news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 20 yanvar 2017

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun İƏT Xarici İşlər Nazirləri Şurasının fövqəladə sessiyasında çıxışı

qeyri-rəsmi tərcümə

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun İƏT Xarici İşlər Nazirləri Şurasının fövqəladə sessiyasında çıxışı 

19 yanvar 2017-ci il, Kuala Lumpur

Bismillahir Rəhmanir Rəhim!

Cənab Sədr,

Cənab Baş Katib,

Zati-aliləri, xanımlar və cənablar,

İlk olaraq, mən Malayziya Respublikasının Hökumətinə, cənab Baş Nazirə və mənin yaxın dostum və qardaşım, xarici işlər naziri cənab Dato' Sri Anifah Hj. Amana bu sessiyanı mükəmməl təşkil etdiklərinə, mənə və nümayəndə heyətimizə yüksək qonaqpərvərlik göstərdiklərinə görə öz dərin təşəkkürümü bildirmək istərdim. Biz həmçinin İƏT-in yeni seçilmiş Baş Katibi cənab Yusif bin Əhməd-Osayminin dünya müsəlmanlarının problemlərinə təcili şəkildə münasibət bildirilməsi və onların ləyaqət, mədəniyyət və dini mənsubiyyətlərinin qorunub saxlanılması istiqamətində gördüyü mükəmməl işləri yüksək qiymətləndiririk.

İslam mədəniyyəti və mənəvi dəyərlərini daimi əsasda bütün dünyada təşviq edən və İslam Ümməti ilə güclü həmrəyliyini ifadə edən ölkə kimi Azərbaycan İƏT-in fəal siyasətinin inkişaf etdirilməsində çox maraqlıdır və qardaş İslam ölkələri ilə münasibətlərini daha da gücləndirməyi hədəf seçib. Bu məqamda qeyd etməyi özümə şərəf bilirəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2017-ci ilin İslam Həmrəyliyi İli elan olunması ilə bağlı sərəncam imzalayıb.

Cənab Sədr,

Bir sıra müsəlman ölkələrində mövcud vəziyyətin ümumi mənzərəsi bizim hamımız üçün ciddi narahatlıq yaratmaqda davam edir. Bu, İslam həmrəyliyi üçün öhdəliyimizi yenidən təsdiq etməyin və ehtiyacı olanlara dəstəyi artırmağın zəruriliyini göstərir. Biz üzv ölkələrimizin ədalətli mövqeyinin müdafiə olunmasında qətiyyət göstərməkdə davam etməli və qeyri-müsəlman ölkələrində müsəlman qardaş və bacılarımızın hüquqlarını qorumalıyıq.
Çox təəssüf ki, Rohinqyada vəziyyət İslam Ümməti üçün ciddi narahatlıq yaratmaqda davam edir və İƏT üzv dövlətlərindən vahid mövqe tələb edir. Biz Rakhine ştatında minlərlə müsəlmanı öz yurdlarından didərgin düşməyə məcbur edən ciddi zorakılığa və humanitar böhrana biganə qalmalı deyilik.

Ermənistan Respublikası tərəfindən ölkəmizin bir hissəsinin bədnam işğalı və etnik təmizləmə faktları ilə müşayiət olunan hərbi təcavüzünün nəticəsi olaraq, uzun müddətdir ki qaçqın və məcburi köçkün problemi ilə üzləşən Azərbaycan ədalətsizlik və məşəqqətlərdən əziyyət çəkənləri yaxşı başa düşür. Buna görə biz Rohinqyanın mülki əhalisinin öldürülməsi və həbs edilməsi, onların evlərinin və dini ibadət yerlərinin dağıdılması kimi reppressiya hərəkətlərini kəskin şəkildə pisləyir və Myanma rəhbərliyini bu humanitar böhranı aradan qaldırmağa və Myanmanın müsəlman əhali yaşayan hissəsində ləyaqət və sabitliyi bərpa etməyə çağırırıq.

Bu məqamda, mən Sivilizasiyalar Alyansının təşəbbüskarlarından biri kimi, Türkiyə Respublikasının dinlər və icmalararası dialoqun təşviq edilməsi məqsədilə Buddist və Müsəlman icmaları arasında görüşün keçirilməsi ilə bağlı fəaliyyətinə tam dəstəyimizi ifadə edirəm. Mən inanıram ki, bu yanaşma mühüm əhəmiyyətə malikdir və davam etdirilməlidir. Çünki bu qarşılıqlı anlaşmanın təşviqi üçün möhkəm əsas yaradaraq daha da artıq dərəcədə müəyyənliyin yaranmasına gətirib çıxarır.
İnanıram ki, İƏT Kontakt Qrupunun səyləri Mayanma hökuməti və Rakhine ştatında yaşayan müsəlman icması arasında sülhün bərpa edilməsi, onların təhlükəsizliyinin qorunması və onların fundamental hüquqlarının təmin olunması ilə nəticələnəcəkdir.

Hörmətli həmkarlar,
İsrail-Fələstin münaqişəsi bizim üçün ağrılı məsələdir. Mən qardaş Fələstin xalqına sülh və sabitlik əldə etmək və müstəqil dövlət yaratmaq uğrunda mübarizəsində Azərbaycanın tam dəstəyini bir daha bəyan etmək istərdim. Azərbaycan İsrail-Fələstin münaqişəsinin bu müqəddəs torpaqda çoxdan gözlənilən, hərtərəfli, uzunmüddətli və ədalətli sülh, təhlükəsizlik və davamlı inkişafın əldə olunmasının yeganə təminatı olan iki dövlət əsasında həllini dəstəkləyir. Biz İƏT tərəfindən Fələstin xalqını dəstəkləmək və Fələstin məsələsinə xidmət etmək üçün görülən işləri təqdir edirik.
Yekun olaraq, mən bu əhəmiyyətli tədbirə uğurlu müzakirələr arzulayir və İƏT-in Baş Katibi cənab Yusif bin Əhməd-Osaymin və onun işgüzar kollektivinə Təşkilatımızın məqsəd və prinsiplərinin həyata keçirilməsində göstərdikləri peşəkarlığa görə təşəkkürümü bildirmək istərdim.

Çox sağ olun!

Əssələmu aleykum və rahmətullahi və bərəkatuhu.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti