news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 14 yanvar 2012

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun BMT Təhlükəsizlik Şurasında “BMT və Afrika İttifaqı arasında əməkdaşlıq” mövzusunda keçirilən müzakirələrdə çıxışı

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun BMT Təhlükəsizlik Şurasında “BMT və Afrika İttifaqı arasında əməkdaşlıq” mövzusunda keçirilən müzakirələrdə çıxışı

Nyu-York, 13 yanvar 2012-ci il

Cənab Sədr,

İlk öncə öz sədrliyi altında BMT – Afrika İttifaqı tərəfdaşlığı mövzusunda müzakirələri təşkil etdiyinə görə Cənubi Afrika Respublikasına təşəkkür edirəm. Cənubi Afrika Respublikasının Prezidenti cənab Ceykob Zumanın bu mühüm tədbirdə iştirakı təqdirəlayiqdir. BMT-nin Baş katibi cənab Ban Ki Muna öz hesabatına görə təşəkkür edirik. Mən eyni zamanda, Afrika İttifaqı Komissiyasının nümayəndə heyətini və Afrikanın subregional təşkilatlarının sədrlərini də salamlayıram.

Son onillikdə Afrika İttifaqının və subregional təşkilatların rolu xeyli artmışdır. Heç də bütün regional təşkilatlar silahlı münaqişələrin əsas səbəblərini anlamaq və onların həllinə effektiv tövhə vermək üçün bacarığı və siyasi iradəsi ilə öyünə bilməz.

Ərazisinin əhəmiyyətli hissəsi işğal altında olan və yüz minlərlə vətəndaşının məcburi köçkün olduğu bir ölkə kimi Azərbaycan, Afrika ölkələri daxil olmaqla, həll olunmamış münaqişələrlə yaşayan ölkələrin üzləşdiyi təhdid və çağırışları tam şəkildə dərk edir.

Afrika İttifaqı qitədə sülh, təhlükəsizlik və sabitliyin təşviqi üçün ciddi səylər göstərmiş və liderlik bacarığını ortaya qoymuşdur. Afrika Sülh və Təhlükəsizlik Arxitekturasının və onun konstruktiv elementlərinin yaradılması, eyni zamanda, Afrika İttifaqının BMT TŞ-nın qərarları ilə həyata keçirdiyi sülhü dəstəkləmə əməliyyatları xüsusilə vurğulanmalıdır.

Bu gün Afrikanın üzləşdiyi və BMT TŞ-nın müzakirələrinin əsas tərkib hissəsini təşkil edən çağırışlar kollektiv siyasi və diplomatik səylər vasitəsilə daha uyğun şəkildə həll edilə bilər. Bu günün müzakirələrinə olan böyük maraq beynəlxalq ictimaiyyətin Afrika ölkələrinin qitədə sabitlik yaratmaq və davamlı inkişafa nail olmaq istiqamətində səylərinin dəstəklənməsi üçün götürdüyü parlaq öhdəliyin təzahürüdür.

Son illər ərzində biz BMT ilə Afrika İttifaqı arasında sülh və təhlükəsizlik sahəsində strateji münasibətlərin inkişaf etdirilməsi istiqamətində əldə olunan nailiyyətin şahidi olmuşuq. Eyni zamanda, qəbul etməliyik ki, çağırışlar hələ də mövcuddur və Afrikanın kollektiv təhlükəsizlik məsələlərinin effektiv şəkildə həll edilməsi məqsədilə bu strateji münasibətin möhkəmləndirilməsi üçün çox işlər görülə bilər.

Münaqişələrin başlamazdan öncə qarşısının alınması üçün birgə səylərimizin daha da möhkəmləndirilməsi çox mühümdür. Münaqişələrin qarşısının alınması və vasitəçilik sahələrinə daha böyük diqqət yetirilməsi əlavə əhəmiyyət kəsb edir. BMT və Afrika İttifaqının Afrikada vasitəçilik üçün ümumi prinsiplərin hazırlaması bu məqsədə nail olmaq üçün tövhə verə bilər. Bütün üzv ölkələrin BMT Xartiyasında göstərildiyi kimi, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyinə dair götürdüyü öhdəliklərə əməl etməsi çox vacibdir. Bu barədə çox mühüm qərar Baş Assambleyanın 22 iyun 2011-ci il tarixli, münaqişələrin sülh yolu ilə həlli istiqamətində vasitəçilik rolunun möhkəmləndirilməsi və münaqişələrin qarşısının alınması və həlli sahəsində qətnaməsində də öz əksini tapmışdır (A/RES/65/283).

Biz münaqişələrin qarşısının alınması və həlli, sülh danışıqları, sülh yaratma, sülhü qoruma, humanitar yardım və post-münaqişə yenidənqurması sahələrində qadınların mühüm rolunu dərk edirik. BMT və Afrika İttifaqı sülh və təhlükəsizlik sahəsində göstərdikləri bütün səylərə qadın və gender perspektivlərinin tam şəkildə inteqrasiya edilməsinin təmin edilməsi üçün çalışmalıdırlar.

BMT TŞ və Afrika İttifaqının Sülh və Təhlükəsizlik Şurasının, eyni zamanda, hər iki təşkilatın katibliklərinin illik görüşlər və intensivləşdirilmiş qeyri-rəsmi kommunikasiyalar da daxil olmaqla, əlaqələrini daha da genişləndirmələri vacibdir.

Baş katibin hesabatında da göstərildiyi kimi, Afrika Birliyinin sülhü dəstəkləmə əməliyyatlarının davamlı maliyyələşməsini təmin etmək üçün göstərilən səylər davam etdirilməlidir. Afrika İttifaqının öz maliyyə mexanizmlərini inkişaf etdirmək üçün atdığı addımlar təqdirəlayiqdir, lakin münaqişənin qarşısının alınması, idarə olunması və həlli, eyni zamanda sülhyaratma da daxil olmaqla, BMT və beynəlxalq ictimaiyyətin təmin etdiyi digər vasitələr və şərtlər də əlçatan olmalıdır.

Cənab Sədr,

Son illərdə Azərbaycan Afrika İttifaqı və onun üzv ölkələri ilə əməkdaşlığını nəzərə çarpacaq dərəcədə inkişaf etdirmişdir. Afrika İttifaqında müşahidəçi statusu ölkəmə bu qarşılıqlı faydalı münasibətləri və dialoqu inkişaf etdirməyə imkan yaratmışdır.

Azərbaycan Afrika üçün müxtəlif yardım proqramlarının tətbiqində fəal iştirak edir. Biz Afrika Burnu və digər Afrika ölkələrində baş vermiş humanitar böhranın aradan qaldırılması məqsədilə təcili yardımın təmin edilməsi üçün ayrı-ayrı hökumətlərin və beynəlxalq təşkilatların çağırışına cavab verdik. Bundan başqa, biz Afrika İttifaqı Komissiyasının İnstitutlar və hazırlığın artırılması Proqramını dəstəkləməyə davam etdik və Afrika ölkələrindən olan diplomatlara Azərbaycan Diplomatik Akademiyasında təhsil almaq üçün təqaüd təklif etdik. Azərbaycan eyni zamanda, Sülyaratma Komissiyalarından birinin işinə də qoşulmuşdur və bu sahədə öz səylərini davam etdirəcəkdir. Biz ərazilərin minalardan təmizlənməsi sahəsində zəngin təcrübəmizi (ANAMA) Afrikada tətbiq etmək üçün maraqlı tərəflərlə məsləhətləşmələrə başlamışıq.

Biz Afrika İttifaqı Komissiyası və Afrika ölkələri ilə əməkdaşlığı genişləndirməyə ümid edərək, BMT və Afrika İttifaqı ilə birgə, Azərbaycanda Afrikanın problemlərinə həsr olunmuş yüksək səviyyəli beynəlxalq konfransa ev sahibliyi etməyi planlaşdırırıq.

Cənab Sədr,

Yekun olaraq, Cənubi Afrika Respublikasının iki təşkilat arasında effektiv tərəfdaşlıq münasibətləri və əməkdaşlığın inkişaf etdirilməsinə dair Təhlükəsizlik Şurasında irəli sürdüyü qətnamə layihəsinə tam dəstəyimizi ifadə edirəm.

Fürsətdən istifadə edərək, Şuranın, xüsusilə münaqişələrin qarşısının alınması, idarə olunması və həllinə dair artıq qəbul edilmiş qətnamələrin tətbiqinə nəzarət etməsinin vacibliyini vurğulamaq istəyirəm.

Təşəkkür edirəm.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti