news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 30 sentyabr 2012

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun BMT Baş Assambleyasının 67-ci sessiyasında çıxışı

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun BMT Baş Assambleyasının 67-ci sessiyasında çıxışı

Nyu-York, 29 Sentyabr 2012-ci il

Cənab Sədr, 

Çıxışımın əvvəlində mən cənab Vuk Yeremiçi BMT Baş Assambleyasının 67-ci sessiyasının sədri seçilməsi münasibəti ilə təbrik edir və ona bu məsuliyyətli vəzifənin icrasında uğurlar arzulayıram. Biz həmçinin altmış altıncı sessiyaya sədrlik etmiş cənab Nasir Əbdül Əziz Əl-Nasirə öz minnətdarlığımızı bildiririk.

Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsindən sonra bu mənim Ümumi Debatlarda ilk çıxışımdır. Fürsətdən istifadə edərək mən 17 mərhələdə keçirilmiş seçkilərdə Azərbaycanın namizədliyinə verdikləri dəyərli dəstəyə və nümayiş etdirdikləri möhkəm həmrəyliyə görə BMT-yə Üzv Ölkələrin Hökumətlərinə öz səmimi və dərin təşəkkürümü bildirirəm.

Cənab Sədr,

“Beynəlxalq mübahisələrin və vəziyyətlərin sülh yolu ilə tənzimlənməsi və həlli” adlanan hazırkı Ümumi Debatın mövzusu çox aktualdır. Bu həm də bizim sonuncu sessiyada apardığımız müzakirələrin məntiqi davamıdır. Həqiqətən də mübahisələrin sülh yolu ilə həll olunması BMT-nin Nizamnaməsində əksini tapmış beynəlxalq hüququn əsas və aparıcı prinsiplərindən biridir. Bu prinsipin həqiqi mənası ondan ibarətdir ki, bununla Dövlətlər bir-birinin ərazi bütövlüyü və siyasi müstəqilliyinə hörmət etməyi, beynəlxalq münasibətlərdə gücdən istifadə etmək və güclə hədələməkdən çəkinməyi və meydana çıxan mübahisələri beynəlxalq hüquq əsasında həll etməyi öhdələrinə götürürlər.

Altmış beçinci və altmış altıncı sessiyalarda Baş Assambleya mübahisələrin sülh yolu ilə tənzimlənməsində, münaqişələrin qarşısının alınması və həll olunmasında vasitəçiliyin rolunun gücləndirilməsi ilə bağlı iki qətnamə qəbul etmiş və Baş Katib Səmərəli Vasitəçiliyin Ümumi Prinsiplərinə dair xüsusi hesabat təqdim etmişdir.

Həmin qətnamələri irəli sürən ölkələrdən biri kimi Azərbaycan bu qətnamələrin qəbul olunması ilə başlamış prosesi mübahisələrin sülh yolu ilə həlli, münaqişələrin qarşısının alınması və həll olunması, eləcə də mövcud və gələcək vasitəçilik mexanizmlərinin faydalı təşəbbüslərlə dəstəklənməsi istiqamətində atılmış əhəmiyyətli addım hesab edir. Çox mühümdür ki, Baş Assambleya tərəfindən qəbul olunmuş qətnamələr və Baş Katib tərəfindən hazırlanmış Səmərəli Vasitəçiliyin Ümumi Mexanizmləri BMT-nin Nizamnaməsini, beynəlxalq hüquq və ədalətin xüsusi əhəmiyyətini, əsasən də Dövlətlərin suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyinə hörmət etmək və onları təmin etməyin xüsusi əhəmiyyətini bir daha təsdiq etmişdir.

Azərbaycanın Təhlükəsizlik Şurasına sədrlik etdiyi May ayında biz davamlı və beynəlxalq hüquqa əsaslanan sülhün və barışığın təşviq olunmasında vasitəçilik, mübahisələrin hüquqi həlli və ədalətin rolu ilə bağlı səmimi fikir mübadiləsinin aparılması üçün Təhlükəsizlik Şurasının xüsusi Arria-formulu iclasını keçirdik. Biz gələcəkdə də Baş Assambleya və Təhlükəsizlik Şurasında bu mövzu ilə bağlı, hərtərəfli sülh strategiyalarının hazırlanması və icra olunmasına töhfə verəcək yeni təşəbbüsləri dəstəkləyəcəyik, bir şərtlə ki, belə təşəbbüslərdə mübahisə və münaqişələrin həlli qanunun aliliyi və ədalətə hörmət prinsipinə əsaslansın.

Cənab Sədr,

Dünyada yenə də beynəlxalq hüququn fundamental norma və prinsiplərinin ardıcıl, kobud və sistematik pozulması halları müşahidə olunur. Hələ də elə hallar var ki, torpaqların əldə edilməsi üçün dövlətlərin siyasi müstəqilliyi və ərazi bütövlüyünə qarşı köhnəlmiş zorakılıq üsullarından istifadə olunur.Yüzminlərlə insan təcavüz, hərbi işğal, etnik təmizləmə və beynəlxalq ictimaiyyətə qarşı törədilmiş ən ağır cinayətlərin cəzasız qalmasından əziyyət çəkir.

Ermənistan və Azərbaycan arasında davam edən silahlı münaqişə regional və beynəlxalq sülhə və təhlükəsizliyə ciddi təhdid təşkil etməkdə davam edir. Münaqişə Azərbaycanın ərazisinin 20 faizinin işğal olunması və bir milyondan çox vətəndaşın öz vətənində məcburi köçkün vəziyyətinə salınmasına gətirib çıxarmışdır. Müharibə minlərlə azərbaycanlının, o cümlədən qadın, yaşlı və uşaqların ölümünə və yaralanmasına səbəb olmuşdur. Azərbaycana qarşı təcavüz ölkənin sosial-iqtisadi mühitinə ciddi zərbə vurmuşdur. İşğal altındakı ərazilərdə və Ermənistanda Azərbaycana məxsus bütün tarixi-mədəni abidələr dağıdılmış və müqəddəs yerlər təhqir olunmuşdur.

Biz səmimi olaraq inanırıq ki, sülhün, sabitliyin və qarşılıqlı faydalı regional əməkdaşlığın alternativi yoxdur. Əraziləri işğal olunmuş və yüzminlərlə vətəndaşı zorla yurdlarından didərgin salınmış bir ölkə kimi Azərbaycan münaqişənin ən qısa zamanda danışıqlar yolu ilə həllində ən çox maraqlı tərəfdir. BMT-nin Nizamnaməsində, xüsusilə də 21-ci Maddədə qeyd edilmiş hüquqlarından güzəştə getmədən, Azərbaycan münaqişəninn sülh yolu ilə həlli prosesinə hər zaman sadiqliyini nümayiş etdirmiş və bu mövqeyində qalmaqdadır. Azərbaycan əmindir ki, münaqişənin həlli prosesinin məqsədi Ermənistanın qeyri-qanuni işğalına son qoyulması, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpası və evlərindən zorla didərgin salınmış insanların öz yerlərinə qayıtmasıdır.

Əksinə, Azərbaycanın heç vaxt qəbul etməyəcəyi erməni tərəfinin beynəlxalq hüququn norma və prinsiplərini təhrif etməsi və onun real olmayan işğalçılıq iddialarında israrlılıq cəhdləri, Ermənistan rəhbərliyinin həqiqi niyyətindən danışır və münaqişənin nizamlanması prosesinə açıq çağırış və beynəlxalq və regional sülh və təhlükəsizliyə ciddi təhdid nümayiş etdirir.

BMT Nizamnaməsini kobud şəkildə pozmaqla, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonunu işğal altında saxlamağı və Azərbaycanın məcburi köçkünlərinin öz yurdlarına qayıtmalarının qarşısını alması üçün gücdən istifadəni davam etdirir. Onlar işğal olunmuş ərazilərdə demoqrafik vəziyyəti dəyişmək və Azərbaycanın orda olan hər cür mədəni və tarixi köklərini silmək üçün tədbirlər görürlər.

Bundan əlavə, hər iki ölkənin cəbhə xətti boyunca yerləşmiş Azərbaycanın kənd və şəhərlərinin əhalisinə qarşı edilmiş hücumların və atəşkəsin pozulması son zamanlar daha intensiv və zorakı xarakter almışdır və bu da Azərbaycanın mülki şəxslərinin öldürülməsi və yaralanması ilə nəticələnmişdir.

Biz şübhə etmirik ki, Dağlıq Qarabağın Ermənistan və Azərbaycan icmaları bir gün Azərbaycanın bu regionunda çiyin-çiyinə sülh və ləyaqət içərisində yaşayacaqlar. Bunun üçün həmin regionun hər iki icmasının icmalararası sülh və birgəyaşayış cəhdlərinin davam etdirilməsi vacib və əhəmiyyətlidir. Azərbaycan bunu bütün sülh prosesinin vacib hissəsi hesab edir və Avropanın Qeyri Hökumət Təşkilatlarının icmalararası danışıqların aparılması təkliflərini bir sıra hallarda qəbul etmişdir. Buna baxmayaraq, bu təkliflər rəsmi Yerevan tərəfindən qadağan olunmuşdur. Bundan əlavə, Ermənistan rəhbərliyinin Azərbaycana və qonşu millətlərə qarşı aqressiv ritorikası və irqi üstünlüyün iyrənc fikirlərinin, etnik və dini uyğunsuzluğun və nifrətin açıq təşviqi yalnız inamsızlığın artmasına gətirib çıxarır və münaqişənin danışıqlar yolu ilə tez zamanda həlli perspektivini azaldır.

Ermənistan tərəfinin barışığın və ədalətin çox həssas olduğu bir məqamda məsuliyyətsiz və qəbuledilməz hərəkəti vəziyyəti daha da qəlizləşdirir. Azərbaycan xalqına qarşı soyqırım halları da daxil olmaqla, müharibə cinayətlərinin və insanlığa qarşı cinayətlərin günahkarları, cəzasız qalmaqla bərabər, həm də Ermənistanda onlara yardım edilir, anılır və qəhrəman rütbəsi ilə təltif olunurlar. Məktəblər, universitetlər və küçələr onların adları ilə adlandırılır və onlara heykəllər ucaldılır. Azərbaycanın mülki şəxslərinə qarşı kütləvi qətldə iştirakdan fəxr edən və bunları gizlətməyən müharibə cinayətkarları yüksək vəzifəli siyasətçilərə, hərbi komandirlərə və ictimai xadimlərə çevrilirlər.

Ermənistan artıq dərk etməlidir ki, tarixi, mədəni, irqi və dini xürafat əsasında qonşu dövlətlərə və millətlərə yönələn əsassız və təxribat xarakterli ərazi iddiaları, düşmənçilik və nifrət siyasətinin uğur qazanmaq şansı yoxdur. Bunu nə qədər tez anlasalar, ölkələrimiz bir o qədər tezliklə qarşılıqlı anlaşmanı əldə edəcək, sülh, sabitlik və əməkdaşlığa yiyələnəcəklər.

Aydın məsələdir ki, münaqişənin həlli prosesi və nəticəsi beynəlxalq hüquqa zidd olmamalıdır. Buna görə də sülhün, təhlükəsizliyin, sabitlik və əmin-amanlığın əldə edilməsi Ermənistan tərəfinin qeyri-qanuni güc tətbiqinə son qoyulması, eyni zamanda Azərbaycan torpaqlarının işğalının bitməsi və məcburi köçkünlərə öz yurd-yuvalarının və əmlaklarının geri qaytarıldığına zəmanət verildiyi halda mümkündür. Bu, Təhlükəsizlik Şurası və Baş Assambleyanın qətnamələrinin tələbidir və bu, nə kompromis kimi, nə də münaqişənin həlli prosesinin üstünlüyü kimi anlaşılmamalıdır. Ermənistanın Azərbaycan ərazilərindən öz silahlı qüvvələrini çıxarması və bu hökumətin beynəlxalq hüquqa zidd əməllərinin həlli işğalçı dövlətin qeyri-qanuni və qəbuledilməz tələblərinə uyğun olaraq həyata keçirilməsi mümkün deyildir.

Problemin uzun müddətdir ki həll edilməməsi bu məsələ ilə məşğul olan beynəlxalq təşkilatların gücü və səmərəliliyi ilə ölçülməməlidir. Münaqişənin həllinin buna cəlb olunan dövlətlərin öz iradəsindən asılı olması başa düşülməlidir. Eyni zamanda, prinsiplərə gəldikdə isə, onları müdafiə etmək hamımızın borcudur. Bu nöqteyi nəzərdən, Azərbaycan bu yaxınlarda baş tutmuş NATO, İƏT və QHT-nin Sammitlərində BMT-yə üzv dövlətlərin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü müxtəlif formalarda dəstəkləməsi ilə əlaqədar prinsipial mövqelərini olduqca yüksək qiymətləndirir. Biz, Azərbaycanın ədalətli mövqeyinin və BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin qorunmasında beynəlxalq ictimaiyyətin qətiyyətinə inanırıq.

Cənab Sədr,

Yaxın Şərqdə sülh prosesində tərəflər arasında danışıqların bərpa olunması istiqamətində mütərəqqi irəliləyişin əldə olunmaması ilə əlaqədar olaraq narahatlığımızı ifadə etmək istərdik. Tərəflərin danışıqların bərpa olunmasına imkan yaratmaq üçün əlverişli şərait yaratmalarını istərdik. Bu baxımdan, beynəlxalq ictimaiyyətin Fələstin torpaqlarında mülki əhalinin ağır vəziyyəti, sülh prosesinə və daha da təhlükəlisi, iki dövlət arasında danışıqlar prosesinə və Fələstin dövlətinin varlığına ciddi maneə törədən vəziyyətlə bağlı narahatlığını bölüşürük. Biz Fələstin dövlətinin BMT-yə üzvlüklə bağlı müraciətini dəstəklədiyimizi bir daha vurğulayırıq və bu məsələnin beynəlxalq hüquq çərçivəsində həll ediləcəyinə ümidvar olduğumuzu bildiririk.

Azərbaycan hökuməti Suriyada zorakılığın artması, sosial-iqtisadi və humanitar vəziyyətin pisləşməsi ilə əlaqədar ciddi narahatdır. Hesab edirik ki, böhranlı vəziyyətin həlli Suriya xalqının qarşılıqlı anlaşma istəyindən və ümumi siyasi prosesdən asılıdır. Eləcə də, biz inanırıq ki, münaqişə hərb yolu ilə həll edilməməlidir və Cenevrə kommunikesinin Fəaliyyət qrupu 6 maddəli plan əsasında irəliyə doğru mütərəqqi addım ataraq məsələnin siyasi yolla həllinə cəhdlər etməlidir. Cənab Ladxar Brahiminin BMT və Ərəb Dövlətləri Liqasının Suriyada birgə xüsusi nümayəndəsi təyin olunması ilə bağlı məmnunluğumuzu bildirir və ona işində yaxından dəstək olacağımızı bildiririk.

Bu yaxınlarda İslam dininə qarşı təhqiramiz hadisə ilə bağlı ciddi narahatlığımızı ifadə etmək istərdim. Biz dinlərə qarşı belə münasibəti şiddətlə qınayırıq. Eyni zamanda, mülki şəxslərə, xüsusi ilə diplomatik heyətə hücumlara heç bir halda bəraət qazandırıla bilməz. Hesab edirik ki, ölkələr, mədəniyyətlər və sivilizasiyalar arasında tolerantlıq, sülh və anlaşmanın genişlənməsinin təşviqi üçün qlobal dialoq və əməkdaşlıq vacib əhəmiyyət kəsb edir.

Cənab Sədr,

Biz, Üzv dövlətlərin Baş Assambleyanın 67-ci sessiyası çərçivəsində daha güclü və mütərəqqi bir BMT üçün irəliyə doğru uğurlu addım atacaqlarına əminliyimizi ifadə edirik. Bu məqsədlə, Azərbaycan BMT-nin, xüsusilə də Baş Assambleya və Təhlükəsizlik Şurasının işində fəal iştirak edərək, beynəlxalq məsələlərin həlli istiqamətində öncül rol oynamağa davam edəcəkdir.

Sağ olun.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti