news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 14 fevral 2013

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun BMT Təhlükəsizlik Şurasının silahlı münaqişələr zamanı mülki əhalinin qorunmasına həsr olunmuş açıq debatda çıxışı

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun BMT Təhlükəsizlik Şurasının silahlı münaqişələr zamanı mülki əhalinin qorunmasına həsr olunmuş açıq debatda çıxışı

13 fevral 2013-cü il

Cənab Sədr, Baş Katib, 

Xanımlar və Cənablar,

Çıxışımın əvvəlində mən silahlı münaqişələr zamanı mülki əhalinin qorunması və mövzuya dair konseptual mövqeyin (S/2013/75) təqdim olunması kimi mühüm mövzuya dair açıq debatın çağırılmasına görə Koreya Respublikasına və şəxsən cənab Nazir, sizə təşəkkür edirəm. Biz həmçinin, Baş Katibə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına və Beynəlxalq Qırmızı Xaş Komitəsinin Direktoruna verdikləri bəyanata görə minnətdarlığımızı bildiririk.

Cənab Sədr,

İkinci Dünya Müharibəsində törədilmiş dəhşətli qırğınlar Birləşmiş Millətlər Təşkilatının yaranması, sülh və insan hüquqlarına hörmət kimi fundamental dəyərlərin qəbul olunması və beynəlxalq hüquq institutlarının təsis olunmasına özül yaratmışdır. Mülki əhalinin qorunması üçün beynəlxalq norma və standartların əhəmiyyətli dərəcədə təkmilləşdirilməsi, bir sıra mühüm sənədlərin qəbulu və onların icrası istiqamətində atılmış praktiki addımlar da daxil olmaqla, Təhlükəsizlik Şurasının bu məsələdə iştirakı, sözügedən mövzuya diqqəti artırmışdır.

Bütün bunlara baxmayaraq, sülhün, ədalətin və rifahın hakim olduğu bir dünya qurmaq istiqamətində görülmüş səylər heç də hər zaman ardıcıl və uğurlu olmamışdır. Bunun nəticəsində mülki əhali hələ də silahlı münaqişələr zamanı lazımi qorunmanın olmamasından və ayrı-seçkiliyə əsaslanan münasibətdən əziyyət çəkməkdədir. Baş Katibin mövzuya dair hazırladığı sonuncu hesabatda da qeyd olunduğu kimi, "müəyyən irəliləyişin olmasına baxmayaraq, real vəziyyət münaqişə tərəflərinin bir çox hallarda mülki əhalinin qorunması və hörmət edilməsi ilə əlaqədar beynəlxalq humanitar hüquq üzrə öhdəliklərinə, eləcə də insan hüquqları üzrə digər müvafiq öhdəliklərinə əməl etmədiyini göstərir. " (S/2012/376, para. 4).

Müzakirə etdiyimiz məsələyə dair Azərbaycanın ardıcıl və qətiyyətli mövqeyi hamıya məlumdur və bizim bu mövqeyimiz davamlı sülh və inkişafın əldə olunmasına töhfə vermək istəyimizdən və silahlı münaqişələrin mülki əhaliyə təsirinin aradan qaldırılması ilə bağlı praktiki təcrübəmizdən qaynaqlanır.

Qonşu Ermənistan tərəfindən bizim ölkəmizə qarşı müharibə və ərazilərimizin hərbi işğalı mülki əhaliyə ciddi mənfi təsir göstərmişdir. Təcavüz nəticəsində Azərbaycan dünyada qaçqınların və məcburi köçkünlərin ən çox olduğu ölkələrdən birinə çevrilmişdir və hazırda ölkəmizdə hər doqquz nəfərdən biri bu kateqoriyaya aiddir. İyirmi bir il öncə Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı misli görülməmiş kütləvi qırğın törədilmişdir. Həmin şəhərdə təkcə bir gecədə 600-dən artıq mülki şəxs sırf azərbaycanlı olduqları üçün qətlə yetirilmişdir. Ermənistanın işğalçı hərbi birləşmələri və yerli qeyri-nizami silahlı qruplar qadınlara, uşaqlara və yaşlılara da rəhm etməmişlər.

Azərbaycan ərazilərinin işğalı ilə bağlı Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə xüsusilə beynəlxalq humanitar hüququn pozulması, o cümlədən Azərbaycanda çoxsaylı mülki əhalinin yerlərindən qovulması və mülki əhalinin məskunlaşdığı yaşayış məntəqələrinə hücumlar və bombardmana diqqət yönəldilmişdir. Biz əminik ki, həm milli səviyyədə, həm də mövcud beynəlxalq hüquqi çərçivədə atılacaq ardıcıl addımlar münaqişə zamanı Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərə məsul olanları ədalət mühakiməsinə çıxaracaqdır. Danılmaz faktdır ki, bu gün heç bir rəsmi və ya siyasi status ən qatı beynəlxalq cinayətlər, o cümlədən hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər, soyqırım və etnik təmizləmədə adı hallandırılan heç bir şəxsə immunitet verə bilməz.

Son illərdə mülki əhalinin hüquqlarının qorunması və beynəlxalq miqyaslı cinayətlərin qarşısının alınması və onu törədənlərin cəzalandırılması istiqamətində mühüm addımlar atılmışdır. Həqiqətən də, cəzasızlıq mühitinə son qoyulması nəinki münaqişə tərəflərinin və ayrı-ayrı cinayətkar fərdlərin məsuliyyətinin müəyyələnləşdirilməsi, eləcə də davamlı sülh, həqiqət, barışığın təsis olunması, münaqişə qurbanlarının hüquq və maraqlarının təmin olunması və bütövlükdə cəmiyyətin rifahı baxımından mühüm əhəmiyyət kəsb edir.

Təəssüf ki, beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqlarının normalarının kobud şəkildə pozulması ilə bağlı bütün hallara beynəlxalq və regional səviyyədə lazımi diqqət və reaksiya verilməmişdir. Bunun nəticəsində keçmişdə törədilmiş, lakin cəzalandırılmamış və tanınmamış cinayətlər çoxdan gözlənilən sülhün və barışığın əldə edilməsinə əngəl törətməkdədir. Bunlar hətta yeni münaqişələrin ortaya çıxması və yeni cinayətlərin törədilməsinə yol aça bilər.

Bu kimi hallarda cəzasızlığa son vermək üçün daha qətiyyətli və hədəfə yönəlmiş addımların atılması vacibdir. Biz Baş Katibin bu fikri ilə razılaşırıq ki, yerli hakimiyyət orqanları cinayətin törədilməsinə məsul şəxslərə qarşı müvafiq hüquqi addımlar ata bilmədikdə, beynəlxalq ictimaiyyət və Təhlükəsizlik Şurası müvafiq reaksiyanın verilməsi üçün beynəlxalq təhqiqat komissiyaları, faktaraşdırıcı missiyaların qurulması və onların tövsiyələrinin yerinə yetirilməsi vasitəsilə, təşəbbüsü ələ almalı və daha fəal rol oynamalıdır. Həmçinin vurğulamaq lazımdır ki, müvafiq humanitar mandatlar çalışmalıdır ki, bütün silahlı münaqişələr, o cümlədən həlli uzadılmış münaqişələrə beynəlxalq ictimaiyyət tərəfindən müvafiq diqqət yetirilsin.

Cənab Sədr,

Bir daha xatırlatmaq istərdim ki, beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqlarının kobud pozuntusu halları ilə bağlı həqiqətin ortaya çıxarılması, münaqişə qurbanlarına müvafiq təzminatın verilməsi və bu kimi hüquq pozuntularının təkrarlanmasının qarşısını almaq üçün institusional addımların atılması münaqişələrin həqiqi mənada həlli və beynəlxalq cinayət hüququnun səmərəli və siyasi baxımdan güzəştsiz sistemini təsis olunması üçün mühüm zəruri komponentlərdir. İstənilən halda Təhlükəsizlik Şurası tərəfindən münaqişələrin həlli ilə bağlı nəzərdən keçirilən təşəbbüslər və regional mexanizmlər sülhün və ədalətin səmərəli şəkildə birgə işləməyini təmin etməlidir. Bu yanaşma onu nəzərdə tutur ki, bütün münaqişələr beynəlxalq hüquqa uyğun şəkildə nizamlanmalıdır və bu, xüsusilə beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüququnun əsas norma və qaydaları üçün keçərlidir.

Sülh cəhdləri və sülh müqavilələri heç bir zaman gücün qeyri-qanuni istifadəsi və beynəlxalq hüququn kobud pozuntusu, o cümlədən hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər, soyqırım və etnik təmizləmə vasitəsilə ortaya çıxmış vəziyyətin tanınmasını təşviq etmir.

Digər tərəfdən, həlli uzadılmış silahlı münaqişə vəziyyətində siyasi məsələlərlə bağlı razılaşmanın olmaması beynəlxalq humanitar hüquq və insan hüquqlarının davamlı və qəsdən pozulması nəticəsində ortaya çıxmış problemlərin həll olunmaması üçün bəhanə kimi istifadə oluna bilməz.

Bu məsələdə xüsusi diqqət əhalinin zorla yerdəyişməsi və xarici hərbi işğal nəticəsində vəziyyəti daha da kəskinləşmiş mülki əhalinin qorunmasına yönəldilməlidir. Münaqişənin mənzil təminatına, torpaq və mülkiyyətə olan təsiri, eləcə də etnik ayrı-seçkilik və zoraki demoqrafik dəyişikliklər daha ardıcıl və qətiyyətli yanaşma tələb edir ki, bununla qeyri-qanuni praktikaya, siyasətə son qoyulsun və yerlərindən qovulmuş əhalinin öz doğma yerlərinə ləyaqətli və təhlükəsiz şəkildə geri qayıtmaları təmin olunsun.

Mülki əhalinin geri qayıtmaq hüququnun tanınması, eləcə də onun praktiki yerinə yetirilməsi və geri qayıtmağa mane olan əngəllərin ortadan qaldırılmasına beynəlxalq ictimaiyyətin diqqəti sistemli olmalıdır. Baş Katibin silahlı münaqişələr zamanı mülki əhalinin qorunması ilə bağlı əvvəlki hesabatlarının birində qeyd etdiyi kimi, "geri qayıtmaq hüququnun təmin olunması etnik təmizləmə nəticəsində qazanılanların birmənalı rədd olunması deməkdir … və öz doğma evlərindən və torpaqlarından didərgin salınmış şəxslərə müəyyən mənada ədalət təmin etməklə gələcəkdə mümkün gərginlik və münaqişə mənbəyini aradan qaldırmış olur" (S/2007/643, para. 55).

Təcili tədbirlərin görülməsini tələb edən vacib məsələlərdən biri də qadın və uşaqlar da daxil olmaqla silahlı münaqişələr zamanı girov götürülmüş və itkin düşmüş mülki insanlarla bağlıdır. Azərbaycan narahatlıq doğuran bu vəziyyətin aradan qaldırılması üçün BMT Baş Assambelyasının iki ildə bir dəfə qəbul etdiyi qətnamələri və əsas dəstəklçilərindən olduğu Qadınların Statusu üzrə Komissiyanın fəaliyyətini dəstəkləməklə öz səylərini davam etdirir.

Cənab Sədr,

BMT-nin Təhlükəsizlik Şurası tərəfindən mülki əhalinin qorunması məsələsinin daim nəzarətdə saxlanması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan brifinq və məsləhətləşmələr zamanı, eləcə də “Arria formulası” kimi qeyri-rəsmi görüşlərdə, mövzuya dair daha sistemli və sıx müzakirələrin keçirilməsini dəstəkləyir. Çıxışımın sonunda mən bir daha Koreya Respublikasına mülki əhalinin qorunmasına həsr edilmiş açıq debat təşəbbüsü ilə çıxış etdiyinə və bu mühüm məsələni Təhlükəsizlik Şurasının gündəliyinə daxil etdiyinə görə təşəkkür edirəm. Biz həmçinin, bugünkü iclasın sonunda Sədrin adından qəbul olunacaq və bizim mövzuya dair yuxarıda qeyd etdiyimiz mövqe və yanaşmamızın bir sıra mühüm komponentlərini özündə əks etdirəcək bəyanatı alqışlayırıq.

Təşəkkür edirəm.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti