Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun BMT TŞ-nin beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında BMT ilə regional və sub-regional təşkilatlar arasında əməkdaşlıq mövzusunda açıq müzakirələrdə çıxışı
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun BMT TŞ-nin beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında BMT ilə regional və sub-regional təşkilatlar arasında əməkdaşlıq mövzusunda açıq müzakirələrdə çıxışı
Nyu-York, 7 avqust 2013-cü il
Qeyri-rəsmi tərcümə
Zati-Aliləri xanım Prezident,
Zati-Aliləri,
Xanımlar və cənablar,
Mən, ilk öncə beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında BMT ilə regional və sub-regional təşkilatlar arasında əməkdaşlıq kimi vacib və aktual mövzu ilə əlaqədar görüşə sədrlik etdiyinə görə Argentina Respublikasının Prezidenti zati-aliləri xanım Kristina Fernandez de Kirçnerə təşəkkürümü bildirmək istərdim. Biz həmçinin, brifinqlərin təşkili üçün Baş katib Ban Ki-moona, Afrika Birliyinin nümayəndələrinə, Ərəb Dövlətləri Liqasına, Latın Amerikası və Karib Dövlətləri İttifaqına və Cənubi Amerika Ölkələri Birliyinə öz təşəkkürümüzü bildirmək istərdik.
BMT nizamnaməsinə uyğun olaraq, Təhlükəsizlik Şurasında iştirak edən Üzv Ölkələr beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyəti daşıyırlar və bu məsuliyyət altında öz vəzifələrini icra etmək üçün TŞ-nin onların adından çıxış etməsinə dair razılığa gəlmişlər. Eyni zamanda, Nizamnamənin 8-ci bəndi münaqişələrin sülh yolu ilə həllində BMT ilə regional təsisatlar arasındakı əməkdaşlığı təşviq edir.
2005-ci il Dünya Sammitindən və TŞ-nin 1631 saylı qətnaməsinin qəbulundan bu günədək, BMT ilə regional tərəfdaşlar arasında beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasından, inkişafa humanitar yardım və insan hüquqlarının qorunmasına qədər olan bütün sahələrdə əlaqələrin gücləndirilməsi istiqamətində mühüm irəliləyişə nail olunmuşdur. Bir sıra hallarda aidiyyəti regional təşkilatların BMT nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun olaraq, beynəlxalq və regional sülhün, təhlükəsizliyin və əməkdaşlığın təşviqində əvəzsiz mexanizmlər olduğu sübut edilmişdir. Mən bu misalların bəzilərinə istinad etmək istərdim.
Son on ildə Afrika Birliyinin rolu əhəmiyyətli dərəcədə artmışdır. Şübhəsiz ki, TŞ-nin müzakirələrinin əhəmiyyətli hissəni təşkil edən Afrikanın bu gün üzləşdiyi problemlər birgə siyasi və diplomatik vasitələrlə daha yaxşı həll edilə bilər. Bu xüsusda, sülh və təhlükəsizlik sahəsində BMT ilə Afrika Birliyi arasında strateji əlaqələrin inkişafında əldə olunmuş irəliləyişi alqışlayırıq.
Ərəb Dövlətləri Liqası da regionda sülh, təhlükəsizlik və sabitliyin inkişafında aparıcı regional təşkilatlardan biri olduğunu sübut etmişdir. Biz, BMT ilə Ərəb Dövlətləri Liqası arasındakı əməkdaşlıqdan, o cümlədən münaqişənin qarşısının alınması və həllində, böhran vəziyyətlərinin həlli və idarə olunmasında və terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi mühüm vəzifələrin həyata keçirilməsi sahəsində vacib rol oynamasından məmnunuq. Biz əminik ki, BMT ilə Ərəb Dövlətləri Liqası arasındakı davamlı əlaqə və möhkəm əməkdaşlıq regionda sülh və təhlükəsizliyə mühüm töhfə verəcəkdir.
Təhlükəsizlik Şurasının üzvü, Afrika Birliyi və Ərəb Dövlətləri Liqasında müşahidəçi olan Azərbaycan, BMT ilə bu regional təşkilatlar arasındakı tərəfdaşlıq əlaqələrinin inkişafını bundan sonra da dəstəkləyəcəkdir.
Biz həmçinin, Latın Amerikası və Karib Dövlətləri İttifaqı və Cənubi Amerika Ölkələri Birliyi kimi yeni sub-regional təşkilatların fəaliyyətini qeyd etməklə yanaşı, onların bu görüşdə iştirakını və müzakirələrə töhfə verməsini alqışlayırıq.
Bununla yanaşı, İslam Əməkdaşlıq Təşkilatı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası kimi üzv dövlətlərin ümumi mədəniyyət və dil dəyərləri əsasında formalaşmış təşkilatların rolunun artması, qarşılıqlı maraq doğuran geniş gündəlikdə BMT ilə bu təşkilatların əməkdaşlığını və qarşılıqlı əlaqəsini genişləndirmək məqsədinə daha yaxşı xidmət edəcək imkanların və müvafiq yanaşmaların tədqiqinə zərurət yaradır.
Eyni zamanda, etiraf etməliyik ki, ciddi təhdidlər hələ də qalmaqdadır. Bununla belə, bir qayda olaraq regional təşkilatlar öz regionlarına bələd olduqlarına görə hərbi münaqişələrin səbəblərini daha yaxşı başa düşmək iqtidarında olsalar da, hər halda aşkardır ki, onların heç də hamısı üzv dövlətlərin nizamnamə öhdəliklərinə əməl etməsini təmin edəcək bacarığa, siyasi istək və institusional imkanlara malik deyillər.
Birinci və hər şeydən öncə üzv dövlətlərin öz öhdəliklərinə sadiq qalması, Nizamnamədə təsbit edildiyi kimi suverenlik, ərazi bütövlüyü və dövlətlərin siyasi müstəqilliyinə hörmət edilməsi həlledici amildir. Biz hərbi münaqişələr zamanı bəzi hallarda beynəlxalq norma və prinsiplərin təhrif olunması cəhdlərinin edilməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl olunmamasına narahatçılığımızı ifadə edirik. Ona görə bu əhəmiyyətlidir ki, bu gün bizim görüşümüzdə TŞ münaqişənin qarşısının alınması üçün əlaqəli şəkildə beynəlxalq tədbirlərin görülməsinin əhəmiyyətini ifadə etdi və Nizamnaməyə, həmçinin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq mübahisələrin sülh yolu ilə həlli və münaqişələrin qarşısının alınması məqsədilə regional səviyyədə səylər göstərilməsi üçün BMT-nin orqan və institutlarının da daxil olduğu beynəlxalq birliyə çağırış etdi.
Təhlükəsizlik Şurası həmçinin, regional tərəfdaşların hər zaman sülh və təhlükəsizlik sahəsində öz fəaliyyətləri barədə məlumat verməli olduqlarını vurğuladı. Prioritet məsələ kimi Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə, xüsusilə münaqişələrin qarşısının alınması, idarə və həll edilməsi ilə əlaqəli qətnamələrə daha çox diqqət ayrılmalıdır.
O, da həmçinin əhəmiyyətlidir ki, münaqişə və münaqişədən sonrakı vəziyyətlə məşğul olan müvafiq təşkilatlar və qurumlar əmin olmalıdırlar ki, sülh və ədalət hər ikisi qarşılıqlı möhkəmləndirici formada mövcud olur. Bu cür yanaşma beynəlxalq hüquqa zidd şəkildə sülhə nail olmanın mümkünsüzlüyünü təmin edir. Bu anlayış xüsusilə ona görə əhəmiyyətlidir ki, təkcə münaqişə tərəfləri üçün deyil, həmçinin bütövlükdə beynəlxalq birlik və uyğun olduqda, regional səviyyədə həyata keçirilən vasitəçilik səyləri üçün istiqamət verə bilər
İndicə qəbul olunan prezident bəyanatında Təhlükəsizlik Şurası xüsusi vurğuladı ki, keçmişdəki səhvlərin təkrarlanmaması üçün münaqişə zamanı cəzasızlığın sona çatması və münaqişədən sonrakı dövrdə cəmiyyətlərin atdığı addımlar əhəmiyyətlidir və regional və sub-regional təşkilatlar fərdi məsuliyyət naminə əməkdaşlıq etməlidirlər. Ərazilərinin əhəmiyyətli hissəsinin işğalından və geniş miqyasda etnik təmizləmədən əziyyət çəkən ölkə kimi Azərbaycan dünyanın müxtəlif bölgələrində həlli uzadılmış münaqişələri və onların humanitar və insan hüquqları baxımından nəticələrinin həllinə yönəlmiş işlərin görülməsinə dair yanaşmaları güclü şəkildə dəstəkləyir.
Sonda, Xanım Prezident, mən bir daha bu əhəmiyyətli görüşə sədrlik etdiyi üçün Argentinaya təşəkkürümü bildirirəm və onun nəticəsi kimi prezident bəyanatının qəbul edilməsini alqışlayıram. Biz həmçinin, Argentina nümayəndə heyətinə avqust ayında uğurlu sədrlik arzulayırıq.
Sağ olun.