Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Azərbaycan Respublikasının Diplomatik Xidmət Orqanları Rəhbərlərinin Dördüncü müşavirəsində çıxışı
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Azərbaycan Respublikasının Diplomatik Xidmət Orqanları Rəhbərlərinin Dördüncü müşavirəsində çıxışı
Bakı, 27 sentyabr 2012-ci il
Möhtərəm cənab Prezident,
İlk növbədə, mən hamının adından təşəkkürümüzü bildirmək istəyirəm ki, Siz artıq bu gün bu gözəl, möhtəşəm açılışda - Diplomatik Akademiyanın binasının açılışında iştirak edirsiniz. Bu, doğrudan da bizim üçün böyük dəstəkdir.
Möhtərəm cənab Prezident,
Hörmətli müşavirə iştirakçıları,
Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün də davam və inkişaf etdirilən uğurlu xarici siyasət strategiyası Azərbaycan Respublikasının beynəlxalq arenadakı nüfuzunun gündən-günə artması, dövlətimizin etibarlı tərəfdaş kimi tanınması, beynəlxalq təşkilatların fəal üzvü, habelə regionumuz və bütünlükdə beynəlxalq ictimaiyyət üçün əhəmiyyətli olan tədbir və layihələrin təşəbbüskarı olması ilə nəticələnməkdədir.
Əvvəlcə diplomatik xidmət orqanları rəhbərlərinin son müşavirəsindən sonrakı müddət ərzində Xarici İşlər Nazirliyi sisteminin fəaliyyəti barədə məlumat vermək istərdim.
Hazırda Azərbaycan Respublikasının xarici ölkələrdə 55 səfirliyi, 5 təmsilçilik ofisi, 18 beynəlxalq təşkilat yanında missiyası və 9 baş konsulluğu fəaliyyət göstərir. Respublikamızda isə 53 dövlətin səfirliyi, 3 baş konsulluq, 12 fəxri konsulluq və 20 beynəlxalq təşkilatın nümayəndəliyi mövcuddur. Bütün bunlar milli maraqlarımızın həmin ölkələrdə təmin olunması və ölkəmizin hərtərəfli şəkildə təbliğatı üçün geniş imkanlar yaratmışdır. Belə ki, Braziliya, Argentina, Cənubi Afrika Respublikası, Serbiya, Liviya, Estoniya və Xorvatiyada yeni səfirliklərimiz, Batumidə isə baş konsulluğumuz fəaliyyətə başlamışdır. Azərbaycanda isə Macarıstan, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Tacikistan, Qırğızıstan, Argentina, Braziliya, Çexiya, Mərakeş və Niderland Krallığının səfirlikləri, habelə bir sıra digər dövlətlərin fəxri konsulluqları fəaliyyətə başlamışdır.
Azərbaycan Respublikasının beynəlxalq münasibətlər sistemində rolunun və etimadının əhəmiyyətli dərəcədə artması, dost və tərəfdaş dövlətlərlə əlaqələrin möhkəmləndirilməsi, habelə yeni diplomatik nümayəndəliklərin təsis edilməsi diplomatik xidmət orqanları əməkdaşları qarşısında yeni vəzifələr qoymuş və hədəflər müəyyənləşdirmişdir.
Təbii olaraq, Ermənistan-Azərbaycan münaqişəsinin həlli hərtərəfli fəaliyyətimizin prioritet məsələsi olaraq qalmaqdadır.
Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi, aparılmış etnik təmizləmə siyasəti nəticəsində doğma yurd-yuvalarından qovulmuş qaçqın və məcburi köçkünlərimizin geri qaytarılması və ən əsası dövlətimizin suverenliyinin bərpası, ərazi bütövlüyünün təmin olunması xarici dövlətlərlə həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən əməkdaşlıq zamanı gündəliyimizdə duran müstəsna əhəmiyyətli birinci məsələ olaraq qalmaqdadır.
Son bir neçə il ərzində Ermənistanın işğalçı siyasətinin ifşası və bu siyasətə güclü dəstək verən erməni lobbisinin mənfur və riyakar səylərinə qarşı fəaliyyətimiz gücləndirilməkdədir. Xalqımıza qarşı Ermənistanın hazırkı rəhbərliyinin bilavasitə iştirakı ilə həyata keçirilmiş Xocalı soyqırımının Meksika Birləşmiş Ştatları, Kolumbiya Respublikası və Pakistan İslam Respublikasının parlamentləri tərəfindən rəsmən tanınmasına nail olunmuşdur. Beynəlxalq ictimaiyyətin ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər barədə məlumatlandırılması və digər xarici ölkələrin qanunverici orqanları tərəfindən Xocalı soyqırımının tanınması istiqamətində fəaliyyətimiz davam etməkdədir.
