news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 22 iyun 2005

Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarovun İraqa dair keçirilmiş Beynəlxalq Konfransda çıxışı

Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarovun İraqa dair keçirilmiş Beynəlxalq Konfransda çıxışı

21-22 iyun 2005-ci il

Hörmətli Həmsədrlər,

Xanımlar və Cənablar,

İraqın yeni Keçid Hökuməti üçün əhəmiyyətli məsələləri qaldıran beynəlxalq konfransın təşəbbüskarlarına dərin ehtiramımı bildirmək istərdim. Qəti əminliklə bildirmək istərdim ki, İraq xalqına ləngidilmədən yardım edilməlidir ki, onlar layiq olduqları təhlükəsiz, bölünməz və inkişaf edən dövlət çərçivəsində inamlı gələcəyi qura bilsinlər. Azərbaycanda inanırlar ki, bu ilin avqust ayının 15-ə hazırlanacaq və oktyabr ayının 15-də ümumxalq səsverməsi yolu ilə qəbul olunması nəzərdə tutulan İraq Konstitusiyasının qəbul edilməsi, və bu ilin sonunda seçkilərin keçirilməsi azad və demokratik İraq dövlətinin əhəmiyyətli təməl daşı olacaqdır. Biz İraqın Keçid Hökumətinin bu prosesi şəffaf və ümummilli razılıq əsasında qurması səylərini dəstəkləyirik. Ümid edirik ki, demokratik yolla seçilmiş İraq Hökuməti demokratik, plüralist və vahid İraqın yaradılmasını tezləşdirəcək bütün məqsədləri və strategiyasını həyata keçirəcəkdir. Biz həmçinin İraqda qadın hüquqlarının inkişafını, onların qərarların qəbul edilməsi prosesində və Keçid Milli Məclisində iştirakını alqışlayırıq.

Bununla yanaşı, əsas səylərimiz qanunun aliliyi və ictimai asayişin yaradılmasına yönəlməlidir. Bu, ölkəyə xarici investisiyaları cəlb edərək İraq xalqını öz təbii resursları və onların gətirəcəkləri mənfəət üzərində tam nəzarətini təmin edəcəkdir.

Biz, Dünya Ticarət Təşkilatı və Beynəlxalq Valyuta Fondu da daxil olmaqla, İraqın tam beynəlxalq inteqrasiyasını dəstəkləyirik. İraqın yaxşı idarə olunan ölkəyə uğurlu transformasiyası Böyük Orta Şərqdə sülhün və təhlükəsizliyin qorunub saxlanılmasına əhəmiyyətli imkan yaradacaqdır.

Bu baxımdan, biz, həmçinin, Qonşu Dövlətlərin Təşəbbüsü və regional təhlükəsizliyin təmin edilməsi üçün terrorçuluğun, transsərhəd mütəşəkkil cinayətkarlıq və digər qanunsuz fəaliyyətlərin qarşısını almaq məqsədilə əməkdaşlığın edilməsinə dair 20 aprel 2005-ci ildə İstanbul görüşünün öhdəliklərini alqışlayırıq.

Təəssüflər olsun ki, İraqdakı zorakılıq stabilliyin yaradılmasına mane olaraq hazırkı vəziyyəti kövrək edir. Təhlükəsizlik mühitində zəruri dəyişikliklər edilməli və bütün iraqlılar milli barışığı və qarşılıqlı etibarı yaratmaq üçün bu prosesə qoşulmalıdırlar. Əminik ki, iraqlılar tərəfindən və iraqlılar üçün demokratik gələcəyin yaradılması istiqamətindəki ardıcıl səylər arzulanan nəticəni verəcəkdir.

Lakin, hələ də sülh və təhlükəsizlik İraq vətəndaşlarına öz ölkələrinin dirçəlişində tam iştiraka imkan vermək üçün həyati əhəmiyyətlidir. Azərbaycan, İraqın qurulmasında iştirak edən dövlətlər sırasında olaraq, müharibədən sonrakı quruculuq səylərinə və İraqda təhlükəsizliyin təmin olunması istiqamətində əlindən gələni əsirgəmir. Hal-hazırda, 151 azərbaycanlı sülhməramlı Əl-Hadizədə əhəmiyyətli elektrik stansiyasını mühafizə edirlər.

Azərbaycan, həmçinin, institutlar və qanunçuluğun əsaslarını və ictimai asayişin qorunmasını dəstəkləyir ki, gələcəkdə öz milli təhlükəsizliyini qorumağa qadir silahlı qüvvələrin yaradılması prosesi sürətlənsin. Tərəfdaş dövlət olaraq, Azərbaycan İraq hərbi və polis qüvvələrinin treninqində iştirak etməyə hazırdır.

Müsəlman ölkəsi olaraq, Azərbaycan nəinki İraqın sülhlə qurulması prosesində öz məsuliyyət hissəsini daşıyır, həmçinin 27 iyun 2005-ci ildə Sana şəhərində keçiriləcək İKT Xarici İşlər Nazirlərinin görüşündə İraqa dair müzakirələrdə aktiv iştirak etməyi nəzərdə tutur.

Cənab Sədr,

Bu konfrans müsbət təşəbbüs olmaqla İraqdakı müharibədən sonrakı quruculuq proseslərini, hazırkı islahat gündəliyini və digər müvafiq məsələləri müzakirə etmək, həmçinin prioritet məsələlərə dair İraq perspektivinə qulaq asmaq imkanı verən çox vacib forumdur. Konfrans BMT TŞ 1546-cı qətnaməsində nəzərdə tutulduğu kimi İraq keçid prosesinin siyasi, iqtisadi və təhlükəsizlik aspektlərinin zəruriliyini işıqlandırdı və İraqa dəstək verilməsində hərtərəfli yanaşmanın vacibliyini qeyd etdi.

Yekun olaraq, İraqın ərazi bütövlüyü və suverenliyinə Azərbaycanın şərtsiz dəstəyini bir daha qeyd edərək İraq dövlətin əmin-amanlığı və inkişafı üçün dünya ictimaiyyəti və iraqlılarla işləməkdə böyük marağımızın olduğunu bildirirəm.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti