Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun NATO-nun Əfqanıstandakı Beynəlxalq Təhlükəsizlik Yardımı Qüvvələrinə Töhfə Verən Ölkələrin Xarici İşlər Nazirlərinin İclasında çıxışı
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun NATO-nun Əfqanıstandakı Beynəlxalq Təhlükəsizlik Yardımı Qüvvələrinə Töhfə Verən Ölkələrin Xarici İşlər Nazirlərinin İclasında çıxışı
Brüssel, 5 dekabr 2012-ci il
Hörmətli cənab Baş Katib,
Hörmətli həmkarlar,
Hər şeydən əvvəl icazə verin mən dostum nazir Rəsulu salamlayım. Mən həmçinin general Allenə göstərdiyi xidmətlərə görə öz təşəkkürümü bildirirəm.
Bizim bu formatda keçirdiyimiz sonuncu görüşdən və Müdafiə Nazirlərinin bu yaxınlarda keçirdikləri görüşdən sonra iki əsas məsələ prioritet kimi ortaya çıxmışdır: Əfqanıstanda NATO missiyasının 2014-cü ildən sonrakı fəaliyyəti və qoşunların bu ölkədən çıxarılması.
NATO-nun etibarlı və sadiq tərəfdaşı kimi ölkəmiz İSAF missiyasının başa çatmasından sonra potensial əməliyyat tərəfdaşı olmaqla, “təlim, məsləhət və yardım” cəhdlərinə töhfə vermək məqsədilə zəruri maliyyə yardımı ayırmış və bu istiqamətdə zəruri imkanlara malikdir. Biz bunu faktiki olaraq artıq bir sıra sahələrdə etməyə başlamışıq.
Qoşunların Əfqanıstandan çıxarılmasına gəldikdə isə, xatırlatmaq istərdim ki, İSAF missiyası üçün qeyri-ölümcül silahların 35% hissəsi məhz Azərbaycan vasitəsilə daşınmışdır və bu gün ölkəmiz qoşunların çıxarılması üçün özünün zəruri infrastrukturunu ayırmış və bunu gələcəkdə daha da artıra bilər. Bu yaxınlarda, Azərbaycan Türkiyə və Gürcüstanla birgə Şimali Atlantika Şurasında İSAF formatında Bakı-Tbilisi-Qars dəmir yolu və Azərbaycanda həyata keçirilən dəniz və hava limanları ilə bağlı müvafiq təqdimatla çıxış etmişdir.
Biz eyni zamanda inanırıq ki, hazırda tikilməkdə olan Bakı-Tbilisi-Qars dəmir yolu və Azərbaycanda tikilən yeni dəniz limanı qoşunların çıxarılmasından sonrakı dövr üçün strateji əhəmiyyətli olacaqdır. Bu layihələr regionda tarixən inkişaf və rifahın mühüm ünsürü olan tarixi İpək Yolunu canlandıracaqdır. Bu layihələrdən ilk olaraq bizim Əfqanıstanlı dostlarımız faydalanacaqlar. Və bu bizim əsas hədəfimizdir.
Əfqan xalqı çox yaxşı bilir ki, Azərbaycan nəinki bu formatda həmçinin ikitərəfli formatda qarşıya qoyulan ümumi hədəfə sadiqliyini qoruyur və biz son məqsədə çatmaq üçün bütün səylərimizi göstərəcəyik.
Təşəkkür edirəm.