Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 21-ci iclasında çıxışı
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 21-ci iclasında çıxışı
Tehran, 26 noyabr 2013-cü il
Hörmətli nazirlər və nümayəndə heyətlərinin rəhbərləri,
Xanımlar və cənablar,
Hörmətli həmkarlar,
Nazirlər Şurasının iclasının bütün iştirakçılarına salamlarını çatdırmaqdan məmnunluq duyuram. Bizə göstərilən yüksək qonaqpərvərliyə və iclasın yüksək səviyyədə təşkilinə görə İran İslam Respublikasının hökumətinə dərin təşəkkürümü bildirmək istərdim.
Azərbaycan Respublikası hökuməti adından şuraya sədrlik etmək və təşkilatda sədrliyin davam etdirmək dərin məmnunluq və şərəf hissi doğurur.
Şuranın iclası bizə imkan verir ki, təşkilatın keçən ilki fəaliyyəti nəticəsində əldə olunan nailiyyətləri daha da inkişaf etdirək. Eyni zamanda bu müzakirələr regional əməkdaşlığımızın iqtisadi ölçülərinin gücləndirilməsi yollarına dair geniş strateji müzakirələr aparmaq üçün bizə imkan yaradır.
Şübhəsiz ki, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sədrinin hesabatı və İƏT-in təsisatları və sizlərin çıxışları vasitəsilə bizim əvvəllər qəbul etdiyimiz qərar və təşəbbüslərin həyata keçirilməsində əldə edilmiş nailiyyətlər barəsində daha geniş məlumat alacağıq.
Hörmətli həmkarlar,
Bu gün İƏT ölkələri dinamik iqtisadiyyata malik olaraq, biznes mühitinin yaxşılaşdırılması, rəqabət və innovasiyalar üçün açıqlığa səy göstərən ölkələr kimi tanınırlar.
Ticarət və sərmayələr axınının, kommersiya əlaqələrinin və regionlararası nəqliyyat infrastrukturunun inkişafının artması ilə regional inteqrasiya səylərinin dərinləşməsinin müşahidə olunması bizdə məmnunluq doğurur. Bunlar ümidverici göstəricilərdir, amma biz bunları daha da inkişaf etdirməli və digər qarşılıqlı iqtisadi imkanları araşdırmalıyıq.
Biz bu qənaətdəyik ki, bu çərçivədə əsas diqqət ticarət və nəqliyyatın asanlaşdırılmasına, o cümlədən sərhəd keçid prosedurlarının sadələşdirilməsinə yönəldilməlidir. Bu tədbirlər bizə mövcud regional fiziki infrastrukturdan tam şəkildə faydalanmağa imkan yarada bilər.
Regional infrastrukturun inkişafı əməkdaşlığa dair gündəliyimizin prioritet məqsədi olmalıdır. İƏT xüsusilə dəmir-yol xəttlərinin və onunla bağlı olan digər infrastrukturun modernləşdirilməsi, habelə ümumi dəmir-yol şəbəkəsinin yaradılması və onun Avropa və Yaxın şərq dəmir-yol şəbəkələri ilə əlaqələndirilməsini hədəf seçməlidir. Regional əhəmiyyət daşıyan və inşa olunan dəmir-yol xətlərinin, o cümlədən Qəzvin-Rəşt-Astara (İran) –Astara (Azərbaycan) dəmir-yolunun icrasının erkən tamamlanması region ölkələri üçün yeni cəlbedici tranzit imkanları yaradacaqdır. Bu xüsusda, bu yaxınlarda iclası keçirilmiş Yüksək səviyyəli işçi qrupun fəaliyyətini alqışlayırıq və ümid edirik ki, bu qəbildən olan görüşlər səmərəli nəticələrin əldə olunması baxımdan faydalı platforma rolunu oynayacaqlar. İƏT-in katibliyinə bu layihənin icra olunmasında göstərdiyi səylərə və dəstəyə görə minnətdarlığımızı bildiririk.
2013-cü ildə Azərbaycan öz peykini səmaya çıxarmaqla, kosmik ölkələr klubuna qoşulmuş və Dünya iqtisadi forumunun “2013-2014-cü illər üzrə Qlobal rəqabətlilik hesabatı”na əsasən 148 dünya dövləti arasında qlobal rəqabətlilik indeksinə görə 39-cu olmuşdur. Bu qəbildən olan milli nailiyyətlər region daxilində qarşılılıqlı fəaliyyətin təşviq edilməsi baxımdan əlavə imkanlar yaradır. Bu baxımdan, məmnunluqla qeyd etmək istərdim ki, Azərbaycan Əfqanıstanda informasiya və kommunikasiya texnologiyaları və elektron hökumət konsepsiyasının inkişafına töhfə vermək niyyətində olduğunu bildirmişdir. Bundan əlavə, biz ümid edirik ki, BMT qətnaməsi və fərdi olaraq 21 dövlət, o cümlədən əksər İƏT üzv ölkələri tərəfindən dəstəklənmiş şərq-qərb arasında yüksək sürətli optik lifli internet zolağının yaradılmasına dair Azərbaycanın təşəbbüsü region daxili və regionlararası əməkdaşlığımızda yeni səhifə açacaqdır.
İƏT çərçivəsində qarşılıqlı əməkdaşlığın mövcud mexanizmlərini inkişaf etdirmək üçün kreativ yolların və vasitələrin tapılması həm regiondaxili, həm də regional səviyyədə inteqrasiya proseslərini sürətləndirəcəyinə ümid edirik. Bu həmçinin, təşkilatımızın hazırkı fəaliyyətini də gücləndirəcəkdir. Biz, təsirin qiymətləndirilməsi baxımdan əsas fəaliyyətimizi nəzərdən keçirməklə başlamalıyıq.
Azərbaycan təşkilatın effektiv və səmərəli quruma çevrilməsi üçün İƏT-də islahatların aparılması prosesini dəstəkləyir. Ümid edirik ki, səylərimizi birləşdirə və İƏT-in gələcək inkişafı üçün, xüsusilə qanunla müəyyən edilmiş sənədlərin, İƏT çərçivəsində hüquqi və institusional imkanların təkmilləşdirilməsi, həmçinin işçi metodları səmərələşdirəcək tədbirlərin işlənib hazırlanmasını təmin edə bilərik. Qarşılıqlı təmasların gözlənilən təsirini, eləcə də müvafiq sahələrdə ayrı-ayrı ölkələrin müqayisəli üstünlüyü nəzərə alaraq, əməkdaşlıq üçün prioritet sahələrin prioritet siyahısının müəyyənləşdirilməsinə ehtiyacın olduğunu qəbul edirik.
Elm və tədqiqat sahəsində əməkdaşlığın genişləndirilməsi, həmçinin, regional inkişafa əsaslanan biliklərin təşviqi istiqamətində müsbət irəliləyiş yarada bilər. Ona görə də, biz inanırıq ki, İƏT Tədqiqat Mərkəzinin yaradılması və İƏT Tədqiqat Mərkəzinin Nizamnaməsinin erkən qəbul edilməsi bu məqsədlərə nail olmaq üçün katalizator rolunu oynaya bilər. Fürsətdən istifadə edərək, məmnunluqla bütün üzv dövlətlərdən bu təşəbbüsü dəstəkləməyi xahiş edirəm.
Digər tərəfdən, Təşkilatın fəaliyyəti üçün praqanozlaşdırma və davamlı maliyyələşmə çox əhəmiyyətli məsələdir. İƏT-in daimi büdcəsinə vaxtaşırı ödənişlər üçün ehtiyacın olduğunu qəbul edərək, İƏT və onun institutlarının maliyyə vəsaiti toplamaq fəaliyyətlərinin əhəmiyyətini qiymətləndirməyə bilmərik.
Hörmətli həmkarlar,
Biz unutmamalıyıq ki, hər bir üzv dövlətin təhlükəsizliyi və sabitliyi ayrılmaz şəkildə digər üzv dövlətin təhlükəsizliyi ilə bağlıdır. Həlli uzanmış münaqişələri tənzimləmədən və regionda təhlükəsizlik və sabitliyi təmin etmədən, İƏT hərtərəfli regional əməkdaşlıqdan tam şəkildə fayda götürə bilməyəcəkdir. Amma, təəssüf ki, biz bəzi hallarda bu məsələlərin tələb etdiyi şəkildə onlara münasib diqqət ayırmırıq.
İƏT çərçivəsində Cənubi Qafqaz həlli uzanmış münaqişələrdən əziyyət çəkən digər bir regiondur. Ermənistan-Azərbaycan münaqişəsi hələ də əsas qeyri-sabitlik mənbəyi, regional inkişafa və tammiqyaslı regional əməkdaşlığa mane olaraq qalmaqdadır. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının bərpa edilməsi ilə mən inanıram ki, regionda hər bir tərəf üçün qarşılıqlı uduşlu inkişaf şəraiti yarana bilər.
İƏT həyata keçirdiyi fəaliyyət sayəsində üzv dövlətlər və alt təsisatları kimi güclü və fəaliyyətdə olan təşkilatdır. Biz səylərimizi səfərbər edərək regional əməkdaşlığın təmin edilməsində və regionlarımızda öz mövqeyini gücləndirməkdə fərqli imkanlar yaradan İƏT-ə yardım etməliyik.
Nitqimin sonunda nümayəndə heyəti adından Tehran kommunikesində birgə mövqeyin ifadə olunmasında göstərdiyi səylərə görə bütün ekspertlərimizə təşəkkürümü ifadə etmək istərdim.
Sağ olun.