news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 17 noyabr 2012

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 39-cu Sessiyasında çıxışı

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 39-cu Sessiyasında çıxışı

Cibuti, 16 noyabr 2012-ci il

Zati Aliləri,

Xanımlar və Cənablar,

Çıxışımın əvvəlində mən rəhbərlik etdiyim nümayəndə heyəti adından Cibuti Respublikasına bir çox müsəlman ölkələri və icmalarının fövqəladə çağırışlarla üzləşdikləri bir zamanda belə mühüm tədbir keçirmək təşəbbüsü ilə çıxış etdiyinə görə təşəkkür etmək istərdim.

Mən həmçinin, Zati Aliləri Prezident İsmayıl Ömər Quelleh və Cibuti xalqına göstərdikləri yüksək qonaqpərvərlik və Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasını yüksək səviyyədə təşkil etdikləri üçün təşəkkür edirəm.

Mən Xarici İşlər Nazirləri Şurasına sədrliyinizin başlanması münasibəti ilə Sizi təbrik edir və bu vəzifənizin icrasında uğurlar arzulayıram.

Eyni zamanda Qazaxıstan Respublikasına Xarici İşlər Nazirləri Şurasının əvvəlki sədri kimi peşəkar və uğurlu fəaliyyətinə görə təşəkkürümü bildirmək istərdim.

Bu gün İslam Ümməti çoxsaylı çağırış və əngəllərlə üzləşmişdir. Yaxın Şərq regionunda son hadisələr qlobal siyasətin əsas və həlli təcili olan məsələlərdən birinə çevrilmişdir. Təəssüflər olsun ki, davam edən münaqişələr və müharibələr insanların ağrı-acılarını daha da dərinləşdirir və nəticədə minlərlə mülki vətəndaş həlak olur və çoxsaylı insanlar öz doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qalır.

Bu istiqamətdə biz Azərbaycanda Suriyadakı vəziyyətdən dərin narahatlıq keçiririk. BMT Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycan Suriyadakı vəziyyətə ən yüksək məsuliyyət hissi ilə yanaşmışdır. Beynəlxalq ictimaiyyətlə birgə Azərbaycan hazırkı böhranın Suriyalıların özlərinin iştirakı ilə aparılan siyasi proses vasitəsilə həlli üçün konstruktiv yanaşmasını davam etdirməyə hazır olduğunu bildirir və Suriyanın suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyini vermək əzmində olduğunu bir daha bəyan edir.

Bundan əlavə, Suriyada zəngin tarixi mirasa malik çoxlu sayda mühüm İslam mədəni abidələri və yerləri mövcuddur. Biz həmçinin, bu kimi yerlərin dağıdılmasının qarşısını almaq istiqamətində səylərimizi davam etdirməli və mədəni irsin gələcək nəsillər üçün qorunub saxlanılmasına nail olmalıyıq.

Fələstindəki vəziyyətlə bağlı narahatlığımız qalmaqdadır. Azərbaycan qardaş Fələstin xalqına sülh və sabitliyin əldə olunması və paytaxtı Şərqi Qüds şəhəri olmaqla suveren və müstəqil dövlətin yaradılması istiqamətində bir daha öz dəstəyini bildirir. Biz, Fələstin xalqının ehtiyac duyduğu yardımın çatdırılması üçün təşkilatımızı səfərbər etdiyinə görə İƏT-in Baş Katibinin fəaliyyətini yüksək qiymətləndiririk. BMT Təhlükəsizlik Şurasının üzvü kimi Qəzzadakı son hərbi toqquşmalar və vəziyyətin pisləşməsi ilə bağlı narahatlığımızı bildiririk. Məlumat vermək istərdim ki, bununla bağlı Nyu Yorkda BMT-in Baş Qərargahında məsləhətləşmələr artıq başlamışdır.

Bundan əlavə, Azərbaycan Hökuməti Mali və Sahel Regionunda mövcud vəziyyətdən narahatdır. Azərbaycan dost Malidə cərəyan edən hadisələri narahatlıqla müşahidə etməkdədir. Bu hadisələr yerli və regional çərçivəni aşmaqla bütövlükdə qitənin sabitliyi və təhlükəsizliyinə ciddi təhdid təşkil edir. Bu baxımdan, biz Afrika Birliyi, ECOWAS və beynəlxalq birliyin sabitliyin bərqərar olunması və Malinin ərazi bütövlüyü və təhlükəsizliyinin təmin olunması prosesinin uğurla yekunlaşması istiqamətində etdiyi səylərini tam dəstəkləyirik.

Biz həmçinin, son zamanlar Myanmar İttifaqının Rakhine Ştatında baş vermiş xoşagəlməz hadisələr və yuxarıda qeyd edilən regionda yaşayan Rohinghya müsəlmanlarının vəziyyətindən narahatlığımızı bildiririk. Biz Myanmardakı Rohinghya Müsəlman İcmasının müsəlman bacı və qardaşlarımızla həmrəyik və günahsız mülki şəxslərin hüquqlarının pozulması və kütləvi qətl hallarını pisləyirik.

Azərbaycan yuxarıda qeyd etdiyim məsələlərlə bağlı İƏT-ə üzv ölkələrin hökumətlərinin səylərini eləcə də İƏT-in Baş Katibi cənab Ekmələddin İhsanoğlunun fəaliyyətini mənunluqla qeyd edir.

Bununla yanaşı, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəaliyyəti zamanı icra etdiyi proqram və təşəbbüslərinə dəstək verməkdə davam edir. Bu yaxınlarda Azərbaycan İƏT-in Baş Katibliyinin fəaliyyətinin dəstəklənməsi üçün üç milyon ABŞ dollar könüllü maliyyə yardımı etmişdir.

Zati-aliləri,

Xanımlar və Cənablar,

Tarixən İslam hər zaman insanlığın zəngin mədəniyyəti və ali məqsədlərini daşıyan və yayan, dünyada tolerantlığın və sülhün tərəfdarı olmaqla, inancından asılı olmayaraq bütün dünya millətlərinin inkişafı və harmoniyasına böyük töhfələr vermişdir. İslamofobiyanın qarşısını almaq məqsədilə İƏT çərçivəsində səylərimizin birləşdirilməsi olduqca zəruridir.

Avropa və Asiyanın kəsişdiyi strateji coğrafi məkanda yerləşən Azərbaycan əsrlər boyu Şərq və Qərb sivilizasiyaları arasında körpü rolunu oynamışdır. Azərbaycan hər zaman dünyada İslam mədəni və mənəvi dəyərlərini təşviq etmişdir. Digər müsəlman ölkələri ilə yanaşı, Azərbaycan Parisdəki Luvr muzeyində yenicə açılmış və özündə İslam sivilizasiyasının memarlıq, incəsənət və digər mədəni nümunələrini əks etdirən “İslam incəsənəti” guşəsinə mühüm yardım etmişdir.

Bir daha İƏT-ə üzv qardaş ölkələrə və İƏT Baş Katibinə Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalı, 1 milyondan artıq Azərbaycan əhalisinin öz doğma yurdlarından qovulması və etnik təmizləməyə məruz qalması və Azərbaycanın minlərlə mədəni və tarixi abidələrinin, o cümlədən İslam irsinə aid ərazilərin və guşələrin dağıdılması və talan edilməsi ilə nəticələnən və bu gün də davam edən Ermənistan - Azərbaycan münaqişəsində verdiyi dəyərli dəstəyə görə minnətdarlığımızı bildirmək istərdim.

Sonda bu mühüm tədbir çərçivəsində məhsuldar müzakirələrin aparılacağını və tədbirin uğurla yekunlaşacağını arzu edirəm. Biz əminik ki, İslam Ümmətinin inkişafı və rifahına xidmət edəcək bütün məqsədlərimizə nail olacağıq.

Təşəkkür edirəm.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti