news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 sentyabr 2014

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun BMT-nin Baş Assambleyasının 69-cu Sessiyasının ümumi müzakirələrində çıxışı

Qeyri-rəsmi tərcümə

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun BMT-nin Baş Assambleyasının 69-cu Sessiyasının ümumi müzakirələrində çıxışı

Nyu-York, 26 Sentyabr 2014-cü il

Cənab sədr, Zati-aliləri,

Xanımlar və cənablar,

İlk öncə, cənab Sam Kutesanı BMT-nin Baş Assambleyasının 69-cu Sessiyasının prezidenti vəzifəsini üzərinə götürməsi münasibətilə təbrik etmək və bu çox məsul vəzifənin icrasında ona müvəffəqiyyətlər arzulamaq istərdim. Biz həmçinin 68-ci sessiya boyunca həyata keçirdiyi prezidentliyi dövründə gördüyü işlərə görə cənab Con Eşə də öz dərin təşəkkürümüzü bildiririk.

Cənab sədr,

Azərbaycan qlobal davamlı inkişaf gündəliyinin həyata keçirilməsinə və 2015-ci ildən sonrakı İnkişaf gündəliyi ilə əlaqədar razılığın əldə edilməsinə öz öhdəliyini bir daha təsdiq edir.

Minilliyin inkişaf məqsədlərinin həyata keçirilməsində mənim ölkəmin əldə etdiyi nəticələr unikaldır. Son on il ərzində Azərbaycanın ümum daxili məhsulu 3.4 dəfə artmışdır. Hal-hazırda Azərbaycanın iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının
80 faizini əhatə edir. Mükəmməl yüksək iqtisadi artım göstəriciləri mövcud resurslarının düşünülmüş formada istifadəsi və sosial əsaslı bazar iqtisadiyyatına sürətli keçid əsasında baş vermişdir. Yoxsulluq göstəricisi 2004-cü ildə 49 faizdən 2014-cü ildə 5.3 faizə düşmüşdür. Eyni dövr ərzində işsizlik dərəcəsi 10.6 faizdən 5 faizə düşmüşdür.

Hökumət tərəfindən idarəetmənin təkmilləşdirilməsi, qanunun aliliyinin gücləndirilməsi, insan hüquqlarına hörmətin və ictimai xidmətlərə asanlaşdırılmış çıxışın təmin olunması, bərabərhüquqlu və hamını əhatə edən təhsil, gender bərabərliyi və qadınların cəmiyyətdə rolunun gücləndirilməsi, sərfəli enerjiyə çıxışın təmin edilməsi və ətraf mühitin mühafizəsi kimi sahələrdə irimiqyaslı proqramlar həyata keçirilir.

Milli səviyyədə sürətli inkişaf Azərbaycana inkişaf edən donor statusunda rəsmi olaraq inkişafa yardım etmək imkanı vermişdir. Son illərdə Azərbaycan yeni təsis edilən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi-AİDA vasitəsilə inkişaf etməkdə olan dövlətlərin humanitar və sosial-iqtisadi problemlərinin həllində iştirak etməkdə davam edir.

Beynəlxalq inkişafa yardım fəaliyyəti ictimaiyyətimiz tərəfindən də geniş dəstəklənir. Azərbaycanda aparıcı qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondu bir sıra ölkələrdə çoxsaylı sosial, humanitar və inkişaf layihələri həyata keçirmişdir.

Azərbaycan dünya bazarında özünü etibarlı enerji təchizatçısı kimi doğrultmuşdur. Bu günlərdə Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimi Azərbaycanda keçirilmişdir. Bu 50 milyardlıq layihə çərçivəsində Trans-Anadolu və Trans- Adriatik boru kəmərləri sisteminin tikilməsi nəzərdə tutulmuşdur. Bu xətlər Azərbaycanda tamamilə yeni mənbədən qazın Avropaya çatdırılmasına imkan verəcəkdir.

Azərbaycanın təşəbbüsü olan Trans-Avrasiya Super İnformasiya Magistralı (TASIM) layihəsi region ölkələrini informasiya-kommunikasiya xidmətləri ilə təmin edəcək, internetə çıxışı sadələşdirəcək, region boyunca 20-dən artıq ölkəni telekommunikasiya və “e-info” sistemləri ilə təmin edəcəkdir.

Davamlı inkişafın önəmli mexanizmi kimi nəqliyyatın kəsb etdiyi dəyəri qiymətləndirərək, Azərbaycan müvəffəqiyyətlə bir neçə regional infrastruktur layihələrini həyata keçirməyə başlamışdır. Bakı-Tbilisi-Qars dəmiryolu Avropa və Asiyanı birləşdirən vacib xətdir.

Çağdaş dövrdə dünyanın üzləşdiyi müxtəlif hədə və təhdidlərin fonunda müxtəlif mədəniyyətlərin başlıca dəyərlərinin təşviqi, fərqli icmalar arasında anlaşmanın artırılması və qarşılıqlı hörmətin həvəsləndirilməsinin davamlı şəkildə vurğulanması çox vacibdir. Asiya və Avropa kimi iki böyük qitənin ortasında yerləşən Azərbaycan Şərq və Qərbin görüşdüyü, dünyanın əsas dinlərinin sülh şəraitində yanaşı mövcud olduğu və müxtəlif mədəniyyətlərin dəyər və ənənələrinin ahəngli formada bir-birini tamamladığı unikal məkandır. Təsadüfi deyildir ki, son illər ərzində Azərbaycan sivilizasiyalararası dialoq və müxtəlif dinlər, əqidə və mədəniyyətlər arasında anlaşmanın təşviq olunması üçün çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir.

Cənab sədr,

Zorakılıq və kövrək durum inkişafa qarşı ən böyük maneə olaraq qalmaqdadır. Dünya birliyi hələ də beynəlxalq hüququn fundamental norma və prinsiplərinin ciddi şəkildə pozulması halları ilə üzləşir. Xalqlar dünya boyunca dağıdıcı müharibələr, təcavüz, hərbi işğal və etnik təmizləmədən hələ də əziyyət çəkməkdə davam edirlər.

İyirmi ildən artıq bir müddətdə qonşu Ermənistan Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı hərbi güc tətbiq edir. Ermənistan 20 faizə yaxın Azərbaycan ərazisini işğal etmiş, bir milyondan artıq azərbaycanlıya qarşı etnik təmizləmə

həyata keçirmiş və bunun nəticəsində Ermənistanda və Azərbaycanın işğal edilmiş ərazilərində bir nəfər də olsun azərbaycanlı qalmamışdır. İşğal edilmiş ərazilərdə və Ermənistanda Azərbaycanın bütün tarixi və mədəni abidələri dağıdılmaya məruz qalmışdır.

1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü və zor tətbiq edərək ərazi əldə edilməsinin qəbuledilməzliyini təsbit edən dörd qətnamə qəbul etmişdir. Qətnamələr erməni işğalçı qoşunlarının Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Bundan əlavə, BMT-nin Baş məclisi, Qoşulmama hərəkatı, İslam əməkdaşlıq təşkilatı və çoxsaylı digər regional təşkilatlar Azərbaycanın suverenliyi, siyasi müstəqilliyi və ərazi bütövlüyünü dəstəkləyən və münaqişənin bu prinsiplər əsasında həllini tələb edən müxtəlif qərarlar qəbul etmişlər.

Təəssüf ki, Ermənistan tərəfindən yuxarıda qeyd olunan bu qətnamələrə və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinə məhəl qoyulmur və Ermənistan Azərbaycan torpaqlarının hərbi işğalını davam etdirir.

Ermənistan tərəfindən mütəmadi şəkildə atəşkəs rejiminin pozulması və Azərbaycanın dinc sakinlərinin məqsədyönlü şəkildə hücumlara məruz qoyulması nəticəsində cəbhə xətti yaxınlığında yaşanan sakinlərin ölümü və yaralanması halları baş verir. Bu yaxınlarda işğal edilmiş ərazilərdə öz qohumlarının məzarını ziyarət edən bir neçə mülki azərbaycanlı əsir götürülərək işgəncələrə məruz qoyulmuş, onların bəziləri hətta öldürülmüşdür.

Məhz bu səbəbdən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərə görə cəzasızlığın sona çatdırılmasında beynəlxalq birliyin daha aktiv mövqe nümayiş etdirməsi zəruridir. Cəzasızlığın qarşısının alınması davamlı sülhün və barışığın təmin edilməsi baxımından əhəmiyyətlidir.

İki gün bundan öncə Ermənistanın prezidenti ümumi müzakirələrdə çıxış edərək, faktları və sülh prosesini saxtalaşdıraraq və beynəlxalq hüququn norma və prinsiplərini və bu çərçivədə qəbul edilmiş sənədləri təhrif edərək, BMT Baş məclisini aldatmağa çalışmışdır. Ermənistan prezidenti ali prinsip olan xalqların öz müqəddəratı təyin etmə prinsipindən sui-istifadə edərək, ölkəsinin qonşu dövlət olan Azərbaycanın ərazilərini zor tətbiq etməklə, ilhaq edilməsi cəhdlərini ört- basdır etməyə çalışır. Onun Azərbaycanda yaşayan ermənilərin öz müqəddəratını təyin etmə kimi təqdim etməyə çalışdığı vəziyyətin BMT nizamnaməsi və Helsinki yekun aktında təsbit olunmuş öz müqəddəratı təyin etmə ilə heç bir əlaqəsi yoxdur. Əslində öz müqəddəratını təyin etmə prinsipi didərgin düşmüş azərbaycanlıların Dağlıq-Qarabağ regionuna qayıtmasını tələb edərək, Azərbaycan daxilində onların erməni icması ilə sülh, ləyaqət və çiçəklənmə şəraitində birgə yaşayışını nəzərdə tutur. Biz bu məqsədə sülh yolu ilə nail olacağımıza inanırıq.

Azərbaycan BMT nizamnaməsində, xüsusilə 51-ci maddədə təsbit olunmuş hüquqlarına xələl gətirmədən münaqişənin danışıqlar yolu ilə həllinin tərəfdarıdır. Ermənistan hökuməti dərk etməlidir ki, digər dövlətin ərazisinin işğal edilməsi həll yolu deyil və onun status-kvoya güvənməsi böyük yanlışlıqdır. Azərbaycan heç vaxt ərazi bütövlüyünü və işğal nəticəsində pozulmuş vətəndaşlarının hüquq və azadlıqlarını güzəştə getməyəcəkdir.

Beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə birmənalı və davamlı dəstəyi ciddi amildir. Bu Ermənistana onu aydın edir ki, işğal nəticəsində əldə edilmiş mövcud status-kvo heç vaxt qəbul edilməyəcəkdir. BMT nizamnaməsinin hərfini və ruhunu rəhbər tutaraq, Azərbaycanın ərazi bütövlüyünü dəstələdiyinə görə üzv dövlətlərə təşəkkür etmək istərdim. Beynəlxalq ictimaiyyət zor tətbiq edərək, beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsi cəhdlərini qəbul etmir və etməyəcəkdir. Dünya ikili standartları qəbul etməməlidir, əks təqdirdə, bu yanaşma bizi yenidən keçən əsrin qaranlıq dövrlərinə apara bilər. Bu xüsusda, Ermənistanda Azərbaycana qarşı təcavüz və insanlığa qarşı cinayət törətmiş şəxslərin ədalət qarşısına çıxarılmasını və onlara qarşı sanksiyaların tətbiq edilməsinin vaxtı yetişmişdir.

Təşəkkür edirəm.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti