news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 30 may 2014

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Qoşulmama Hərəkatının 17-ci Nazirlər Görüşündə çıxışı

Qeyri-rəsmi tərcümə

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Qoşulmama Hərəkatının 17-ci Nazirlər Görüşündə çıxışı

Əlcəzair, 29 may 2014-cü il

Cənab Sədr,

Nazirlər, Zati-aliləri,

Xanımlar və cənablar,

İlk növbədə mənə və nümayəndə heyətimə göstərdiyi səmimi qonaqpərvərliyə görə Əlcəzair Xalq Demokratik Respublikasının hökumətinə təşəkkürümü bildirmək və Əlcəzairi bu görüşə müvəffəqiyyətlə ev sahibliyi etməsinə görə təbrik etmək istərdim.

Mən, həmçinin İran İslam Respublikasının Hərəkata sədrliyini yüksək qiymətləndirir və dərin təşəkkürümüzü bildirmək istəyirəm.

Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra dövlətlərin ikinci ən böyük qrupu olaraq beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması və regional təhlükəsizlikdən başlayaraq sosial və iqtisadi inkişafa qədər çoxsaylı məsələlərin həllində əhəmiyyətli rol oynayır. Dekolonizasiya hərəkatının müvəffəqiyyəti və qlobal sosial inkişaf gündəliyinin yaranması Qoşulmama Hərəkatının başa çatdırdığı nəzərə çarpan nəaliyyətləri arasındadır.

Biz, həyəcanla beynəlxalq sülh və təhlükəsizliyin qorunub saxlanılmasında xroniki uğursuzluğun bəzi işarələrini müşahidə edirik. Beynəlxalq birliyin bəzi aktorlarının beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş norma və prinsiplərinə məhəl qoymaması ciddi narahatlıq yaradır.

Bunun əksi olaraq Qoşulmama Hərəkatı ədalətin və beynəlxalq münasibətlərdə qanunun aliliyinin həqiqi müdafiəçisi qismində çıxış edir. Ən əsası odur ki, beynəlxalq hüquq imtiyaz deyil, zərurətdir.

Beynəlxalq nizamın əsas elementlərinə təsir etməkdə davam edən, milli birliyi, ərazi bütövlüyünü və dövlətlərin stabilliyini pozan əsas təhdid və çağırışlara qarşı vahid yanaşmanı təmin etmək və onları həll etmək üçün daha böyük səylər lazımdır. Beynəlxalq birliyin dövlətlərinin mütləq əksəriyyətini təşkil edən Qoşulmama Hərəkatı beynəlxalq hüququ, BMT Nizamnaməsinin ruhunu və mətnini tam dəstəkləyir. Onun ədaləti təmin etmək üçün əsas missiyası suveren xalqların hüquq və azadlıqlarına açıq-aydın təhdidlər olduğu hallarda xüsusilə əvəzedilməzdir.

Bununla əlaqədar olaraq Azərbaycan Qoşulmama Hərəkatının prinsip və məqsədlərinə xüsusi əhəmiyyət verir. Azərbaycan müstəqil xarici siyasət həyata keçirərək və hər hansı hərbi alyansa qoşulmamaqla beynəlxalq norma və prinsiplərin qorunub saxlanılması, demokratikləşmənin inkişafı, milli və beynəlxalq səviyyədə insan hüquqlarına hörmət və sosial ədalət üçün davamlı addımlar atır.

Mən, həmçinin Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü və suverenliyi çərçivəsində BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı Yekun Sənəddə əks olunmuş Qoşulmama Hərəkatına üzv dövlətlərin dəstəyinə görə təşəkkürümü bildirmək istəyirəm. BMT Təhlükəsizlik Şurasının qətnamələri Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, şərtsiz və tam çıxarılmasını birmənalı şəkildə tələb edir. Bu kontekstdə, Qoşulmama Hərəkatına üzv dövlətlərin çağırışı onların Ermənistan tərəfindən həyata keçirilmiş məlum təcavüz aktı, işğal, etnik təmizləmə, qaçqın və məcburi köçkünlərin hüquqlarının kobud şəkildə pozulmasına qarşı çıxış etməsində həmrəyliyin bariz nümunəsidir.

Əminik ki, bizim buradakı görüşümüz və onun nəticəsində qəbul olunacaq yekun sənəd Hərəkatın prinsip və məqsədlərinin gücləndirilməsinə xidmət edəcəkdir. Ümumi məsuliyyətimiz üçün böyük əhəmiyyət kəsb edən sülh, təhlükəsizlik, ədalət və çiçəklənmə naminə Azərbaycan Qoşulmama Hərəkatının işini dəstəkləmək və irəli aparmaq üçün səylərini əsirgəməyəcəkdir.

Təşəkkür edirəm.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti