Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı
Qəbələ, 15 avqust 2013-cü il
Hörmətli Nazirlər,
Hörmətli Baş katib,
Xanımlar və cənablar!
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edən dost və qardaş ölkələrin hörmətli nümayəndə heyətlərini və Təşkilatımızın əlaqəli qurumlarının təmsilçilərini gözəl Qəbələ şəhərində salamlamaqdan məmnuniyyət duyuram.
İlk öncə Qırğız tərəfini Təşkilatımıza sədrlik missiyasının uğurla tamamlanması münasibətilə təbrik etmək istərdim. Mən, həmçinin Qırğız tərəfinə sədrliyi müddətində Təşkilatımız daxilində əməkdaşlığı genişləndirmək istiqamətində verdiyi töhfələrə görə öz minnətdarlığımı bildirmək istərdim.
Əziz həmkarlar və qonaqlar,
Bu gün, demək olar ki, bütün müstəqil dövlətlər sülhün və sabitliyin qorunması, eləcə də sosial-iqtisadi rifahın və mədəni zənginliyin təmin olunması kimi müasir çağırışlarla üzləşirlər. Şübhəsiz ki, heç bir dövlət kollektiv cəlb olunma və çevik addımlar tələb edən mürəkkəb problemlərin qarşısını təkbaşına ala bilməz. Azərbaycan səylərimizin birləşdirilməsini bu cür çağırışların vaxtında və effektiv cavablandırılması üçün önəmli vasitə hesab edir.
Təşkilatımız bu baxımdan unikal imkanlara malikdir. Bizim əsas vəzifəmiz bu imkanlardan xalqlarımızın sosial-iqtisadi inkişafı naminə effektiv istifadə etməkdir. O cümlədən, Təşkilatımız ortaq mədəniyyətimiz, ənənələrimiz, maddi və xüsusilə mənəvi dəyərlərimizi əhatə etməklə türkdilli xalqların tarixi köklərini qorumaq və təbliğ etmədə əvəzolunmaz rol oynayır.
Müxtəlif sahələrdə əməkdaşlığın əhəmiyyətini azaltmadan, hesab edirik ki, əsas diqqətimiz iqtisadi əlaqələrin gücləndirilməsinə, xüsusilə üzv-dövlətlər arasındakı qarşılıqlı ticarətin və investisiya axınlarının artırılması, ortaq müəssisələrin yaradılması və birgə layihələrin həyata keçirilməsinə dəstək verilməsinə yönəldilməlidir.
Qeyd etmək istərdim ki, Azərbaycanın sədrliyi dövründə üzv-dövlətlər arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsinə xüsusi diqqət veriləcəkdir. Bu baxımdan, Təşkilatımız üçün iqtisadi gündəliyin hazırlanması çox mühümdür. Bu gündəlik, konkret məqsəd və müddətlərin müəyyənləşdirilməsi ilə prioritet əməkdaşlıq sahələrini əhatə etməlidir.
İqtisadiyyat, nəqliyyat və gömrük orqanları rəhbərlərinin görüşlərinin təşkili, o cümlədən bu sahələrdə işçi qrupların görüşləri böyük əhəmiyyət daşıyır. Əminliyimi ifadə etmək istərdim ki, bu görüşlərdə alınan qərar və əldə edilmiş nəticələr Təşkilatımız daxilində əməkdaşlığın inkişafına önəmli töhfə olacaqdır.
Qərarların müəyyən edilmiş vaxt çərçivəsində həyata keçirilməsi və imzalanmış sənədlərin ratifikasiyası bizim Təşkilat çərçivəsindəki əməkdaşlığımızın daha da inkişaf etdirilməsi istiqamətində başlıca məqsədimiz kimi qalmaqdadır.
Qeyd etmək istərdim ki, Azərbaycan Respublikası 2012-ci ildə Bişkek şəhərində keçrilən 2-ci Zirvə Görüşü zamanı imzalanmış sənədlərin ratifikasiyasını demək olar ki, yekunlaşdırmışdır. Başqa üzv-dövlətlər tərəfindən sənədlərin ratifikasiya prosesinin tezliklə yekunlaşdırılmasına və onların həyata keçirilməsinin Təşkilatın effektiv fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərəcəyini xüsusilə qeyd etmək istərdim.
Nəzərinizə çatdırmaq istərdim ki, regional əlaqələndirmənin möhkəmləndirilməsinə yönəlmiş əməkdaşlığın təbliği məqsədi ilə göstərdiyimiz səylərin bir hissəsi kimi, BMT Baş Assambleyasının hazırkı sessiyası çərçivəsində qəbul olunması üçün tərəfimizdən “Daha yaxşı bağlantı və telekommunikasiya tranzit marşrutları üçün əməkdaşlığı inkişaf etdirmə” başlıqlı qətnamə layihəsi irəli sürülmüşdür.
Bu sənəd layihəsi Trans-Avrasiya İnformasiya Super Magistralı haqda 67/194 saylı qətnamənin davamıdır və davamlı inkişaf üçün informasiya-kommunikasiya texnologiyaları (İKT) istifadəsi sahəsində regional və beynəlxalq əməkdaşlığı asanlaşdırmaq üçün bir platforma kimi Avrasiya Bağlantı İttifaqının təsis olunmasını təklifini nəzərdə tutur. Biz türkdilli ölkələrin TASİM layihəsinə göstərdikləri dəstəyi yüksək qiymətləndirir və Avrasiya Bağlantı İttifaqının təsis olunması istiqamətində birgə əməkdaşlığımızın davamlı şəkildə həyata keçiriləcəyinə əminliyimizi bildiririk.
Azərbaycan tərəfi Təşkilatın Katibliyinin fəaliyyətini dəstəkləyir və Təşkilatın Katibliyindən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının inkişaf strategiyasının hazırlanmasını və həyata keçirilməsini nəzərdə tutan yeni və əsaslı təkliflər gözləyir.
Türk Şurasının ixtisaslaşmış qurumları olan TürkPA, Türksoy, Türk Akademiyasının fəaliyyətini qeyd edir və Türk Mədəni İrs Fondunun da tezliklə fəaliyyətə başlayacağına inanıram.
Regional əməkdaşlıq məsələlərini müzakirə edərkən, biz bu cür əməkdaşlığı əngəlləyən amillərdən danışmaya bilmərik. Aqressiv separatizm, milli və etnik mənşəli münaqişələr, dövlətlərimizin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin zorla dəyişməyə yönəlmiş addımlar ciddi təhlükə doğuran hədələr kimi qiymətləndirilməlidir.
20 ildən artıq davam edən Ermənistanın hərbi təcavüzü və əsassız ərazi iddialarının nəticəsində meydana gələn Ermənistan-Azərbaycan münaqişəsi bunun ən bariz nümunəsidir.
Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanın 20% ərazisi işğal altındadır və əhalisinin hər 9-cu nəfəri ya qaçqın, ya da məcburi köçkündür. Biz, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, xüsusi ilə də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən tamamilə, qeyd-şərtsiz və dərhal çıxarılmasını açıq şəkildə tələb edən BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsi əsasında tezliklə həllinin tərəfdarıyıq.
Bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli həlli istiqamətində Azərbaycan Respublikasının səylərini dəstəkləyən üzv-ölkələrə minnətdarlığımı bildirmək istərdim.
Sonda, fəaliyyətimizə uğurlar arzulayaraq, sabahkı Zirvə Görüşünün Təşkilatımızın inkişafı istiqamətində yeni bir mərhələ olacağına əminliyimi bildirmək istərdim.
Təşəkkür edirəm.