Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Nazirlər Şurasının 20-ci iclasında çıxışı
qeyri-rəsmi tərcümə
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Nazirlər Şurasının 20-ci iclasında çıxışı
Kiyev, 5 dekabr 2013-cü il
Cənab Sədr,
Hörmətli həmkarlar,
Məndən əvvəl çıxış edən həmkarlarıma qoşularaq, cənab Leonid Kojaranı və onun bütün heyətini Ukraynanın ATƏT-dəki sədrliyik funksiyasını effektiv şəkildə həyata keçirdiklərinə və ATƏT-in Nazirlər şurasının 20-ci iclasını yüksək səviyyədə təşkil etdiklərinə görə təbrik etmək istərdim.
Mən İsveçrənin Federal Şurasının vitse-prezidenti və Federal xarici işlər departamentinin rəhbəri, hörmətli həmkarım cənab Didier Burxalteri növbəti fəaliyyətdə olan sədr qismində salamlamaqdan və ona bu gələcək fəaliyyətində uğurlar arzulamaqdan şadam.
Zati-aliləri,
Azərbaycan unikal formada hərtərəfli təhlükəsizlik konsepsiyasına və eləcə də geniş və müxtəlif üzvlüyə malik olan yeganə regional təsisat kimi ATƏT-in müqayisəli üstünlüklərindən tam şəkildə istifadə olunmasına son dərəcə mühüm əhəmiyyət verir. İnanırıq ki, 1975-ci il Helsinki rəhbər prinsiplərinin azalmayan dəyərinə hörmət və dialoq ATƏT-in əsas funksiyalarının həyata keçirilməsi üçün mütləqdir.
Bu xüsusda, Helsinki+40 prosesi çərçivəsində müzakirələri başlamasına və onu effektiv şəkildə istiqamətləndirməsinə görə Ukraynanın sədrliyini təqdir edirik. Azərbaycan növbəti sədrlər olacaq İsveçrə və Serbiya tərəfindən təklif olunan yol xəritəsinin həlli uzanmış münaqişələrin nizamlanması və silahlara nəzarət kimi ən problemli sahələrdə uğura nail olmaq üçün geniş fürsətlər yaradacağına ümid edir.
Azərbaycanın BMT Təhlükəsizlik Şurasında təcrübəsi və tərəfdaş dövlətlərlə kollektiv səylərimiz sübut etdi ki, beynəlxalq hüququn norma və prinsiplərinə tam hörmət əsasında dialoq və əməkdaşlıq etimadın bərpa olunması və dəyişkən siyasi və təhlükəsizlik mühitinin sabitləşdirilməsi üçün ən yaxşı vasitədir.
Bu istiqamətlər üzrə əsaslı nəticələr əldə etmədən əsl ATƏT təhlükəsizlik icmasının yaradılmasının mümkün olmadığı qənaətindəyik. ATƏT üzv dövlətinin işğal olunmuş ərazilərinə qanunsuz olaraq qoşunların və ağır silahların yerləşdirilməsi mövcud silahlara nəzarət rejimlərinin qeyri-effektivliyinin və tədricən iflasının əsas səbəbləridir. Göründüyü kimi, münaqişədən əziyyət çəkən ərazilər hərbsizləşdirilmədən ədalətli, yoxlanıla və proqnozlaşdırıla bilən silahlara nəzarət mexanizmi qurula bilməz.
Münaqişələrdən əziyyət çəkən ərazilər tətbiq olunma məntəqəsi kimi nəzərdən keçirildiyi halda, etimad və təhlükəsizliyin qurulması tədbirləri ümumi siyasi və təhlükəsizlik kontekstindən kənar baxıla bilməz. Münaqişənin doğurduğu siyasi və təhlükəsizlik fəsadları müvafiq qaydada aradan qaldırılmadan etimad və təhlükəsizliyin qurulması tədbirləri və regional əməkdaşlığın özlüyündə münaqişənin həll edilməsi potensialına malik olması barəsində fərziyyələr utopikdir.
ATƏT-in səhra missiyaları və təsisatları təhlükəsizlik əməkdaşlığının gücləndirilməsi və götürdükləri öhdəliklərin həyata keçirilməsi üçün üzv dövlətlərə yardım edilməsində mühüm vasitələrdirlər. Eyni zamanda siyasi və təhlükəsizlik mühiti barəsində müqabil bilgi olmadan və ATƏT-in fəaliyyətdə olan sədrliyi və Baş katibi ilə əlaqələndirmədən yalnız texniki mandat və təcrübə əsasında ATƏT-in təsisatının təşkilat adından seçki monitorinqinin nəticəsi kimi siyasi məsələ barəsində rəsmi bəyanatla çıxış etməsi utanc doğurur. Ona görə də hesab edirik ki, ATƏT-in demokratik təsisatlar və insan hüquqları bürosunun seçkilərdə rolunun nəzərdən keçirilməsi Helsinki+40 prosesinin tərkib hissəsi olmalıdır.
ATƏT-in nazirlər toplantısında iştirak etmək üçün Ukraynanın ATƏT-dəki sədrliyinin göndərdiyi dəvəti yüksək qiymətləndiririk. Türkdilli dövlətlərin əməkdaşlıq şurasının fəaliyyətdə olan sədri olaraq, bizim təşkilatın regional əməkdaşlıq mexanizmi kimi, ATƏT-in fəaliyyətində iştirak etməsinin hər iki təşkilatın bölüşdüyü məqsədlərin həyata keçirilməsinə töhfə verəcəyinə inanırıq.
Cənab Sədr,
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçən ay Vyanada keçirilmişdir. Görüşdən sonra prezidentlərin təlimatı əsasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində qəbuledilməz status-kvonu yaxın gələcəkdə necə aradan qaldırmaq yolları üzrə mən və xarici işlər naziri Nalbandyan həmsədrlər ilə birlikdə və eləcə də ayrılıqda intensiv məsləhətləşmələrə başlayırıq.
Zalda olan möhtərəm nümayəndə heyətləri BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, Helsinki yekun aktının rəhbər prinsipləri və ATƏT-in müvafiq sənədlərinə əsaslanan Azərbaycanın mövqeyinə yaxından bələddirlər.
Azərbaycan Minsk qrupunun prezidentlərinin 2009-cu ildə L’Aquillada verdikləri birgə bəyanatda əks olunmuş başlıca prinsiplərin hərtərəfli sülh razılaşması üzrə substantiv danışıqlara başlamaq üçün əsas ola biləcəyinə inanır.
Belə hərtərəfli sülh razılaşması hər bir addımın növbəti addıma yol açacağı və vaxt cədvəlinə əsaslanacağı və əvvəlki elementlərə imkan yaradacağı formada praktiki tədbirlərin həyata keçirilməsini ehtiva edəcəkdir. Buraya qoşunların Dağlıq Qarabağ ətrafındakı yeddi rayondan çıxarılması, əhaliyə təhlükəsizlik zəmanətinin verilməsi, sərhədlərin, eləcə də kommunikasiyaların yenidən açılması və erməni və azərbaycanlı icmalarının bir-birinə tədricən daha da yaxınlaşdırılması ilə müşayiət olunan bütün müqabil etimad və təhlükəsizlik quruculuğu tədbirləri daxil olacaqdır. Bu addımlar hər iki tərəfin narahatlıqlarını və maraqlarını nəzərə almağa imkan verərək, onları beynəlxalq ictimaiyyət tərəfindən mütəmadi əsasda monitorinq olunan, qiymətləndirilən və istiqamətləndirilən vahid davamlı prosesə daxil edəcəkdir.
Əminliklə deyə bilərik ki, regionda sülh, təhlükəsizlik və davamlı inkişafa ən böyük hədə Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın hərbi qüvvələrinin mövcudluğudur. Qəti şəkildə inanırıq ki, münaqişə zonasının hərbsizləşdirilməsi bütün mümkün istiqamətlər üzrə daha çox təmas üçün imkan verəcək, tərəflər, eləcə də Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun hər iki icması arasında daha çox etimad yaradacaq və regiondakı gərginlik ilə bərabər hərbi ritorikanı da azaldacaqdır.
Mən Ermənistan rəhbərliyini danışıqlarda irəliləyişə nail olmaq məqsədilə konstruktivlik nümayiş etdirməyə və Minsk qrupu ilə birlikdə hərtərəfli sülh razılaşması üzrə əsaslı danışıqlara başlamaq üçün razılığını verməyə çağırıram.
Təşəkkür edirəm.