı olduğunu bildirən mövqeyinə sadiqdir. Bu əməkdaşlığın dəyəri Azərbaycan ilə Aİ arasında keçmiş və hazırkı uğurlu əməkdaşlıq ilə dəyərləndirilir.
Azərbaycan Cənub Qaz Dəhlizinin reallaşmasına imkan yaratmaqla, Avropanın enerji təhlükəsizliyinin təminatını dəstəkləmək üçün təəhhüd götürmüşdür. Azərbaycan ilə Avropa İttifaqı arasında 2011-ci ildə Cənub Qaz Dəhlizinə dair strateji baxımdan əhəmiyyətli birgə bəyannamənin qəbul olunmasından sonra bu xüsusda olan əzmimizin təzahürü kimi dəhlizin tez bir şəkildə inkişafı üçün tərəfimizdən əsas addım atılmışdır. Trans-Anadolu qaz kəməri, Cənub Qaz Dəhlizinin strateji orta komponenti kimi, tənzimləmə və kommersiya baxımdan müəyyənlik yaradaraq, tərəfdaşlarımızı əmin etmişdir ki, Azərbaycanın təbii qazı Avropaya çatdırılacaqdır. Keçən yay Azərbaycan qazının Avropadan olan tərəfdaşlara çatdırılması üçün Trans-Adriatik boru xətti seçilmişdir. Son olaraq, keçən dekabrda Şah dəniz II layihəsi ilə əlaqədar yekun investisiya qərarları qəbul edilmişdir. Beləliklə, qarşıdan gələn 4-5 ildə istismara veriləcək Trans-Anadolu və Trans-Adriatik boru kəmərləri Cənubi Avropadan olan tərəfdaşlarımızın strateji enerji tələbatını qarşılayacaq və Mərkəzi Avropaya ixrac üçün gələcək yeni həcmləri müəyyən edəcəkdir. Şah dəniz II eləcə də Avropanın enerji infrastrukturunda qarşılıqlı bağlılığı artıracaqdır.
Biz Aİ ilə əməkdaşlığımızın hüququ bazasının gücləndirilməsini alqışlayırıq. Bu yaxınlarda vizaların sadələşdirilməsi və readmissiya, eləcə də yerdəyişmə üzrə tərəfdaşlıq haqqında razılaşmaların imzalanması vətəndaşlarımız arasında daha sıx təmaslar üçün imkanlar yaradacaqdır.
Hərtərəfli institusional quruculuq Şərq Tərəfdaşlığı çərçivəsində inkişaf etdirdiyimiz digər birgə təşəbbüsdür. Hərtərəfli institusional quruculuq vasitəsilə institusional islahat planlarımıza Aİ-nin resurslarının daha çox faydasını cəlb etməyə səy göstəririk. Bu günə olan məlumata görə 3 qrup benefisiar təsisat tam şəkildə fəaliyyət göstərir və onların içərisində dövlət qulluğunda insan resursları üzrə imkanların artırılması prioritet istiqamət kimi seçilmişdir.
Vişeqrad ölkələri Aİ-nin bir sıra tvinniq layihələrində bizimlə tərəfdaşlıq edirlər. Ən yaxşı təcrübələrin dövlət sektorunda tətbiq edilməsini nəzərdə tutaraq, bir neçə layihə üzrə əməkdaşlığımızı davam etdiririk.
Hörmətli həmkarlar,
Mən Aİ-nin Şərq Tərəfdaşlığı məkanında olan həlli uzadılmış münaqişələrlə əlaqədar mövqeyinə dair bir məqamı vurğulamaq istəyirəm. Xüsusilə, Ermənistan-Azərbaycan münaqişəsi ciddi narahatlıq doğuran məsələ olaraq qalır. BMT TŞ-nın qətnamələri əsasında münaqişənin ədalətli və tezliklə həlli və bununla da beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası, eləcə də məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması sülh və sabitliyi gücləndirəcək və hərtərəfli regional əməkdaşlıq üçün imkanlar yaradacaqdır.
Yekun olaraq, Aİ ilə əlaqələrimizin gələcəyini necə gördüyümüz barəsində bir neçə söz deməməyimiz münasib olmazdı.
Sizin hamınız razılaşarsınız ki, inteqrasiya istək və imkanlar kimi iki mühüm meyarın icrasını nəzərdə tutan coxşaxəli prosesdir. Azərbaycan ardıcıl olaraq, birtərəfli prioritetlərdən qaynaqlanan məhdud sahələrlə özünü məhdudlaşdırmaq əvəzinə, özünün imkanlara əsaslanan istəyini vurğulayaraq, daha məqsədyönlü və müxtəlif gündəliyin inkişafının tərəfdarı olmuşdur. Biz hesab edirik ki, Aİ tərəfindən indi təklif olunan assosiasiya çərçivəsi Azərbaycanın və Aİ-nin ehtiyaclarını əks etdirmir. Biz ikitərəfli strateji çərçivəni inkişaf etdirmək üçün Aİ ilə yaxından işləməyə hazırıq.
Təşəkkür edirəm.