2010-cu il sentyabrın 3-də Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında Müqavilə imzalanmışdır ki, bununla da iki dövləti ayıran dövlət sərhəd xətti müəyyən olunmuşdur.
2011-ci il oktyabrın 24-də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına 2012-2013-cü illər üçün qeyri-daimi üzvlük üçün keçirilən seçkilərdə Azərbaycan Respublikasının 17 raunddan sonra 155 ölkənin dəstəyini qazanaraq qalib gəlməsi həmin dövlətlər tərəfindən respublikamıza olan yüksək etimadın və inamın göstəricisidir. 20 illik müstəqilliyimiz dövründə beynəlxalq arenada belə böyük uğurun əldə edilməsi Azərbaycan dövlətinin başçısı tərəfindən müəyyən olunan və həyata keçirilən xarici və daxili siyasət kursunun nailiyyətidir. Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında bu mötəbər quruma qeyri-daimi üzv seçilən ilk, bütün MDB məkanında isə ikinci ölkədir. Amma onu qeyd etmək istəyirəm ki, MDB ölkələrindən Ukrayna bizdən əvvəl seçilmişdi, amma Ukrayna hələ 1945-ci ildən BMT-nin üzvüdür.
2012-ci ilin may ayında Təhlükəsizlik Şurasında Azərbaycan Respublikasının Prezidentinin sədrliyi ilə terrorizmlə mübarizəyə həsr olunmuş yüksək səviyyəli iclas keçirilmişdir. Belə bir mötəbər quruma üzvlük Azərbaycanın beynəlxalq nüfuzunun daha da gücləndirilməsi üçün böyük imkanlar yaratmışdır.
Həmçinin Azərbaycan 2011-ci ildə UNESCO-nun 36-cı sessiyası zamanı təşkilatın bir neçə alt-qurumlarına üzv seçilməyə və yüksək vəzifələr tutulmasına nail olmuşdur.
Azərbaycan Respublikası 2011-ci ildə İndoneziyanın Bali şəhərində keçirilmiş Qoşulmama Hərəkatının 16-cı Nazirlər Konfransında hərəkatın üzvü seçilmişdir. Üzvlərinin sayına görə Birləşmiş Millətlər Təşkilatından sonra ikinci beynəlxalq qurum olan Qoşulmama Hərəkatında aparılan uğurlu fəaliyyət nəticəsində 2012-ci il avqustun 30-31-də Tehran şəhərində keçirilən və Azərbaycanın ilk dəfə üzv dövlət kimi iştirak etdiyi Zirvə toplantısının yekun sənədinə üzv ölkələrin dövlət və hökumət başçılarının Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini dəstəkləyən bənd daxil olunmuşdur.
İslam Əməkdaşlıq Təşkilatı ilə yüksək səviyyədə qurulmuş əməkdaşlıq davam etdirilmişdir. Bu Təşkilat çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzünün aradan qaldırılması, suverenliyimizin bərpa olunmasının, ərazi bütövlüyümüzün və sərhədlərimizin toxunulmazlığının təmin edilməsi ilə bağlı ədalətli mövqeyimiz bir daha bütün üzv ölkələr tərəfindən dəstəklənmiş və bu yöndə bir sıra sənədlər yekdilliklə qəbul edilmişdir.
Avropa və Avratlantik strukturlar ilə əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin inkişafı üzrə fəal əməkdaşlıq davam etmişdir.
Diplomatik fəaliyyətin genişləndirilməsi çərçivəsində Latın Amerikası və Asiya ölkələri ilə yüksək səviyyəli münasibətlər qurulmuşdur. Yaxın zamanlarda, cənab Prezident, Azərbaycan Respublikasının Avstraliya İttifaqında səfirliyi fəaliyyətə başlayacaqdır.
Möhtərəm cənab Prezident,
Sizin göstərdiyiniz yüksək diqqət və qayğı ilə əhatə olunmuş diplomatik xidmət orqanlarının əməkdaşları öz şərəfli vəzifələrinin məsuliyyətini dərk edirlər. Əmin ola bilərsiniz ki, dövlətimizin milli maraqlarının təmin olunması məqsədi güdən xarici siyasət kursunun həyata keçirilməsi ilə əlaqədar verdiyiniz tapşırıqların icrasının layiqincə təmin edilməsi üçün diplomatik xidmət orqanlarının əməkdaşları səy və bacarıqlarını əsirgəməyəcəkdir.
Diqqətinizə görə təşəkkür edirəm.